“Londonda Azərbaycan səfirliyinə qarşı baş verən insident radikal dini qrup üzvləri tərəfindən diplomatik nümayəndəliyə qarşı edilən hücumdur, təxribatdır və bu hadisə diplomatik nümayəndəliyimizin təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirir”.
Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva belə bəyanatla çıxış edib.
Birləşmiş Krallığın Avropa üzrə naziri Qraham Stüart Azərbaycan Respublikasının bu ölkədəki səfiri Elin Süleymanovla görüşüb. Görüş zamanı Londonda Azərbaycan səfirliyinə olan hücumu ilə bağlı dərin təəssüf hissi keçirdiklərini, bu ölkədəki diplomatik heyətin təhlükəsizliyinə böyük əhəmiyyət verdiklərini bildirib, həmçinin fikir azadlığının dinc yollarla ifadə edilməsinin tərəfdarı olduqlarını söyləyib.
Leyla Abdullayeva qeyd edib ki, diplomatik nümayəndəliklərin, o cümlədən diplomatların təhlükəsizliyi beynəlxalq öhdəliklərə uyğun olaraq ev sahibi ölkəsi tərəfindən təmin edilməlidir. “Bununla əlaqədar olaraq, Britaniya nazirinin diplomatik heyətin təhlükəsizliyini prioritet məsələ kimi qeyd etməsi əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.
XİN rəsmisi “fikir azadlığının ifadə edilməsinə” mövqeyinə də münasibət bildirib:
“Londondakı səfirliyimizə hücumla heç bir əlaqəsi olmayan bu prinsipin azad cəmiyyətdə tətbiq edilməsi qaydalarına yəqin ki, qədim Qərb demokratiyası olan Britaniyanın müvafiq qurumları yaxşı bələddirlər. Əks təqdirdə, hər hansı radikal və qeyri-qanuni addımın “azadlıq” pərdəsi altında şərh edilməsi ölkə təhlükəsizliyinə ciddi problemlər yarada bilər.
Öz tərəfimizdən, Londondakı səfirliyimizə qarşı təxribatın ətraflı şəkildə araşdırılacağını və bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik”.
Xatırladaq ki, avqustun 4-də “Mehdinin xidmətçiləri” təşkilatının üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.