Bakıda gənclər arasında baş verən mübahisə qanlı bitib. Mübahisəyə səbəb isə gənclərin “yaxşı oğlan” söhbəti olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 20 yaşlı Elvin Həmzəyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Məhkəmə iclasının davamında dövlət ittihamçısı çıxış edib. Prokuror psixoloji problemləri olan E.Həmzəyevin məcburi müalicəyə göndərilməsi barədə qərar çıxarılmasını istəyib. Məhkəmə araşdırması davam etdirilir.
Qeyd edək ki, İmişli rayon sakini Elvin Həmzəyev Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
O, 2018-ci il noyabrın 27-də Nərimanov rayonu ərazisində münaqişə zəminində Astara rayon sakini Tural Tarverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinərək saxlanılıb. İstintaq orqanında E.Həmzəyevə Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib. Hadisənin baş verməsinin ilginc səbəbi var. Bıçaqlanan Tural Tarverdiyev həbs edilən Elvinlə dost olub.
Hadisədən bir gün əvvəl iki dost parkda gəzərkən başqa şəxslərin söhbətini eşidiblər. Həmin şəxslər bölgələrdən biri ilə bağlı zarafatlar edirmişlər. Tural da həmin şəxslərə yaxınlaşaraq iradını bildirib və özünün də həmin bölgədən olduğunu deyib.
Bu zaman gənclər arasında mübahisə yaranıb. Elvin isə bu söhbəti əvvəlcə kənardan izləyib. Daha sonra onlara yaxınlaşıb. Həmin zaman da mübahisə edən tərəflər sakitləşib və ayrılıblar. Həmin mübahisənin böyüməməsinin səbəbi isə tərəflərin hamısının eyni bölgədən olması olub. Hətta onlar tanış çıxıblar və söhbət “bağlanıb”.
Lakin sonradan baş verənlər bu cinayətlə nəticələnib. Elvinin hərəkəti, yəni, söhbətə gec müdaxiləsi Turala xoş gəlməyib. Buna görə də Tural Elvini yanına çağıraraq irad bildirib ki, niyə parkda tanımadığı şəxslərlə mübahisə edəndə onun yanına gəlməyib.
“Sən mənim söhbətimə niyə “kurs” olmadın?” – deyərək Elvini acılayıb. Daha sonra Tural bu söhbəti qardaşına və digər tanışlarına da danışıb.
Bir gün sonra Tural bir neçə dostu ilə birlikdə Elvini görüşə çağıraraq söhbəti “çürütmək” istəyib. Görüş zamanı dostlar Elvinə “sən yaxşı oğlan deyilsən. Yaxşı oğlan bu hərəkəti etməzdi” deyərək təzyiq göstərməyə başlayıblar. Mübahisə böyüyüb və dostlar Elvini döymək istəyib. Bu zaman cibində olan bıçağı çıxaran Elvin Turala zərbə endirib.
Bundan sonra isə Turalın dostları da Elvini döyməyə başlayıb. Hadisə nəzarət kamerlarına da tuş gəlib.
İstintaq orqanı Elvinin psixi problemlərinin olduğunu, daimi müalicə aldığını aydınlaşdırıb. Bu barədə ekspertiza rəyi də var. Elvinin psixi problemlərinin olmasının səbəbi də məlum olub. Belə ki, Elvin kiçik yaşlarında babasını itirib. Babasının ölümü Elvinin gözləri qarşısında baş verib. Bu hadisədən böyük sarsıntı keçirən Elvin uzun illər psixi xəstəlikdən əziyyət çəkib.
Elvinin psixi problemlərinin olması məhkəmədəki davranışlarından da hiss olunub. Belə ki, Elvin heç nə danışmır, sadəcə əyləşir və başını yuxarı-aşağı yelləməyə başlayır.
Bütün məhkəmə proseslərində eyni davranışlarını müşahidə etmək olur. Elvin heç bir məhkəmə iclasında danışmayıb, sualları cavablandırmayıb.