Dünyada qəribə iqtisadi durum yaranıb, daha böyük böhranın əsası qoyulub: Pandemiya zamanı dünya ölkələri, əsas da ABŞ, toplamda bazara 17 trilyon dollar pul səpdi ki, iqtisadi durğunluğun qarşısını alsın. Bu vəsait dünyanın 1 illik ÜDM-nin 22%-nə yaxın idi, çox böyük məbləğdir.
Azadmedia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli hazırda dünyada baş verən iqtisadi dalğalanmaları şərh edərkən deyib.
O bildirib ki, həmin vəsaitin böyük bir hissəsi, çox təəssüf ki, iqtisadiyyatın real seqmentinə getmədi, birja spekulyasiyalarına, mənasız aktivlərin qiymətinin artmasına və güclü inflyasiyaya səbəb oldu:
“Son 1 ildə dünya ölkələri inflyasiya ilə boğuşur, ABŞ və AB ölkələrində son 30 ilin ən yüksək inflyasiya rəqəmlərini görürük – likvidlik bolluğu, “helikopter pullar” qiymət artımına güclü təkan verdi.
Təsəvvür edin ki, 2019-cu il sentyabr ayında Əpl (Apple) şirkətinin kapitalizasiyası tarixdə ilk dəfə 1 trilyon dollar oldu. Bu rəqəmə Əpl şirkəti 43 ilə çatdı, 1976-ci ildə əsası qoyulan şirkətin dəyəri 2019-cu ilin sentyabr ayında 1 trilyon dollar oldu. Likvidlik bolluğu 2020-ci ilin ilk rübündən başladı və bu gün Əpl şirkətinin bazar dəyəri 3 trilyon dolları keçib – bunu normal iqtisadi qanunlarla izah etmək olmaz, bu, sırf likvidliyin sterilizasiyası kimi anlaşılmalıdır. Kriptovalyutalar kimi spekulyativ aktivlərin də son 2 ildə kəskin bahalaşması məhz likvidlik bolluğu və strelizasiya ilə əlaqədardır”.
Ekspert bildirib ki, daim “göydən pul səpmək”, likvidliyi daim artırmaq olmaz:
“FES son toplantısında elan etdi ki, likvidlik proqramını azaldır, hətta 2022-ci ildə 3 toplantıda uçot dərəcəsini artıracaq. Yəni ABŞ likvidliyi azaldır, pulları bazardan geri yığır, bununla da inflyasiyanı cilovlamaq istəyir. ABŞ bu addımı atan kimi Avropa Mərkəzi Bankı, Yaponiya və Çin mərkəzi bankları da eyni addımı atacaq. Bu nə deməkdir? Bəli, dünyada likvidlik azalacaq, aktivlərin dəyərləri kəskin enməyə başlayacaq, növbəti iqtisadi böhran qapını döyəcək. Bunun da mənası odur ki, dünyada çoxsaylı müflisləşmə, aktivlərin ucuzlaşması nəticəsində böhranın dərinləşməsi baş verəcək. Uzun sözün qısası, dünya yeni iqtisadi böhrana “hamilədir”, təəssüf ki, bu böyük müharibələr riskini də artırır”. (Axar.az)