Bakı, 17 may — Azadmedia.azMayın 16-da Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Masallı rayon Heydər Əliyev Mərkəzi və Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 18 May Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Heydər Əliyevin Azərbaycan muzeylərin inkişafında rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Masallı, Cəlilabad və Biləsuvar rayonunda fəaliyyət göstərən Tarix-diyarşünaslıq Muzeylərinin əməkdaşları, həmçinin mədəniyyət işçiləri, tələbələr və məktəblilər iştirak ediblər.
Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova açaraq ölkəmizdə mədəniyyətin bütün sahələrində olduğu kimi, muzey işinə də dövlət tərəfindən həmişə diqqət göstərildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nailə Mehdiyeva, Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Şövqi Bayramov Ulu öndər Heydər Əliyevin muzey sahəsinin inkişafında tarixi rolundan söhbət açıb, əlamətdar gün münasibətilə muzey əməkdaşlarını təbrik ediblər. Natiqlər qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü böyük işlər bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə iştirak edən Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Hilal Muradov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Çingiz Qurbanov geniş məruzələrlə çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, güclü və qüdrətli dövlət kimi inkişafında, ölkəmizin dünyada tanıdılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.
Tədbir müddəti ərzində videoçarxlar, slaydlar da nümayiş olunub.
Ülkər Piriyeva