Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi - 1 ay əvvəl təyin olunmuşdular
Bir müddət öncə birləşdirilərək yeni yaradılan məktəbdənkənar təhsil müəssisələrinə direktorların təyinatı barədə xəbər vermişdik.
Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə boks üzrə əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Qismət Novruzov, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə Cəmilə Məmmədova və Cəmilə Fəyyaz Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinə direktor təyin olunmuşdu.
Bu gün isə artıq heç bir ayı tamam olmamış sözgedən şəxslər tutduqları vəzifədən azad olunublar.
Əldə etdiyimiz məlumata görə, Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə Teymur Qafarov, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə Fariz Orduxanov, Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinə Əntiqə Rzayeva 3 ay müddətinə direktor təyin olunublar.
Qeyd edək ki, T. Qafarov bu təyinata kimi "Təhsil” İdman Mərkəzinin, F. Orduxanov Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin, Ə. Rzayeva isə Uşaq və Yeniyetmələrin Yaradıcılıq mərkəzi” nin direktoru vəzifəsində işləyib.
Xatırladaq ki, Təhsil Naziri Mikayıl Cabbarovun "Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin rasionallaşdırılması barədə” imzaladığı əmrə əsasən Sumqayıtda fəaliyyət göstərən məktəbdənkənar müəssisələri birləşdirilib.
Belə ki, Sumqayıt şəhər Uşaq-Gənclər Şahmat Məktəbi və Sumqayıt şəhər 2 saylı Uşaq-Gənclər İdman Məktəbi birləşdirilərək onların bazasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yaradılıb.
///Xeberle.com