Azərbaycanlı diaspora sədrinə qarşı ŞOK İTTİHAM - Narkobizneslə məşğuldur və...
Ukraynanın şərqində, rusiyameylli separatçıların nəzarətində olan Luqanskdakı azərbaycan diaspor təşkilatının lideri barədə sosial şəbəkələrdə sensasion iddia yayılıb. Virtualaz.org xəbər verir ki, “Telegram” sosial şəbəkəsində kifayət qədər populyar olan və Ukrayna, Rusiya barədə insayder məlumatları paylaşan “NEZIQAR” (НЕЗЫГАРЬ) kanalı Luqanskdakı “Azərbaycan İctimai-Mədəni Mərkəzi” adlı ictimai təşkilatın rəhbəri Səidi Mürvət Teymur oğlunun yerli separatçılarla əlbir olaraq Avropaya narkotik trafiki həyata keçirdiyini iddia edir.
Bu teleqarm-kanalın sahibinin kimliyi məlum deyil, bəzi məlumatlara görə kanalın sahibi Dominikan respublikasındadır və Rusiyada çox mötəbər mənbələri var.
Teleqram-kanalın bu məlumatına Luqansk vilayəti barədə xəbərlər yayımlayan Ukrayna saytı “citynews.net.ua” yer verib.
Məlumatda deyilir ki, “Luqansk Xalq Respublikası”ında artıq yarım ildir bu qondarma “respublikanın” ərazisindən narkotrafikə nəzarət uğrunda güc strukturları arasında mübarizə gedir.
“Luqanskda artıq yarım ildir azərbaycanlı və erməni diasporu arasında müharibə gedir. Birincini Dövlət Təhlükəsizliyi Nazirliyi, ikincini isə DİN və prokurorluq himayə edir.
“Rəsmi” azərbaycan diasporunun başçısı-Səidi Mürvət Teymur oğludur. Ədliyyə Nazirliyinin məlumatına görə 1998-ci ildən bəri “Azərbaycan ictimai-mədəni mərkəzi” adlı ictimai təşkilata rəhbərlik edir.
Plotnitskinin (İqor Plotnitski-qondarma “Luqansk Xalq Respublikası”nın keçmiş başçısı) dövründə baş prokuror azərbaycanlı Zaur İsmayılov idi, Səidi ailəsinin yaxın dostu. Plotnitski azərbaycan diasporuna tam dəstək verirdi, kömək göstərirdi. Hazırda bununla güc strukturları məşğul olur.
Plotnitski və Səidi LNR-dən (“Luqansk Xalq Respublikası”nın) baza kimi istifadə edərək narkotik qaçaqmalçılığı təşkil etmişdilər. Azərbaycan, Dağıstan və Rostov vilayəti üzərindən keçməklə “LNR”-dən Avropaya heroin trafiki təşkil olunmuşdu.
Plotnitskinin (hazırda Rusiyadadır-red.) ifadələrinə əsasən narkotrafikin təşkili ilə “Luqansk Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyinin” döyüş dəstələri məşğul olurdu.
Daxili İşlər Nazirliyi isə Vardan Ayrapetyanın başçılıq etdiyi erməni diasporunu himayə edir. Ayrapetyan nazir Kornetlə yaxın dostdur. Və respublikanın baş prokurorunun səlahiyyətlərini icra edən Qorenko ilə. Erməni diasporu varlıdır, onun narkotrafikdə iştirakı barədə məlumat yoxdur. Hazırda DİN-in “krışalığı” altında bu işlə başqa adamlar-yerli məşğuldur. Erməni diasporu isə siqaret, alkoqol və kömür qaçaqmalçılığına nəzarət edir”-anonim telerqram-kanal bildirir.
Qeyd edək ki, Mürvət Teymur oğlunun barəsində internetdə ətraflı məlumat yoxdur. Bununla belə “Novaya qazeta”nın Ukrayna əlavəsində (17 avqust 2018-ci il) onun Luqanskdakı kriminal-biznes fəaliyyəti barədə bəhs edilir.
Zaur İsmayılov-keçmiş "Luqansk prokuroru"
Bildirilir ki, Mürvət Teymuroğlu Luqanskın rusiyameylli separatçıların nəzarətinə keçməsindən sonra oradakı azərbaycan diasporunu kriminallaşdırıb. O, separatçıların ayrı-ayrı silahlı dəstələrini “yemləyərək” qondarma “respublikanın” güc strukturlarının himayəsini qazanıb. Özü isə Luqanskın “xaç atası”ına çevrilib. İlk növbədə azərbaycanlılara qarşı reketliyə başlayıb, yaşamaq, bizneslə məşğul olmaq, əmlakını qoruyub saxlamaq istəyən azərbaycanlılar ona haqq verməlidir. Tabe olmayanlar oğurlanıb, öldürülüb. Luqanskda qarpız satandan tutmuş restoran, kafe işlədən azərbaycanlılara qədər hər kəs Səidinin nəzarətindəki “obşaka” aylıq haqq ödəməlidir.
Səidi ailəsinin BMW X5, BMW X6, BMW 550, “Porshe” kimi bir neçə lüks avtomobili var. Səidinin böyük oğlu Fuad Səidi Luqansk gəncləri arasında yaxşı tanınan kriminal majordur. “Novaya qazeta” onun Luqansk universitetində oxuyarkən sessiyalarda müəllimləri təhdid edərək özünə qiymət yazdırıb. Onun hətta dərsə silahlı gəldiyi də bildirilir. Fuad Səidinin həmyerlisi Ruslan Əliyevlə birlikdə universitetdə narkotik satışını təşkil etdiyi də deyilir. Hazırda o “Luqansk gənclər parlamentinin” deputatıdır.
Qəzet yazır ki, ötən il Rusiyanın Lipetsk vilayətində FTX heroin alverçisini tutub. Həmin kuryer “malı” Luqanskdakı Səidi qruplaşmasından aldığı barədə ifadə verib. Nəticədə Rusiya çekistləri Luqansk xüsusi xidmət orqanlarını bu narkotik trafikinə görə ciddi tənbeh ediblər. Luqansk “Dövlət Təhlükəsizliyi Xidməti” isə öz adamlarını-Səidi klanını qurban verib, nəticədə Mürvət Teymuroğlunun biznesi çat verib.
Səidinin zəiflədiyini görən azərbaycanlıların bir qismi ona qarşı “bunt” qaldırıb. Onlara Salamov Ceyhun Yediyar oğlu başçılıq edir. Bu iki qruplaşmanın arasında 90-cı illərə xas mübarizə getdiyi bildirilir. Mürvət Teymuroğlu isə onu qurban verən güc strukturlarının əleyhinə kompromatlar ötürür. Bu ilin əvvəllərində Mürvət Teymuroğlu “baş prokurorun müavini Şatalovun sifarişi” ilə ona qarşı sui-qəsd cəhdi təşkil olunduğunu, naməlum şəxslər tərəfindən döyüldüyünü bildirib. Amma onun ərizəsi əsasında cinayət işi qaldırılmayıb. İş “dövlət təhlükəsizliyi xidməti”nə göndərilib, Səidinin ərizəsi isə KİV-lərə sızdırılıb...