MƏHƏBBƏT VƏLIYEVA KIMDIR VƏ BAKI MƏKTƏBLƏRINDƏ NƏLƏR BAŞ VERIR ?
Məhəbbət Vəliyeva - Bakı Şəhəri üzrə Təhsil İdarəsininin müdiri[1].1968-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir.
1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi» fəxri adına layiq görülmüşdür.
Psixologiya üzrə fəlsəfə doktorudur.
2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərmişdir.
Təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.
BAKI ŞƏHƏR TƏHSİL İDARƏSİNDƏKİ QANUNSUZLUQLAR NİYƏ HÜQUQ MÜSTƏVİSİNDƏ ARAŞDIRILMIR?
«Dəryaz» qəzetinin internet səhifəsi olan «Deryaz.az» saytında oxuculara təqdim olunan «MƏHƏBBƏT VƏLİYEVA ÖZÜNÜ PAYTAXTIN TƏHSİL NAZİRİ KİMİ APARIR» sərlövhəli məqaləmizə münasibət bildirməsi üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinin imeyl poçtuna göndərdiyimiz məktub daha əvvəlki məktublarımızın aqibətini bölüşərək hələ də cavablandırılmayıb. Qarşı tərəf mövqeyini bildirmək üçün hələ də fikirləşməyi və susmağı daha məqbul sayıb.
Xatırladaq ki, həmin məqalədə İdarə müdirinin paytaxtın orta məktəblərinə direktor seçimində müsabiqələrin tətbiqi ilə ehtikarlıq etməsi, bu məsələlərdə onun ən çox «etibar etdiyi» müavini Rəşad Tağıyevin direktorluğa namizədlərə münasibətdə səlahiyyət həddini aşaraq onların qarşısında yerinə yetirilməsi müşkül tələblər qoyması, habelə müdirin əvvəlki karyerasında Baş Prokurorluq tərəfindən korruptiv əməllərdə şübhəli bilinərək məsuliyyətə cəlb olunması nəticəsində qorxusundan ağzının əyilməsinə qədər tutarlı məlumatlar yer almış, həmçinin onun Bakı şəhər məktəblərindən birinin direktorundan dəyəri böyük kəmiyyətlə ölçülən zinət əşyası rüşvət almasına dair dolaşan informasiyanı indiyədək rəsmən təkzib etməməsi yada salınmışdı. Eləcə də Məhəbbət Vəliyevanın apardığı korruptiv siyasət səbəbindən boş qalan direktor yerlərinə BŞTİ-nin inspektorlarını təyin etməsini qeyd etmişdik. «Deryaz.az saytına və redaksiyamıza BŞTİ-də baş alıb gedən digər neqativ hallar, İdarənin başbilənlərinin qol qoyduqları başqa qanunsuzluqlar barədə ilginc məlumatlar daxil olub. Bildirilir ki, 2016-2017-ci dərs ilinin başlanğıcında BŞTİ rəhbərliyi 227 saylı məktəbdən tarix müəllimi Vüsalə xanımı qeyri-rəsmi imtahandan keçirərək 147 saylı məktəbə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə göndərmiş, 2017-ci ilin sentyabrında isə oktyabr ayı üçün təyin olunmuş müsabiqəni gözləməyərək onu təlim-tərbiyə işləri üzrə müavin təyin etmişdir. Halbuki, Təhsil Nazirliyinin 2015 və 2018-ci ildə təşkil etdiyi imtahanlardan keçən direktorluğa namizədlər seçimdən kənarda qalmışlar.
«Dəryaz» qəzetinə daxil olan məlumatlara görə idarədaxili ziddiyyətlər dərinləşməkdədir. Rəhbərlikdə təmsil olunan müdir müavini Roman müəllim təhsil ictimaiyyəti tərəfindən çox yaxşı insan, gözəl mütəxəssis kimi tanınsa da, bildirildiyinə görə, onun səlahiyyətləri məhdudlaşdırılıb, necə deyərlər, «külli-ixtiyar» «mafiya babaları»nın təyin etdiyi Rəşad Tağıyevin əlindədir. Tağıyevin «əlləm-qəlləm» işlərində müttəfiqi də var ki, hələlik onun adını araşdırmalarımızdan sonra açıqlayacağıq. Söz var ki, yerlibazlığı və qohumcanlılığı ilə tanınan Məhəbbət Vəliyeva məhrəm məclislərdə özünü professor Əli Həsənovun baldızı kimi təqdim edib bir növ «toxunulmazlıq» statusunun olduğunu diqqətə çatdırır.
Məlumatlarda o da bildirilir ki, bu mövzuda yazdığımız ötən məqalədə adını çəkdiyimiz, BŞTİ müdirinin «qara kassası» kimi tanınan Yaqut Məmmədovanın qızı Nihal Hacıyevanı Daxili Nəzarət Şöbəsi imtahana buraxmayıbmış. Lakin 6 ay sonra R.Tağıyev yenidən onun xeyrinə təqdimat yazıb. 136 saylı məktəbdə direktor əvəzi işlədiyi müddətdə ciddi problemlər yaratdığı nəzərə alınmayıb. 169 saylı məktəbdə müvəqqəti direktor müavini vəzifəsini daşısa da, onu paralel olaraq 227 saylı məktəbə əvvəlcə direktor müavini, ardından Nazirliklə razılaşdırılaraq saxta imtahan təşkil etməklə həmin məktəbə direktor təyin etdiriblər.
Başqa bir məlumata görə, paytaxtın 6 , 23 və bu səviyyədə olan bir neçə məktəblər kimi nüfuzlu ümumtəhsil müəssisələrinin birinci sinfinə uşaq qəbulu da BŞTİ-nin alver predmetidir. Bu predmet üzrə qiymətlər deyilənlərə görə 1000-3000 manat arasında dəyişir.
Əlbəttə, təhsil ictimaiyyəti arasında BŞTİ-də baş verənlərə qarşı etiraz səsini ucaldanlar da var. Məsələn, keçən ilin yayında Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru Qafarov Elşən R.Tağıyevi ifşa edən məlumatları «Youtobe» kanalında yaymışdı. Bildirmişdi ki, R.Tağıyev zorla 1500 nəfər məktəb direktoruna və direktor müavininə həmkarlar ittifaqından çıxmaları barədə ərizə yazdırıb. Videoyayımda tanınmış təhsil eksperti zorla alınmış ərizələrin surətlərini də göstərmiş, təhsil işçilərinin konstitusion hüquqlarının qorunması üçün AHİK sədri Səttar Möhbalıyevə müraciət etmişdi. amma çifayda, Elşən müəllim kimi tərəqqipərvər təhsil işçilərinin ortaya qoyduqları əsaslı arqumentlərə, ciddi ittihamlara nə Nazirlik, nə də cinayət təqibi orqanları lazımi reaksiyanı vermir, faktları hüquq müstəvisində araşdırmağa tələsmirlər.Görünür «balıq başdan iylənər» misalı öz təsdiqini tapıb.
Aldığımız məlumatlarda o da vurğulanır ki, yeni təyin olunacaq Təhsil Nazirinin kimliyi məlumdur və ilk təyinatda başda Məhəbbət xanım olmaqla komandasını yola salmaq niyyətindədir.
Növbəti sayımızda daha ciddi və maraqlı faktları saytımızda oxuya biləcəksiniz.
Odur ki, bizi izləməyi unutmayın.
Habil Dəryaz