Ceyhun Məmmədov,
Millət vəkiliMartın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasında işgüzar səfərdə oldu və görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikirlər söylədi.
Azərbaycanın Avropaya ixrac edəcəyi qazın miqdarının ölkəmizin gələcəyi üçün vacib olduğunu qeyd etdi. Azərbaycan Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edir və ildən-ilə bu rəqəmlər artır.
Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Avropa məkanına 20 milyard kubmetr təbii qazın çatdırılması planlaşdırılır. Ölkəmizin qaz ixracatı təkcə Avropa məkanı ilə məhdudlaşmır. Biz, eyni zamanda, Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik. Ona görə gələcəkdə qazın ixracatını Avropa məkanına çatdırmaq üçün yeni kontraktlar imzalanmalıdır.
Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən qazın Rumıniyaya da çatdırılmasına başlanılmışdır.
Prezident İlham Əliyev görüşdə təhsillə də bağlı bir sıra mühim məsələlərə toxundu və təhsilin perspektiv əməkdaşlıq istiqamətlərindən biri olmasını vurğulayaraq təhsil sahəsində də əməkdaşlıqla bağlı xüsusi istiqamətə ehtiyac olacağını bildirdi.
Görüşdə müzakirə olunan məsələlərdən biri də içməli su təchizatı ilə bağlı oldu. Suyun paylanması üzrə planlı işlərin görüləcəyi vurğulandı.
Hazırda su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılması ilə bağlı bir çox şəhərdə layihələr həyata keçirilir. Hədəf isə bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir. Hazırda bununla bağlı çox ciddi işlər görülməkdədir.
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında çıxışı zamanı Azərbaycan Ermənistan münasibətlərindən də söhbət açaraq “Böyük Qayıdış”la bağlı görülən işlərdən danışıb.
Erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Müharibə bitdikdən sonra qısa zaman ərzində “Böyük Qayıdış” proqramına əsasən 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşmışdır.
Təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq yaşıl enerji zonası elan edilib. Həmin ərazilərdə yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək.
Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir və inanırıq ki, bu səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcək.