AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə çıxış etdi

  • + A
  • - A
  • 27-05-2022, 12:07

    Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə çıxış etdi

    Azadmedia.az Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 27 may 2022-ci il tarixli iclasında çıxışını təqdim edir:

    Hörmətli həmkarlar!
    Ötən günlərdə Milli Məclis böyük bir beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Bununla yanaşı, parlamentdə bir sıra mühüm görüşlər də keçirilmişdir. İclasa başlamazdan öncə mən bu barədə sizə qısa məlumat vermək istəyirəm.
    Bildiyiniz kimi, mayın 17-də Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı olmuşdur. Konfransda Parlament Assambleyasına sədrlik Pakistan Milli Assambleyasından Azərbaycan Milli Məclisinə təhvil verilmişdir.
    Qeyd edim ki, Konfransın mövzusu “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” idi.
    Konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri – Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf, Tacikistan Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Özbəkistan Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov, İran İslam Şurası Məclisi sədrinin birinci müavini Əli Nikzad, Qazaxıstan Məclisi sədrinin müavini Balaim Kesebayeva, Qırğızıstan Joqorku Keneşi sədrinin müavini Ulan Primov, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri post-pandemiya dövründə Assambleya üzvü olan ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, turizm sahələrində qarşılıqlı surətdə faydalı əməkdaşlığı genişləndirməyin zəruri olduğunu söylədilər, mövcud problemlərin həlli ilə bağlı parlamentlərin üzərinə düşən vəzifələrdən danışdılar.
    Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının yüksək səviyyədə təşkil olunduğu və region ölkələrinin bütün sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığının daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.
    Hörmətli həmkarlar!
    Onu da qeyd edim ki, Konfransın yekunu kimi Bakı Bəyannaməsi imzalandı. Bu sənədin müddəaları təşkilat üzvlərinin bölgədə iqtisadi və sosial inkişafın təmin edilməsində, inteqrasiya və əməkdaşlıq proseslərinin inkişafında parlamentlərin rolunu daha da gücləndirmək əzmində olduqlarını bir daha nümayiş etdirir. Sənəddə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə münasibəti ilə Azərbaycan təbrik edilir və bu qələbənin regionda davamlı sülh və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur.
    Eyni zamanda, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və minalardan təmizləmə işlərinin aparılmasında göstərdiyi səylərin dəstəklənməsinə çağırış səsləndirilir.
    Bakı Bəyannaməsinin mühüm müddəalarından biri də Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm hissəsi olacaq və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də faydalanacağı yeni regional nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizinin açılmasına güclü dəstək nümayiş etdirilməsidir.
    Hörmətli həmkarlar!
    Konfransın iştirakçısı olan parlament nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər də keçirilmişdir. Türkiyə, Pakistan, Özbəkistan, Tacikistan, Qırğızıstan, İran və Qazaxıstanın parlament sədrləri və sədr müavinləri, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının və Parlament Assambleyasının Baş katibləri ilə aparılan söhbətlərdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının fəaliyyətinin gücləndirilməsi və üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
    Hörmətli həmkarlar!
    Üçüncü Ümumi Konfrans ilə əlaqədar keçirilən mühüm tədbirlərdən biri də parlament nümayəndə heyətlərinin mayın 18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri olmuşdur.
    Mən hesab edirəm ki, hörmətli qonaqların Füzuli Beynəlxalq Hava Limanına getməsi, daha sonra Şuşa şəhərinin müxtəlif mədəni, dini və tarixi abidələrini seyr etməsi, eləcə də şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olması onların ölkəmiz və xalqımız barədə təsəvvürlərini daha da zənginləşdirmişdir.
    Hörmətli həmkarlar!
    Xatırladım ki, bu ilin fevral ayında mənim rəhbərliyimlə Milli Məclisin nümayəndə heyəti Estoniyada rəsmi səfərdə olmuşdur. Parlamentlərarası əlaqələrin inkişafında növbəti addım kimi mayın 23-dən 25-dək Estoniya parlamentinin sədri Yüri Ratas və başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər etmişdir. Rəsmi səfər çərçivəsində keçirilən görüşlərdə qeyd olundu ki, Azərbaycan və Estoniya dost və tərəfdaş ölkələrdir və iki ölkə arasında münasibətlərin inkişafında parlamentlər mühüm rol oynayırlar. Bildirildi ki, parlamentlərimizin birgə əməkdaşlığının daha da gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
    Bunu da qeyd edim ki, səfər çərçivəsində Estoniya parlamentinin sədri Yüri Ratas və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşada da olmuşdur.
    Hörmətli həmkarlar!
    Bildiyiniz kimi, mayın 22-də Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin 7-ci üçtərəfli iclası keçirilmişdir. Mayın 23-də mən Milli Məclisdə iclasın iştirakçıları ilə görüşdüm.
    Mən bu barədə çox danışmaq istəmirəm. Hörmətli Səməd Seyidovdan xahiş edəcəyəm ki, həmin tədbirlə bağlı qısa bir məlumat versin.
    Hörmətli həmkarlar!
    Bir məqamı da qeyd edim ki, mayın 25-də mən “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması” mövzusuna həsr edilmiş konfransın iştirakçıları ilə görüşdüm. Bu haqda da çox danışmayacağam.
    Xahiş edəcəyəm ki, hörmətli Zahid Oruc bu barədə qısa məlumat versin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR