AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nurəddin ƏDİLOĞLU təqdim edir: DAĞLAR YIXILDIĞI ZAMAN...

  • + A
  • - A
  • 11-06-2022, 11:29

    Nurəddin ƏDİLOĞLU  təqdim edir:  DAĞLAR  YIXILDIĞI  ZAMAN...


    “Zənginlərin var-dövləti okeanlara sığmaz, kasıbların yoxsulluğu okenda yer tapmaz!”
    Çingiz Aytmatovun son romanından


    ...Dünya yaranandan üzü bəri “dağların yıxıldığı zaman” olubmu? Bəs görəsən ədəbiyyat aləminin karifeylərindən olan Çingiz Aytmatov niyə son romanını “Dağlar yıxıldığı zaman (Əbədi Gəlin)” adlandırıb? 2005-ci ildə Bürüsseldə rus dilində yazıb-tamamladığı bu əsər 2006-cı ildən başlayaraq Moskvada üç - dörd il dalbadal yüksək tirajla nəşr olundu. Sonra qırğızcaya, türkcəyə və başqa dillərə çevrildi. Bu son romanı ilə ədib sanki yer aləminə - fani dünyaya vida ismarcı verir. Çünki əsərin baş qəhrərmanı, müstəqil jurnalist, həqiqət aşiqi Arsen Samançin hardasa Çingiz Aytmatovun özüdür elə... Son müsahibələrinin birində bu əsər haqqında müəllif özü belə deyib: “...romanda yenidənqurmadan sonrakı qloballaşmanın konkret insanların həyatına necə təsir etdiyini, bizi necə dəyişdiyini göstərməyə cəhd etmişəm...”
    Fəlsəfi - publisistik, bədii - etnoqrafik uslubda qələmə alınmış romanın əsas sujet xəttını Əbədi Gəlin haqqında qədim qırğız əfsanəsi təşkil edir. Ç. Aytmatov bu əfsanənin məğzini belə izah edirdi: “...Əbədi gəlin sırf mifoloji qəhrəmandır. 200-300 il keçməsinə baxmayaraq, iftira atılmış qız hələ də dağlarda dolaşır və sevgilisinin həsrəti ilə yanır, ona olan sədaqətini anlatmağa və sübut etməyə çalışır. Mənə görə bu əfsanənin simvollaşdırdığı tək bir dəyər var: Eşq - insanın sahib olduğu ən uca dəyərdi..."
    Çingiz Aytmatovun fikrincə, mif öz-özlüyündə xalq düşüncəsinin gücünü əks etdirir və hər dəfə ona müraciət etdikdə, biz elə bil ki, müasir insanın daşıdığı hər hansı bir keyfiyyətin tarixi kökünə qayıdırıq. Manqurtu yadınıza salın. İndi bu obraz öz-özünü tərk etmiş minlərlə insanın ümumiləşdirilmiş adına çevrilib. Fəqət ədib bu fikri də xüsusilə vurğulayır ki, miflərə nə qədər meyl etsək də, bilməliyik ki, ədəbiyyatın əsas predmeti insandır.
    Əsərdə Arsen Samançin və Əbədi Gəlin obrazı ilə yanaşı öz sürüsündən qovulmuş Jabbars adlı Qar Bəbirinin hekayəti də diqqəti cəlb edir. Jabbars ovunun üstünə ox kimi şığıdığına görə “Ox-bəbir” mənasındadır. Fəqət dişisi əlindən alınmış bu qar bəbiri öz sürüsündən qovulandan sonra uca dağların zirvəsinə çəkilir...
    Müəllif yenidənqurmanın “azmış durnası” kimi təqdim etdiyi Arseni də Jabbarsla (cəmiyyətlə təbiəti, insanla heyvan həyatını) paralel təsvir edir. Arsen nə vaxtsa Qorbaçovla eyni “durna qatarında” uçmuşdu, çalışdığı “Ruhaniyyət” qəzetində hamını sosializmin mənən yeniləməsinə çağırmışdı. Аmma artıq nə Qorbaçov vardı, nə o durna qatarı... “Azmış durna” da indi mənəvi azadlıqan dəm vurur, meloman kimi musiqini bəşərin ali azadlığı və gözəlliyi sayır. Aydana adlı opera müğənnisinə aşıq olan Arsenin ən böyük arzusu uşaq vaxtı eşitdiyi Əbədi Gəlin əfsanəsini opera səhnəsinə qoymaq və Aydananı bu operada əsas rolda görməkdən ibarətdir. Amma müğənni qız asan şöhrət yolunu seçir və səsli-küylü restoranda, stadionda oxumaqla pop ulduzu olur. Beləliklə, sevgilisi Arsenin arzusunu - “Əbədi Gəlin”i roka, yüngül estradaya qurban verir. Üstəlik meylini pul qazanmağın yolunu bilən Ertaş Kurçalova salır.
    Arsen “Aya” dediyi Aydanadan və onu yoldan çıxaran Ertaş adlı pop - prodüserindən intiqam almaq üçün çıxış yolu axtarır: “Sevmək və öldürmək!” Sevgisi və nifrəti içini didib-dağıdan Arsenə rahatlıq verməsə də, humanistliyi son anda onu qan tökməkdən, qisas almaqdan çəkindirir. Arsen üçün mənəvi dəyərlərini itirmiş Ertaş və Aydana kimiləri zatən ölü hesab olunur... Əmisi Bektur Ağanın ingilis dilini bildiyinə görə Arsenə Tyanşan dağlarına bəbir ovuna gələn iki ərəb şahzadəsinə tərcüməçilik etmək təklifi ona şəhər mühütindən, “daxili tənhalıq”dan azca da olsa, uzaqlaşmaq şansı verir. Lakin müəllifin öncədən qeyd etdiyi kimi, “Taleyin sirr olması özü bir taledir.” Əmisi ilə söhbət zamanı pəncərədən içəri soxulan qaranquşlar sanki onu irəlidə gözləyən uğursuzluqdan xəbərdar etmək istəyirlər. Beləliklə, əsərin qəhrəmanı kapitalist mühitinin, bazar münasibətlərinin sərt qaydaları ilə üzləşir. Əslində müəllif oxucunu Sovet İttifaqı süqut edəndən sonra dağlar qoynundakı kənddə, aulda baş verən əxlaqi deformasiyalarla tanış edir. Burada qloballaşma varlılar və kasıbları üçün fərqli anlam daşıyır.
    “Təbiətdən ayrılmış sivilizasiya ana döşündən qoparılmış südəmər kimidir” (R. Ulusel) Fəqət, bu romanda sivilizasiyanın, qloballaşmanın həm təbiətlə, həm də cəmiyyətlə ziddiyyətini görürük. Sanki zəngin ərəb neft maqnatları təbiətə - onun qoynunda yaşayan vəhşi heyvanlara meydan oxumaqdan həzz alırlar. Sərvət hərisliyinə düçar olmuş insanların arasında Arsenin sinif yoldaşı Taştanəfqan da var. O Əfqan müharibəsində iştirak etdiyinə görə bu ləqəbi almışdır. Əslində daşürəkli bu adamın niyyəti Arsenin vasitəsi ilə ərəb şahzadələrini mağaraya salıb girov götürmək, azadlıqları üçün 20 milyon dollar pul tələb etməkdir.
    Məktəbə göndərmək üçün övladlarına ayaqqabı ala bilməyən bu adam Arseni ərəb milyonçularını tələyə salmaqdan imtina etdiyi şəkildə öldürməyə belə hazırdır. Burada müəllif qloballaşan dünyada insanlığın faciəsini oxucunun gözü önündə dolğunluqla canlandırır, “Hər şeyi satışa çıxaran” cəmiyyətin ta bu günlərəcən davam edən dramını ustalıqla qələmə alır.
    Arsen də asan yolla pul qazanmağı düşünürdü. Niyə? Çünki Aydananı onun əlindən alan prodüseri öldürmək üçün ona tapança lazım idi. Ov üçün ərəb ölkələrindən gələn iki şahzadəyə tərcüməçilikdən əldə edəcəyi pul tapança almağa bəs edərdi. Lakin ərəb milyonçularına tərcüməçilik etmək məqsədi ilə aula gələn Arsenin Eleslə görüşü ona yaşamaq-yaraymaq, həyata bağlanmaq həvəsi verir.
    “Əbədi gəlin” əfsanəsi Eleslə Arsenin simasında tamamlanır. Sanki dağlar da onların məhəbbətini gözləyirmiş. “Əbədi gəlin onların xoşbəxtliyini qəlbi ilə hiss edərək bir dağdan digərinə uçub onlara doğru gəlir, Elesin gitaranın müşayiəti ilə oxuduğu mahnın dağın zirvəsində dayanaraq dinləyir: “Mən də bunu arzulayırdım. Hardasan, hardasan mənim ovcum? Səni nə zaman tapacağam”, - deyərək ağlayırdı...”
    Lakin ümidlərin də dağlar kimi yıxıldığı zaman olur. Bəzən adama elə gəlir ki, müəllif əsərin adını “Dağlar yıxıldığı zaman” qoyanda SSRİ-nin süqutunu nəzərdə tutub, xalqların bitib - tükənməyən yeni qayğılarını öz sevgilisini axtaran Əbədi Gəlinin iztirablarına bənzədir!.. Sosializmdən kapitalizmə “keçid” sovet cəmiyyətində yaşayan xalqlara nə verdi? Əsərdə yazıldığı kimi, hər şeyin alınıb-satıldığı bazar münasibətlərini, biznes dünyasının acımasızlığını, qəddarlığını. Hər yerdə - o cümlədən qırğızlarda da “könüllü şəkildə öz ruhunu satan”, işsizlikdən əziyyət çəkən adamların pul qazanmaq, kasıbçılığdan yaxa qurtarmaq naminə cinayət etməyə, terror törətməyə hazır olmalarını... “Zənginlərin var-dövləti okeanlara sığmaz, kasıbların yoxsulluğu okenda yer tapmaz!”
    Zamanə dəyişmişdi. Əgər keçmiş vaxtlarda gözəl qadını atın yəhərinə oturdub qaçırırdılarsa, indi belə qadınların başına dollar səpmək kifayət edirdi ki, özləri istədiyin yerə getsin... Müstəqil jurnalist Arsen Samançin bütün bunları görür, duyur, dərk edir. Amma təkbaşına cəmiyyətdə baş verən naqisliklərə qarşı mübarizə aparmaq iqtidarında deyil. Üzəngili dağlarda məskən salan qar bəbirlərinin ərəb şahzadələri tərəfindən ovlanmasını da öz vicdanına sığışdırmır... Arsen - baş verəcək fəlakətlər qarşısında təkbaşına qalan insan obrazıdır...
    O, yolunu azmış insanları düz yola, həqiqətə çağırır. Ancaq harın ərəb şahzadələrinə meqafonla: “Qar bəbirlərindən əl çəkin!.. Mən sizə bizim heyvanları məhv etməyə imkan vermərəm..” deyə səslənməsi Arsenin həm yaxınları, həm də gəlmələr tərəfindən fiziki ölümünə səbəb olur... Beləliklə o, ərəb şahzadələrinin ovlamaq istədiyi Jabbars adlı bəbirlə eyni mağarada can verir.
    Hər iki canlının Molotaş mağarasında can vermələrini müəllif belə təsvir edir: “Bu vəhşi heyvan həyatının son günlərində taleyini bir insanla paylaşacağını isə təxmin belə edə bilməzdi... Halbuki bu qarşılaşma onun alın yazısı idi. Yenə taleyin oyunu... Can verən iki canlı: insan və vəhşi heyvan. Hər ikisi də bu dünyada yolunu eyni şəkildə başa vururdu... Onları yaralayan silahların təsadüfən, ya da nişan alınaraq atıldığını, güllənin nə üçün və kim tərəfindən atıldığını kim araşdıracaqdı ki? İndi, əbədiyyətə qovuşduqları vaxt bunların heç bir önəmi yox idi...”
    Arsen ölüm ayağında Əbədi gəlinin uzaqdan gələn səsini duyur: “Hardasan, hardasan, ovcum mənim?” O da güclə pıçıldadı: “Əlvida, biz bir daha görüşməyəcəyik...”
    Əsərin əsas hissəsi tragik sonluqla bitsə də, Çingiz Aytmatov “Əbədi Gəlin”i nikbin ruhda qələmə alıb. İnsan Yaradanın sonsuz naxışlarla xəlq elədiyi varlıqdır. Müəllif gerçəkliyin mayasından yaranan Taleyin ədalətinə inanır. Onun qənaətinə görə, dünya harmoniya üzərində bərqərardı, burada təsadüfü heç nə olmur. Əsərdə etnoqrafik, epik boyalarla verilmiş təsvirlərdə, dünyanın öz yerində olmasının vacibliyi vurğulanır. Dağ obrazı Çingiz Aytmatovun bu romanında həm də taleyin rəmzi kimi təsvir olunur. Tyanşan - qədim türk dilində tanrı dağları deməkdir. Əsərdə dağların zirvəsi əbədiliyin, ucalığın, əbədi gəlin haqqında əfsanə isə saflığın, sədaqətin, dürüstlüyün simvoludur. "Taleyin nələr edə biləcəyini bilmək çətindir, belə olub, əbədiyyətə qədər belə olacaq və bunu dəyişdirmək mümkün deyil...” Romanda qloballaşma çağının problemləri, cəmiyyətin və təbiətin tükənməyən dərd-səri istər-istəməz “Dərdimi dağa desəm, dağ əriyər” məsəlini yada salır.
    Bir çoxları elə düşünür ki, bu əsəri Aytmatov Nobel mükafatı almağa görə qələmə alıb, amma romanda sövet dönəmində yaxşı yaşamış bütün müasirləri kimi onun “dağ boyda” SSRİ-nin çöküşünə sanki təəssüfü hiss olunur. Totalitarizmdə köləlik əleyinə mübarizə aparan mətbuatın sonralar bazar iqdisadiyyatının köləsinə çevrilməsini emosionallıqla qələmə alan müəllif oxucu ilə dərdləşir: “Yayda səmadakı ulduzlar, insana, daha çoxmuş kimi görünür. Keşkə həyat da belə olsaydı. İşıq saç və başqa dərdin olmasın."
    Romana epiloq əvəzi yazılmış “Öldürməli… Ölməli…” hekayəsi Arsen Samançinin ölümündən sonra onun adından təqdim olunur. İkinci Dünya müharibəsində bir əsgərin başına gələn əhvalatın sanki əsərə heç bir dəxli yoxdur. Amma bu hekayədə müharibə, insanın ona və çevrəsində baş verənlərə münasibəti, həyat həqiqətləri bütün detalları ilə təsvir olunur. Aytmatov Elis Jabbasovanın dili ilə epiloqda sevgilisi Arsenin "Əsərin nəşrini görəmədiyi üçün məyus olduğunu” bildirir: “Oxucular isə hər zaman var, yazıçı hayatda ikən də, o öldükdən sonra da..."
    Bəli, Aytmatovun son romanında yazdığı yekun fikir budur. Bu fikri elə ədibin özünə şamil etmək olar. Çünki sağlığında olduğu kimi, ölümündən sonra da Çingiz Aytmatova dünyanın dörd tərəfində əsərləri maraqla oxunan yazıçı xoşbəxtliyi nəsib olmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR