Bakıda bir qrup müəllim
Azadmedia.az vasitəsilə sertifikasiyanın ləğvi xahişi ilə Prezident İlham Əliyevə müraciət edib. Müraciəti imzalayan müəllimlər pandemiyanın və müharibənin müəllimlərin psixologiyalarından yan keçmədiklərini vurğulayaraq bu və digər səbəbdən sertifikasiyanın məcburi deyil, könüllü keçirilməsini xahiş edirlər. Diaqnostik qiymətləndirmədən keçdiklərini deyən müəllimlər sertifikasiyaya xərclənən pulların keyfiyyətli dərsliklər tərtib edilməsinə yönəldilməsini, dərsliklərin keyfiyyətsiz və çətin dildə yazıldıqlarını bəyan edirlər. Rusiya və Türkiyədə işləyən müəllimləri onlara misal çəkənlərə də müəllimlər cavab olaraq bildiriblər ki, Rusiyada müəllimlər əmək fəaliyyətindən 25 il sonra təqaüdə göndərilir. Türkiyədə isə müəllimlər yüksək maaş və imtiyazlara malikdirlər. Müəllimlər sertifikasiyadansa təlimlərə cəlb olunmalarını, yaxud müəllimlərin təqaüdə erkən göndərilməsi məsələsinə baxılmasını xahiş edir. Təsəvvür edin, 55 və daha yuxarı yaş üstü müəllimlər sertifikasiyadan keçə bilməsə, 1 il möhlət verilir. Əgər yenə eyni hal olarsa, müəllimin əmək fəaliyyətinə xitam verilir. Pensiya yaşına 5-10 il qalmış müəllimlər dərsdən kənarlaşdırılsa nə edəcəklər? İllərini xalqın balalarına təhsilə, təlim-tərbiyəyə həsr etmiş müəllimlər belə sonluqla işdən ayrılmağa layiqdirlərmi? Hər zaman cənab Prezidentin humanistliyinə güvənən, fəaliyyətləri boyu dövlətin və dövlətçiliyin təbliğində fəal iştirak edən müəllimlər xahişlərinə müsbət reaksiya veriləcəyinə ümid etdiklərini bildiriblər. Müəllimlərin məktubunu imzaları ilə təqdim edirik.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.