Prof. İbrahim Cəfərov “Sülhün və tolerantlığın tərənnümü olan xalqımızın milli bayramı olan Novruz bayramını artıq üç ildir ki, Zəfər qazanmış bir müstəqil dövlətin vətəndaşları olaraq qeyd edirik. Çox xoşbəxtik ki, Novruz bayramını işğaldan azad olunmuş ərazilərimizdə doğma Qarabağımızda, Qafqazların mədəniyyət beşiyi olan əziz Şuşamızda qarşılayırıq. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, yürütdüyü uğurlu siyasəti, Rəşadətli Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda artıq 30 ildən sonra milli bayramımız olan Novruz sevinci yaşanır, doğma torpaqlarda bayram tonqalları qalanır. Bəli, 44 günlük Vətən müharibəsində əldə olunmuş Şanlı Zəfərlə cənab Prezident İlham Əliyev məhz Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini, eyni zamanda xalqımızın arzularını reallaşdırdı. 2023-cü ildə də Novruz bayramının düşmən işğalından azad edilən torpaqlarımızda qeyd edilməsi sözsüz ki, bu bayramın Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsü olduğunun, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyimizin tarixi təcəssümü olduğunu bir daha təsdiqləyir.”
Azadmedia.az xəbər verir ki, bu sözləri Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü Prof. İbrahim Cəfərov deyib.
"Novruz bayramı, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünyaya tanıtdıran ən qədim el bayramıdır. Xalqımızın milli məfkurəsini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə tərənnüm edən Novruz bayramı ölkəmizdə hər il möhtəşəm bir şəkildə qeyd edilir. Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin hələ birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, hətta keçmiş imperiyanın sərt rejimi dövründə belə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb.
Qeyd edək ki, Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi və təşəbbüsü nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edilib.
Novruz milli bayram olaraq sülhü və tolerantlığı tərənnüm edən milli dəyər kimi qəbul edilir. Novruz təkcə onu keçirən Türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərq ölkələrində böyük təmtəraqla qeyd edilir. Belə ki, Azərbaycan xalqının milli adət-ənənəsinə görə, Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Bir sözlə, insanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır və təbiətin oyanışına səs verir.
Novruz siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirir. Xüsusilə, ölkə başçısı tərəfindən ənənəvi olaraq, imzalanan “Əfv Sərəncamı” Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür.
Bəli, Azərbaycan xalqı artıq üçüncü ildir ki, Novruz bayramını qalib xalq kimi keçirir və bu da xalqmızın sevincinə sevinc qatır. Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən Novruz bayramı tarixi inkişaf boyunca keçməkeşli yol keçmiş olsa də, əsrlərdir unudulmayan və öz adət-ənənələrini nəsildən-nəsilə ötürərək qoruyub-saxlayan milli bayramdır. Əlbəttə, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, yaratmış olduğu bu adət-ənənələri zamanın dəyişməsinə baxmayaraq, yaşatmağı bacarıb."
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.