İlham Əliyev Vladimir Putini təbrik edib: Azərbaycanla Rusiya arasında etibarlı tərəfdaşlıq əlaqələri gündən-günə daha çox yeni sahələri əhatə edir
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Rusiya Günü münasibətilə təbrik ünvanlayıb.
Dövlət başçısının məktubunda deyilir:
Hörmətli Vladimir Vladimiroviç,
Milli bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün rusiyalıları Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Azərbaycan və Rusiyanı xalqlarımız arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası əlaqələrimiz, sıx və etibarlı tərəfdaşlığımız uğurla inkişaf edir, hər gün daha çox yeni sahələri əhatə edir.
Azərbaycan-Rusiya münasibətlərinin ruhunu və mahiyyətini aydın əks etdirən, qarşıdakı illər üçün çoxşaxəli əməkdaşlığın yollarını müəyyən edən Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni böyük məmnunluqla qeyd etmək istərdim.
Əminəm ki, biz birgə səylərlə xalqlarımızın və ölkələrimizin firavanlığı naminə əlaqələrimizin daha da möhkəmlənməsinə, ticarət-iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə bundan sonra da fəal kömək edəcəyik.
Bu bayram günündə Sizə, hörmətli Vladimir Vladimiroviç, möhkəm cansağlığı və uğurlar, dost Rusiya xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.