Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovla Şahbaz Quliyevin ailəsi artıq 5 ildir ki, onlardan nigarandır. Hər iki şəxslə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə əlaqə saxlanılır.
Maraqlıdır, Şahbaz Quliyev və Dilqəm Əsgərovla sonuncu dəfə nə zaman görüşülüb, onların vəziyyəti necədir?
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı girov şəxslərin yaxınları və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə yaradıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova deyir ki, Dilqəm Əsgərovla Şahbaz Quliyevə sonuncu dəfə bu ilin iyul ayında baş çəkiblər, vəziyyətləri barədə ailələrinə məlumat verilib.
“Beynəlxalq Qırmızı Xaç Komitəsi mütəmadi şəkildə Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkir. Baş çəkməkdə də məqsəd monitorinqin həyata keçirilməsidir. Yəni monitorinq vasitəsi ilə onların saxlandığı şəraiti və həmin şəxslərə qarşı münasibəti öyrənirik. Eyni zamanda, girov saxlanılan şəxslərin ailələri ilə əlaqə yaratması üçün onlara köməklik göstəririk”.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az-a bildirib ki, atasından sonuncu dəfə 2017-ci ilin noyabr ayının 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə məktub alıb.
“O vaxtdan indiyədək ondan rəsmi qaydada nə məktub, nə də şəkil, nə də videogörüntü ala bilmişik. İki ildir ki, yalnız şifahi məlumat alırıq. Şifahi məlumatda da dediklərinə görə, atamın səhhətində ciddi problem yoxdur. Lakin mən hər zaman Beynəlxalq Qırmızı Xaç Komitəsinə bildirirəm ki, məktub, şəkil olmasa da, ən azından atamın görüntüsünü bir dəqiqəlik də olsa, çəkib mənə göstərsinlər. Atamın dilindən eşitmək istəyirəm ki, həqiqətən də onun səhhətində ciddi problem yoxdur.
Beynəlxalq Qırmızı Xaç Komitəsi deyir ki, atan özü məktub yazmaq istəmir, lakin mən buna inanmıram.
Məktubu özü yazmaq istəmir başa düşdüm. Lakin siz niyə bir dəqiqəlik də olsa videogörüntü, şəkil çəkib bizə göstərmirsiniz. Ən azından bunları edin ki, dediklərinizə əmin olaq”.
Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə deyir ki, qardaşının 3-4 ay bundan əvvəl videogörüntüsünə baxıb.
“3-4 ay əvvəl Şahbazın videogörüntüsünə baxdım, heç yaxşı görünmürdü. Videoda bir tək qardaşım var idi, Dilqəm Əsgərovun görüntüsü yox idi. Videogörüntünü kənardan çəkmişdilər, sadəcə görə bildim, danışığını, səsini eşitmədim, ondan çox nigaranam, icazə də yoxdur ki, gedim baş çəkim”.
Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.