Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub.
Azadmedia.az xəbər verir ki, ADNSU-nun rektoru Mustafa Babanlı qeyd edib ki, ADNSU-nun iki sinif otağı və mühazirə zalına türkiyəli şəhid professor İlhan Varank və Erol Olçokun adları verilib.
Belə ki, açılış mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Prof.Dr. Mustafa Babanlı, 15 iyul şəhidi Erol Olçokun qardaşı Cevat Olçok, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, KKTC Bakı Nümayəndəsi Mustafa Kamal Beyazbayram, TÜRKPA baş katibi Mehmet Süreyya Er, Türkiyə Respublikası İctimai Baş müfəttişi Şeref Malkoç, universitetin akademik heyəti və media nümayəndələri iştirak edib.
Universitetin Rektoru II Qarabağ müharibəsində ADNSU-nun 23 tələbəsinin şəhid olduğunu xatırladıb.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank qeyd edib ki, İlhan Varank onun qardaşıdır: “Qardaşım öz həyatını türk gənclərinin yaxşı gələcəyi üçün qurban verdi”.
Nazir Bakıda keçirilən “Teknofest Azərbaycan” festivalının əhəmiyyətinə də toxunub və əlavə edib ki, festival gənc nəslə texnoloji sahədə olan yenilikləri öyrədəcək: “İki ölkə qardaşlığı bununla daha da güclənmiş olacaq. Bu kimi geniş tədbirlərlə türk dövlətlərinin gücünü bütün dünyaya göstərmiş oluruq. 15 iyul çevrilişində bizim yanımızda olduğunu bildirən ilk dövlət məhz Azərbaycan oldu. Biz də Türkiyə olaraq daim qardaş ölkənin yanındayıq. Bir hər zaman uğruna fəda ediləcək vətənin
nə demək olduğunu bilən nəsillər yetişdirəcəyik.”
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib ki, Türkiyə haqlı davasında Azərbaycanın yanında və arxasında olan ilk dövlət olub. O qeyd edib ki, 15 iyul şəhidlərinin adlarının Azərbaycanda yaşadılması dəyərli və mənalıdır. Bu gün açılışı olan mərkəz bir millət, iki dövlət anlayışını daha da gücləndirmiş olacaq. Bu vətən, Türkiyə və Azərbaycan şəhidlərinin əziz xatirələrini qoruyan və sahib çıxan insanların sayəsində ayaqdadır.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyəsi təqdim olunub.
Ülkər Piriyeva