Məşhur Məmmədov,
Milli Məclisin deputatıTəəssüflə qeyd etməliyəm ki, martın 10-da Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib. Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin tamamilə yalan məlumatlarına əsaslanan, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan bu qətnamə eyni zamanda özündə bir sıra təhlükəli məqamları ehtiva etməklə bəşəriyyətin dini, irqi ayrı-seçkiliyin və dözümsüzlüyün aradan qaldırılması səylərinə də kölgə salır.
Avropa Parlamentinin qətnaməsi qeyri-obyektivlik sərgiləyərək Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar edir.
Hazırkı qətnamə nəinki beynəlxalq humanitar hüququn prinsiplərinə, eyni zamanda mədəni və dini abidələrin dağıdılmasına qarşı Avropa İttifaqının özünün qəbul etdiyi prinsiplərə də ziddir.
Qətnamədə ən böyük qərəz Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci ilin dekabr qərarının mahiyyəti təhrif edilərək, bütövlükdə Ermənistan tərəfindən Məhkəmə qarşısında qaldırılmış, lakin rədd edilmiş iddialara istinad edilməsidir.
Ümumiyyətlə, Avropa Parlamenti qərəzdən əl çəkib, artıq bir sıra faktları qəbul etməlidir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli Ordusu 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğalına son qoyub və ərazi bütövlüyümüzü bərpa edib. İndi Azərbaycan postmünaqişə dövründə geniş bərpa-quruculuq mərhələsinə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərdəki bütün dini, mədəni abidələrə, o cümlədən xristian irsinə aid abidələrə dəymiş ziyanın müəyyən edilməsi, faktlaşdırılması və onların bərpası üzrə praktiki addımlar atılır.
Azərbaycan ərazisində bütün dinlərin məbədləri, bütün mədəniyyət abidələri dövlət tərəfindən qorunur və bərpa olunur.
Avropa Parlamentinin bu qətnaməsi Azərbaycan xalqının yüksək milli, mənəvi və mədəni dəyərlərinə kölgə sala bilməyəcək adi bir kağız parçasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.