Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Bakı, 30 may — Azadmedia.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 28 may tarixində Laçın şəhərindəki çıxışında qeyd etmişdir ki, uzun müddətdən sonra məcburi köçkün olan vətəndaşlarımızın öz doğma yerlərinə qayıtması əlamətdar hadisədir və müstəqil Azərbaycan dövlətinin dünya miqyasında mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinin təsdiqidir. Qısa zaman kəsiyində Laçında irimiqyaslı quruculuq işləri həyata keçirilib, 20 ailə artıq burada yerləşibdir və yaxın zamanda Laçında təxminən dörd min insan məskunlaşaçaqdır.
30 ilə yaxın bir müddətdə Laçının infrastrukturu mənfur qonşularımız tərəfindən dağıdılmış, regionun ekologiyasına uzun müddət bərpa edilməyən ziyan vurulmuşdur. Acınacaqlı məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan Laçında qanunsuz məskunlaşma aparmış, xaricdə yaşamış erməniləri buraya yerləşdirmişdir. Dövlət Başçısı xüsusi olaraq vurğulamışdır ki, bu əməllər Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn ciddi pozuntusudur və müharibə cinayəti kimi qiymətləndirilir. Xatırlatmaq lazımdır ki, ATƏT-in 5 fevral 2005-ci ildə həyata keçirdiyi faktaraşdırıcı missiyası müəyyən etmişdir ki, Laçında 8000-dək erməniəsilli şəxs qeyri-qanuni məskunlaşmışdır. Aydındır ki, bu cinayətkar əməllərin əsas məqsədi əhalinin demoqrafik tərkibinin dəyişdirilməsindən ibarət olmuşdur. Ancaq Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğala son qoyuldu və düşmən döyüş meydanında məğlub edildi. Bu ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin qurulması bir daha əyani formada nümayiş etdirdi ki, ölkəmizin ərazi bütövlüyü tam bərpa edilmişdir. 2020-ci il 10 noyabr tarixində imzalanan Üçtərəfli Bəyanatın 6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.