Avqustun 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi salamlayan Prezident İlham Əliyev deyib: "Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır.
Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz".
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilk növbədə, göstərilən qonaqpərvərliyə görə Azərbaycan liderinə təşəkkür edib: "Qazaxıstanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq. Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.