“Hərbi əməliyyata başlayırıq” – Müharibə elan edildi
Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda terrorçuluğa qarşı əməliyyatın dayandırılması haqqında qərar verib və ərazidə birləşmiş güclərin əməliyyatına keçidi elan edib.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısının fərmanında deyilir.
"30 aprel 2018-ci ildə Donetsk və Luqansk vilayətlərinin ərazilərində terrorçuluğa qarşı genişmiqyaslı əməliyyat başa çatır. Biz indi ərazi bütövlüyü və müstəqilliyin təminatı üçün Ukraynanın Silahlı qüvvələrinin rəhbərliyi altında hərbi əməliyyata başlayırıq”, – fərmanda qeyd edilib.
Xatırladaq ki, bu ilin yanvarında Ali Rada Donbasın reinteqrasiyası haqqında qanunu qəbul edib. Qanunun mətnində Rusiya işğalçı ölkə, Kiyevin nəzarətindən çıxan ərazilər isə işğal olunmuş adlandırılıb. Qanun ölkənin suverenliyinin müdafiə naminə prezidentə dinc vaxtı ordudan istifadə etmək hüququ verib.
Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli separatçıların nəzarətindədir. Kiyev və Qərb Donbasda Rusiyanın nizami qoşunlarının olduğunu iddia edir. Lakin Moskva Donbas münaqişəsində tərəf olmadığını dəfələrlə bəyan edib.