Diaspor rəhbəri “erməni soyqırımı”nı yad edib? - Bəyanat
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev Azərbaycanın kütləvi informasiya vasitələrinə müraciət edərək, mayın 2-də ölkəmizin bir sıra saytlarında haqqında yayılan məlumatları özünə və ailəsinə qarşı həyata keçirilmiş təxribat adlandırıb
Musavat.com müraciətin mətnini təqdim edir:
"Son dövrlər Azərbaycanın bir sıra saytlarında Ukrayna diasporunun tanınmış simalarına qarşı sifarişli şər və böhtan kampaniyası aparılmaqdadır. Çox maraqlıdır, indiyədək mediada şər və böhtana məruz qalan soydaşlarımızın əksəriyyəti erməni vandalizminə qarşı kəskin mübarizə aparan, xüsusən də hər il Xocalı soyqırımı zamanı Ermənistan səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarında iştirak edən insanlardır.
Ötən il Dünya Azərbaycanlılarının IV qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilmişəm. Bu il fevral ayının 27-də isə Amsderdamda Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti seçilmişəm. Son 3-4 ayda Azərbaycan mediasında haqqımızda olmayan şər-böhtan kampaniyası aparılır. Nə yazdılar, dedik, ötüb keçər. Fikir verin, görün nə qədər şər, böhtana əl atırlar? Mayın 2-də Azərbaycanın bir sıra saytları Bizimyol.info saytına istinadən növbəti yalan məlumat yaymaqla, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri olaraq mənim və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasovun şərəf və ləyaqətini alçaltmaqla, ictimai nüfuzumuza xələl gətirən təxribat xarakterli yazı dərc ediblər.
Bu saytlar 2016-ci il sentyabr ayının 23-də Kiyev şəhərində Rom və Yəhudi xalqlarının soyqırım günü ilə bağlı Ukraynada fəaliyyət göstərən azsaylı xalqların iştirak etdiyi tədbirdən çəkilmiş fotoşəkilləri internetdən götürərək bunu mən və Qurban Abbasovun guya bu il aprel ayının 24-də ermənilərin qondarma soyqrım tədbirində iştirakı kimi təqdim ediblər. Bu birbaşa Azərbaycan ictimaiyyətində bizə və ailəmizə qarşı nifrət hissi yaratmaqla, şərəf və ləyaqətimizi alçaltmaqdır. Artıq bu cür yalan, təxribat xarakterli məlumatın sifarişçiləri, onu yayanlar qırmızı xətti keçdilər. Mən bu saytların haqqımızda ermənipərəst imici yaratmasını birmənalı olaraq özümüzə, ailəmizə, ölkəmizə və ata, baba yurdumuz Naxçıvanın adına yaxılan qara ləkə kimi qiymətləndirirəm.Və buradan bu məlumatı məqsədyönlü şəkildə sifariş verib yazdıran alçaqlara səslənib deyirəm. Azərbaycanın vətənpərvər insanları, o cümlədən tarixən dövlətçiliyimizin inkişafında layiqli mübarizə aparan naxçıvanlılardan ermənipərəst imici yaratmaq ən azından şərəfsizlikdir. Qurban Abbasov Ukraynanın xalq artistidir. Onunla bağlı həm bir yerli, həm də bir qeyrətli azərbaycanlı kimi fəxr edirəm.Mən bu yazını yazanları və onun arxasında duranları çox yaxşı tanıyıram. Kimin ermənipərəst, kimin isə əsl vətənpərvər olmasını isə məhkəmə vasitəsi ilə ayırd edərik.
Onu da qeyd edim ki, bu yazılarla bağlı artıq Ukraynanın və Azərbaycanın müvafiq orqanlarına müraciət etmişəm".