XX əsrin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən biri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Tanrı onu Azərbaycan xalqına xilaskar kimi göndərmişdi. O həm Sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük işlər görmüşdür. İllər keçsə də Azərbaycan xalqı onun bu böyük xidmətlərini heç zaman unutmayacaq.
Ümmumilli Lideri Heydər Əliyevin həyat tarixçəsinə nəzər saldıqda onun Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynadığının şahidi oluruq. Məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərimin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bütün bu addımlar strateji düşüncə və böyük uzaqgörənliklə atıldı. Azərbaycan xalqı bu uzaqgörən siyasətin bəhrəsini növbəti illərdə daha çox görəcəkdi və gördü də.
Sovet hökumətinin süqutundan, Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkəmizdə din sahəsində yeni bir mərhələ başladı. Sovet dönəmində ayrı-ayrı dinlərin ölkəmizdə sərbəst yayılması, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı. Uzun illər bağlı qalan ibadət ocaqları fəaliyyətini bərpa etdi, yeni məscid, kilsə və sinaqoqlar inşa olundu. Bir sözlə dini icmaların sərbəst fəaliyyəti üçün dövlət hər cür şərait yaratdı.
Bu dövrdə dini etiqad azadlığı üçün yaradılan sərbəst şəraitdən, uzun illər tətbiq edilən qadağalar səbəbindən əhalinin dini biliklərinin zəif olmasından istifadə edən radikal dini təriqətlər öz təlimlərini yaymaq üçün fəal təbliğata keçdilər. Tərəfdarlar toplamaq və təsir dairələrini genişləndirmək məqsədilə müxtəlif üsullardan istifadə etdilər. Nəticədə ölkədə dini durumda ciddi dəyişikliklər müşahidə olunmağa başaladı.
Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdığı dövrdə ölkəmizdə bir çox sahələrdə olduğu kimi, dini fəaliyyət sahəsində də ciddi gərginlik müşahidə olunurdu. O siyasi hakimiyyətə gəldikdən sonra din sahəsində gərginliyin azaldılması, dini durumun sabitliyinin qorunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. O bütün bu işləri böyük zərgər dəqiqliyi ilə gördü.
Məhz Ulu Öndər Heydər Əlyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar daxil edildi. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, qonşu dövlətlərdən fərqli olaraq ölkə konstitusiyasında bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın vicdan və etiqad azadlığının olduğu xüsusi vurğulandı. Bu müdrik və uzaqgörən yanaşma özünü 1996 və 1997-ci illərdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa həmin dövrdə edilən mühüm dəyişikliklərdə də açıq göstərdi. Beləliklə, Azərbaycanda dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə, dini icmalara qayğısı daha da artdı.
Ulu Öndər Heydər Əliyev məhz bu prinsiplərdən çıxış edərək ölkəmizdə dini ibadət ocaqlarının inşasına, təmir və bərpasına da xüsusi önəm verdi. Onun həmin dövrdə din sahəsində verdiyi ilk önəmli qərarlardan biri Bibiheybət məscidinin təmir və bərpası ilə bağlı oldu. Məlum olduğu kimi, Azərbaycan xalqının yaddaşlarında xüsusi iz buraxan bu ibadət ocağı sovet hakimiyyəti illərində güclü repressiyaya məruz qalaraq dağıdılmışdı. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə sözügedən ibadət ocağı qısa müddətdə yüksək səviyyədə təmir və bərpa olunaraq dindarların istifadəsinə verildi. Məscidin açılışında Heydər Əliyev özü iştirak edərək geniş və ətraflı nitq söylədi.
Heydər Əlyevin Azərbaycana rəhbərliyi dövründə atdığı ilk ən mühüm addımlardan biri də İslam dünyasının müqəddəs məkanlarının ziyarəti oldu. Onun Məkkə və Mədinə şəhərlərini ziyarət etməsi İslam dəyərlərinə bağlılığının və sadiqliyinin bariz göstəricisi idi. Ziyarət zamanı İslam dəyərləri haqqında söylədiyi yüksək fikirlər bunu bir daha təsdiq etdi.
Ümummilli Lider Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri Azərbaycanın müsəlman ölkələri ilə qarşılıqlı əlaqələrinin inkişafına və İslam dünyasına sürətli inteqrasıyasına da ciddi təsir göstərdi. Azərbaycan qısa vaxtda İslam Əməkdaşlıq Təşkilatının fəal və aparıcı üzvlərindən birinə çevrildi. Azərbaycanın bu ölkələr arasında nüfuzu daha da artdı.
Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri, Məkkə və Mədinə şəhərlərini ziyarət etməsi İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə görüşməsi müsəlman dünyasında Azərbaycana diqqət və marağı artırdı. Məh bu uzaqgörən siyasət nəticəsində bu qurum dəfələrlə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qətiyyətlə pisləyən bəyanatlar verdi, müsəlman ölkələrini ermənistanla əlaqə qurmamağa çağırdı. İslam Əməkdaşlıq Təşkilatı ermənistanı təcavüzkar dövlət Xocalı faciəsini soyqırım kimi tanıdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan müsəlmanlarının dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə də xüsusi önəm və dəstək verdi. Onun diqqət və qayğısı ilə bu qurumun fəaliyyəti daha da genişləndi, nüfuzu artdı və Qafqazda ən böyük dini mərkəzə çevrildi. Bu İdarənin siyasi rolunu və əhəmiyyətini dərk edən Ulu Öndər davamlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşər və dini məsələlərlə bağlı onunla davamlı məsləhətləşmələr aparardı.
Heydər Əliyev İslamın Qafqazda yayılmasının tarixinin öyrənilməsinə, bu sahədə tədqiqatların aparılmasına da xüsusi önəm verirdi. Onun diqqət və qayğısı ilə Bakıda dünyanın tanınmış müsəlman alimlərinin iştirakı ilə bir neçə mühüm beynəlxalq konfrans keçirildi və həmin tədbirlər böyük əks-səda doğurdu, Azərbaycana olan diqqəti daha da artırdı.
Belə mühüm tədbirlərdən biri 1998-ci ildə İslam dünyasının tanınmış İslam alimlərinin iştirakı ilə “İslam sivilizasiyası Qafqazda” mövzusunda keçirildi. Bakıda belə bir tədbirin keçirilməsi müsəlman dünyasında böyük əks-sədaya səbəb oldu, diqqəti Azərbaycana çəkdi.
Bu mötəbər tədbirdə Ümummilli Lider Heydər Əliyev islamın Qafqazda yayılmasının tədqiqi ilə bağlı mühüm tezislər irəli sürdü, bir sıra mühüm təşəbbüslər səsləndirdi “...Mən belə fikrə gəlirəm ki, Azərbaycan Qafqazda İslam sivilizasiyası araşdırmalarının mərkəzi ola bilər. Azərbaycanın buna haqqı da vardır... Əgər siz hamınız belə bir qərara gələ bilsəniz, Azərbaycanda bir mərkəz yaratmaq olar. Azərbaycan dövləti də buna himayəçilik edə, kömək göstərə bilər. Məhz hər halda Azərbaycanın timsalında demək istəyirəm ki, bu sahədə çox böyük işlər görülməlidir. Elmi tədqiqat üçün burada geniş imkanlar vardır”.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında digər bir mühüm xidməti müsəlman ölkələri ilə əlaqələrin inkişafı ilə bağlıdır. O hakimiyyət gəldiyi ilk günlərdən müsəlman ölkələri ilə qarşılıqlı əlaqələrin inkişafına xüsusi önəm verdi, bu istiqamətdə ciddi addımlar atdı. Azərbaycan qısa müddətdə İslam Əməkdaşlıq təşkilatında təmsil olundu, bu qurumun aktiv üzvlərindən birinə çevrildi.
Hələ Sovet dönəmindən Heydər Əliyev siyasi qabiliyyət və bacarığına görə müsəlman ölkələri tərəfindən İslam dünyasının böyük şəxsiyyətlərindən biri kimi qəbul edilir və hörmət olunurdu. O Moskvada çalışdığı illərdə hələ bir çox müsəlman ölkələrinin rəhbərləri ilə yüksək əlaqələr qura bilmişdi.
Məlum olduğu kimi, dini etiqad azadlığının təmin olunmasında və dini dözümlülük ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Bu reallığı nəzərə alan Ümummilli Lider Heydər Əliyev bütün dinlərin dəyərlərinə hörmətlə yanaşır, tolerantlıq ənənələrini möhkəmləndirir, dini ədavət və düşmənçilik çağırışlarının qarşısının alınması istiqamətində mühüm qərarlar qəbul edir, xalqlar, dinlər və sivilizasiyalararası dialoqun və əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirildi. Onun diqqət və qayğısı təkcə müsəlmanları deyil, Azərbaycanda yaşayan digər bütün dinlərin mənsublarını əhatə etdi, ölkəmizdə məscidlərlə bərabər sinaqoq və kilsələrin də bərpa və inşasına önəm verildi.
Belə mühüm görüşlərdən biri O 1999-cu il noyabrın 16-da Beynəlxalq Tolerantlıq Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə keçirildi. Bu görüşdə Ümummilli Lider Heydər Əliyev ölkəmiz üçün xüsusi önəm daşıyan bir sıra vacib məqamlara toxundu: “Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının – həm Azərbaycanlıların, həm rusların, həm ukrayınların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların – Azərbaycanda başlıca dinimiz olan İslam dinini, xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilmişdir”.
Ulu Öndər Heydər Əliyevin bilavasitə diqqət və qayğısı ilə 1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verildi. 2001-ci ilin may ayında bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfərə gəldi. Ölkəmizdəki toleranlıq mühitinə heyranlığını ifadə etdi: “Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkələrində belə yoxdur”.
1999-2001-ci ildə Bakıda digər pravoslav məbəd - Müqəddəs Məryəmin Miladı Baş kilsəsi bərpa olundu. 1998-ci ildə Azərbaycanda Bakı və Xəzəryanı ölkələrin bölgə yepiskopluğu yaradıldı, tərkibinə Azərbaycan ərazisindəki Pravoslav kilsələri ilə yanaşı, Dağıstan və Çeçenistan Respublikalarındakı Pravoslav kilsələri də daxil edildi. Bu Azərbaycanın dini fəaliyyət sahəsində növbəti böyük uğuru idi.
2003-cü ilin aprel ayında Ümummilli Liderimiz Heydər Əliyevin dəvəti ilə Rum patriarxı II Varfolomey dini durumla tanış olmaq, dinlərarası dialoqu inkişaf etdirmək məqsədilə Azərbaycana rəsmi səfərə gəldi, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icmalarının rəhbərləri ilə görüşlər keçirdi və ölkədə fəaliyyət göstərən ənənəvi və qeyri-ənənəvi konfessiyalar arasındakı mövcud münasibətləri yüksək qiymətləndirdi.
Məhz Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə 1999-cu ildə Azərbaycanda katolik icmasının fəaliyyəti ilə bağlı mühüm qərar qəbul edildi. Roma Katolik Kilsəsi dövlət qeydiyyatına alındı. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Nobel prospektində Roma Katolık Kilsəsi inşa olundu.
Eyni zamanda Roma Katolik Kilsəsinin başçısı II İohann Pavel Heyder Əliyevin dəvəti ilə 2002-ci ilin may ayında Bakıya səfərə gəldi, ölkədəki dini durumla tanış oldu, ictimaiyyətin nümayəndələri və din xadimləri ilə görüşlər keçirdi. Ölkədəki dini durumu və tolerantlıq mühitini yüksək qiymətləndirərək katolik icmasına yaradılan şəraitdən məmnunluğunu ifadə etdi. Sonrakı illərdə qarşılıqlı əlaqələr daha da inkişaf etdi.
Həmin dövrdə Azərbaycanda dini sahəsində qəbul edilən mühüm qərarlardan biri də 2003-cü ildə Azərbaycan hökumətinin böyük uzaqgörənliyi, diqqət və qayğısı ilə Alban-udi dini icmasının dövlət qeydiyyatına alınması oldu. 1836-cı ildə Rusiya sinodunun qərarı ilə Alban kilsəsi və katolikosluğu ləğv edilmiş, Alban məbədləri erməni apostol kilsəsinə verilmişdi. Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində yeritdiyi uğurlu və uzaqgörən siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını bərpa etdi. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olundu. Bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən Alban kilsə-muzeyidir. Bu kilsə 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verildi. Sonrakı illərdə həmçinin, Qəbələnin Nic kəndindəki Alban kilsələri bərpa olunaraq Alban-udi icmasına verildi.
Azərbaycanda yaşayan yəhudi icmaları da hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. 2001-ci ildə Azərbaycan hökumətinin nümayəndələrinin və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə yəhudilərin yığcam yaşadığı Qubanın Qırmızı qəsəbə adlanan ərazisində bərpa olunan sinaqoqun açılış mərasimi keçirildi.
2003-cü ilin mart ayında Bakıda Avropada ən böyük yəhudi sinaqoqu istifadəyə verildi. Açılış mərasimində dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən qonaqlar iştirak etdilər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası yaxından iştirak etdi. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun inşasında iştirakı və yardım göstərməsi dünyada analoqu olmayan tarixi hadisələrdəndir.
2003-cü ilin sentyabr ayında Bakıda «Or-Avner» Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başladı. Açılış mərasimində xaricdə yaşayan yəhudi icmalarının nümayəndələri, eləcə də Azərbaycan rəsmiləri iştirak etdilər.
Məhz o dövrdə əsası qoyulan və bu gün uğurla həyata keçirilən uzagörən siyasətin nəticəsidir ki, əgər Azərbaycanda dövlət müstəqilliyindən əvvəl 18 məscid mövcud idisə, hazırda ölkəmizdə 2166 məscid, 14 kilsə, və 7 sinaqoq fəaliyyət göstərir. Kilsələrdən 5-i pravoslav (Bakıda 3, Gəncə və Xaçmazda 1), 4-ü gürcü pravoslav (Qax rayonu), 1-i lüteran, 1-i katolik, və 2-si alban-udi dini icmasına məxsusdur. Yəhudi sinaqoqlarından 2-si Bakıda, 2-si Oğuzda, 3-ü Quba rayonunun Qırmızı qəsəbəsində yerləşir. Hazırda ölkədə 945 dini icma qeydiyyatdan keçmişdir, onlardan 36-i qeyri-islam icmalarıdır. Sonunculardan 25-i xristian, 8-i yəhudi, 2-i bəhai, və 1-i krişna şüuru dini icmasıdır.
Bütün bu uğurlara Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq ölkəmizdə dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi, bütün dinlərin fəaliyyətinə sərbəst şərait yaradılması və bu sahəyə böyük diqqət və qayğı göstərilməsi nəticəsində nail olunmuşdur.
Heydər Əliyevin Azərbaycanda dini fəaliyyət sahəsində ən böyük xidmətlərindən, uzaqgörən və müdrik addımlarından biri də Sovet məkanında ilk dəfə Azərbaycanda 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır.
Dövlət Komitəsi fəaliyyətə başladığı dövrdə Azərbaycanda dini durumda müəyyən narahatlıq müşahidə olunurdu. Dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədlərini həyata keçirmək üçün istifadə etməyə cəhd edən radikal dini quruplar dini durumu gərginləşdirməyə çalışırdılar. Onlar bütün imkanlarını səfərbər edərək əhalinin dini tərkibini dəyişməyə, bir sıra hallarda qeyri-ənənəvi radikal dini təlimləri təbliğ etməyə, dini durumu gərginləşdirməyə, radikal dini təriqətlərin Azərbaycanda yayılmasına çalışırdılar. Belə bir ağır şəraitdə Azərbaycan hökumətinin üzərinə ciddi vəzifələr düşürdü. Dövlət dini fəaliyyət sahəsində cərəyan edən hadisələri ciddi təhlil etməli, dini durumu nəzarətdə saxlamalı, nəsillərdən-nəsillərə keçən dini dəyərlər sistemini kompleks şəkildə öyrənməli, olduğu kimi xalqa çatdırmalı və dözümlülük ənənələrini qorumalı idi. Ancaq həmin dövrdə cərəyan edən hadisələr, iqtisadi və siyasi durum bu vəzifələrin uğurla həyata keçirilməsində çətinliklər yaradırdı. Vəziyyətin ciddi təhlili göstərirdi ki, əgər zəruri tədbirlər həyata keçirilməsə növbəti illərdə ölkəmizdə dini fəaliyyət sahəsində xoşagəlməz hallar yaşana bilər. Bunun baş verməməsi üçün indidən qabaqlayıcı tədbirlər həyata keçirilməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra ölkəmizdə dövlət-din münasibətlərində yeni bir mühüm mərhələ başladı. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti Dövlət Komitəsinə həvalə olundu.
Həmin dövrdən başlayaraq din etiqad azadlığının təmin olunmasına, dini icmaların ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət və qayğı daha da artırıldı. Azərbaycan hökuməti bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün bərabər imkanlar yaratdı, onların fəaliyyətinə əsassız müdaxilələrin qarşısını aldı. Eyni zamanda, radikal dini qruplaşmaların fəaliyyətinə nəzarət daha da gücləndirildi.
Ulu Öndərin başlatdığı bu böyük və nəcib missiyanı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva çox böyük uzaqgörənliklə və uğurla davam etdirir, ölkəmizdə dini icmalara böyük diqqət və qayğı göstərilir, yeni məscid, kilsə və sinaqoqlar inşa olunur, dini təhsil müəssisələri yaradılır. Ulu Öndər tərəfindən əsası qoyulan və bu gün uğurla davam etdirilən uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycan bu gün dünyanın multikulturalizm mərkəzlərindən birinə, mədəniyyətlərarası dialoq mövzusunuda mötəbər tədbirlərin keçirildiyi məkana çevrilmişdir.
Bu gün Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondu öz fəaliyyətində xeyirxahlıq qayəsini rəhbər tutaraq, dini ibadət ocaqlarının təmir, bərpa və inşasına xüsusi əhəmiyyət verir. Fondun xətti ilə son illər həm ölkə daxilində, həm də ölkə xaricində bir çox məscid, kilsə, sinaqoq təmir və bərpa olunmuşdur.
Fond tərəfindən Qəbələnin Nic kəndində Alban kilsəsinin bu il təmir olunması həmin siyasətin uğurla davam etdirilməsinin növbəti göstəricisidir. İkinci Dağlıq Qarabağ Müharibəsi zamanı bəzi dairələrin Qarabağdakı xristian kilsələrinin taleyindən “narahatlıq” ifadə etməsinə bu ən tutarlı cavabdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, narahatlığa əsas yoxdur. Azərbaycanda bütün dinlərin dəyərlərinə, abidələrinə yüksək diqqət və qayğı göstərilir və hər zaman göstəriləcəkdir.
Bu gün Azərbaycan bir müsəlman ölkəsi olaraq islam dəyərlərinə və mədəniyyətinə sadiqliyini və bağlılığını qorumaqla yanaşı, həm də Qərbin müasir nailiyyətlərindən bəhrələnir. Bu gün Azərbaycan bir çox istiqamətlərdə olduğu kimi bu sahədə də nümunəvi müsəlman ölkəsi sayılır. Bu gün qarşıda duran əsas hədəf və məqsədlərdən biri də bu ənənəni yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.
Qeyd etmək lazımdır ki, İkinci Qarabağ savaşında ölkəmizin möhtəşəm qələbəsində Azərbaycanın müstəqillik illərinin ilk günlərindən dini fəaliyyət sahəsində həyata keçirməyə başladığı yuxarıda haqqında geniş bəhs edilən uzaqgörən və məqsədyönlü siyasət çox ciddi rol oynadı.
Bu savaşda Azərbaycanın böyük qələbəsi qarşımızda yeni imkanlar yaradır. Hər birimiz daha güclü Azərbaycan naminə ölkə başçısı ətrafında sıx birləşməli, dövlətimizin daha da inkişafı və güclü olması üçün səylə çalışmalıyıq.
Ceyhun Məmmədov
İlahiyyat üzrə fəlsəfə doktoru,
Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin üzvü