"Facebook"da tanış olduğu qıza da, oğlana da təcavüz etdi - Azərbaycanda
İmişli rayonu Bəhramtəpə qəsəbəsində anadan olmuş 1982-ci il təvəllüdlü Zamiq Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Zamiq Paşayev 25 yanvar 2015-ci il tarixdə, günorta saat 15 radələrində Samirə Əliyeva (ad və soyad şərti verilib) ilə sosial şəbəkədə tanış olub.
O, Samirə Əliyevanı cinsi əlaqədə olmaq üçün Biləcəri qəsəbəsində kirayədə qaldığı evə dəvət edib. Evdə qıza qarşı seksual hərəkətlər edən Zamiq Paşayev onunla cinsi əlaqədə olmaq istəyib.
Amma Samirə Əliyeva onun istəyi ilə razılaşmayıb. Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı o, Samirə Əliyevanı döyüb. Samirə Əliyeva döyülməsi nəticəsində bədənini müxtəlif nahiyələrindən xəsarətlər alıb.
Daha sonra Zamiq Paşayev həmin ilin sentyabrın 5-də, gecə saat 3 radələrində sosial şəbəkədə cinsi azlıq olan Həmid Məmmədovla (ad və soyad şərti verilib) tanış olub. O, Həmid Məmmədovu qarət etmək məqsədilə Biləcəridə kirədə qaldığı evə çağırıb. Həmid Məmmədov Zamiq ilə cinsi əlaqədə olmaq üçün 20 manat istəyib. Zamiq də onun dediyi məbləğlə razılaşıb.
Bundan sonra Həmid Məmmədov onun dediyi yerə gəlib və küçədə onlar görüşərək evə gediblər. Zamiq Paşayev evdə Həmid Məmmədovla bir neçə dəfə qeyr-təbii yolla cinsi əlaqədə olub. Sonra Həmid ondan istədiyi 20 manatı alıb.
Zamiq Paşayev Həmid Məmmədovu yola salmaq üçün evdən çıxıb. O, evdən çıxarkən özü ilə bıçaq götürüb.
Zamiq Paşayev küçədə Həmid Məmmədova basqın edib. O, əvvəlcə verdiyi 20 manatı, sonra 85 manat pulu və dəyəri 100 manat olan "Samsung Duos” markalı telefonu Həmiddən alıb.
Həmid Məmmədov baş verən quldurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsi 6-cı polis bölməsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zamiq Paşayev tutulub.
Zamiq Paşayev Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamiq Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Zamiq Paşayevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mirzəli Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası Zamiq Paşayevin şikayətini təmin etməyib. (teleqraf.com)