AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikası və Özbəkistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb - XİN

  • + A
  • - A
  • 16-06-2023, 16:23

    Azərbaycan Respublikası və Özbəkistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb -


    Bakı, 16 iyun — Azadmedia.az


    14 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası və Özbəkistan Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

    Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Özbəkistan tərəfindən isə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib.

    Görüşdə Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsində hər iki ölkənin prezidentlərinin qardaşlıq və dostluğa əsaslanan şəxsi təmaslarının müstəsna rol oynadığı qeyd olunub.

    Daha sonra iki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub. Ticarət-iqtisadi əlaqələrin hazırkı inkişafı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Özbəkistan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib.

    Nazir müavini X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfə məlumat verib. Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində Özbəkistan Prezidentinin məktəb binasının tikintisi ilə bağlı təşəbbüsünün yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

    Nazir müavini X.Xələfov məcburi köçkünlərimizin öz doğma yurdlarına layiqli şəkildə qayıda bilmələri və regionda davamlı sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində ölkəmizin səyləri barədə danışıb.

    Nazir müavini B.Usmanov çoxəsrlik səmimi dostluq və qardaşlıq əsasında qurulan ikitərəfli münasibətlərdə müsbət dinamikanın müşahidə olunduğunu bildirərək, ötən il ərzində əlaqələrin müxtəlif əməkdaşlıq sahələrində daha da irəlilədilməsi istiqamətində mühüm uğurlar əldə edildiyini vurğulayıb. Özbəkistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.

    Görüşdə Azərbaycan və Özbəkistan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

    İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin, eləcə də qarşılıqlı səfər və görüşlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR