Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan hərbi qulluqçusunun həbs müddətinin uzadılmasına etiraz edib.
Etiraz bəyanatında xatırladılıb ki, 2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum ediliblər:
"Bu dövr ərzində onlar vəkillə təmin olunmamış, müxtəlif işgəncələrə və pis rəftara məruz qalmış və beləliklə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulmuşdur.
Təəsüflə qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı dəfələrlə edilən müraciətlərə baxmayaraq, düşmənçilik mövqeyini hələ də davam etdirən Ermənistan hakimiyyəti həmin şəxslərin həbs müddətini uzatmaqla növbəti dəfə beynəlxalq hüququn tələblərini heçə sayaraq, aparılan sülh danışıqlarına zərbə vurmaq niyyətini nümayiş etdirmişdir.
Ermənistan tərəfindən keçirilmiş qondarma "məhkəmə prosesi" nəticəsində hərbi qulluqçularımızın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və bu günlərdə onların həbs müddətinin uzadılması ilə bağlı verilmiş qərəzli "qərar"ın beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olduğunu bildirir və əsgərlərimizin dərhal azad olunmasını bir daha qəti şəkildə tələb edirik.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq ictimaiyyəti bir daha əsirlikdə olan hərbi qulluqçularımızın azad edilməsi məqsədilə ciddi və təsirli addımlar atmağa çağırıram".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.