Dilqəm Əsgərovun oğlu qurumdan narazılıq etdi
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurumun nümayəndələri iyun ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.
Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a bildirib ki, ona görüş barədə BQXK-dan məlumat verilib: “Mənə şifahi məlumat verildi ki, atan Dilqəm Əsgərovla BQXK nümayəndələrinin iyun ayında görüşü olub və səhhəti normaldır. Təəssüf ki, yenə də atamdan nə məktub, nə də foto, videogörüntü gətirməyiblər. Artıq iki ilə yaxındır ki, BQXK nümayəndələri atam Dilqəm Əsgərovdan nə məktub, nə foto, nə də videogörüntü əldə edib mənə təqdim etmirlər. Mən isə hər dəfə BQXK əməkdaşları ilə görüşəndə deyirəm ki, heç olmasa atamdan bir dəqiqəlik videogörüntü gətirin mənə təqdim eləyin, mən həqiqətən atamın hərəkət elədiyini, ayaq üstə dayana bildiyini görüm. Mən atamın öz dilindən eşitmək istəyirəm, desin ki, səhhətimdə ciddi problem yoxdur. Təəssüflər olsun, artıq iki ilə yaxındır mən eyni sözləri BQXK-dan eşidirəm.
Ancaq şifahi şəkildə deyirlər ki, atanın səhhəti normaldır. Şifahi məlumat isə məni qane eləmir. Ona görə də mən bu yaxınlarda Strasburqda AŞPA-da Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkil etdiyi tədbirə qatıldım. Orada da məsələ qaldırdım ki, artıq 1 il səkkiz aydır atamdan nə məktub, nə də videogörüntü almıram, atamın səhhətində çox ciddi, ağır problemlərin olduğunu və həkim nəzarətində saxlandığını dedim. Tədbirdə də bildirdim ki, BQXK mənə ancaq şifahi məlumat verməklə işini görmüş hesab edir. BQXK öz missiyasını tam olaraq yerinə yetirirsə, nə üçün Azərbaycanda saxlanılan erməni diversantlardan ailələrinə məktub, videogörüntülər aparıb təqdim etdiyi halda, mülki girov olan Dilqəm Əsgərovdan nə məktub, nə video, nə də şəkil gətirmirlər”.
Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə lent.az-a deyib ki, görüş barədə məlumatsızdır: “Bununla bağlı mənə yeni xəbər verilməyib. Qardaşımdan yeni foto, video və ya məktub da ailəmizə göndərilməyib”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Ermənistanın işğalı altında olan Kəlbəcər rayonunda öz doğmalarının məzarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Onların Şuşadakı həbsxanada saxlandığı bildirilir.