Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 22 may tarixində Litvaya rəsmi səfəri açıq şəkildə nümayiş etdirdi ki, iki dövlət arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.
Azərbaycan və Litva kifayət qədər intensiv siyasi dialoq aparır və bu faktor, öz növbəsində, bütün sahələrə ciddi təsirini göstərir.
Ölkələrimizin əməkdaşlığının möhkəm hüquqi bazasını 40-a yaxın müqavilə və saziş təşkil edir və Prezidentin rəsmi səfəri çərçivəsində üç yeni sənəd - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş; Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanmışdır.
Səfər çərçivəsində Dövlət Başçısı 18 iyul 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmasının əhəmiyyətinə diqqət çəkərək vurğulamışdır ki, 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatının iki dəfə artırilması planlaşdırılır. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Nəzərə almaq lazımdır ki, yaşıl enerjinin inkişafı sahəsində də ölkələrimiz səmərəli əməkdaşlıq edə bilərlər.
Azərbaycan və Litva iqtisadi əlaqələrini genişləndirir, logistika, şəbəkələr və daşımalar sektorunun inkişafı üçün də onların böyük potensialı var. Maraq doğuran məsələlər sırasında həmçinin Xəzər və Baltik regionları arasında şəbəkənin qurulması xüsusi olaraq qeyd edilməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.