“Memar Əcəmi” stansiyası qarşısındakı qətlin təfərrüatları — bacısını görüşə dəvət edibmiş
Bakıda metronun “Memar Əcəmi” stansiyası qarşısında 21 yaşlı oğlanı öldürən şəxs polisə təslim olub.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1999-cu il təvəllüdlü Hüseynov Mirismayıl Mircəlal oğlu könüllü olaraq Polis İdarəsinə gələrək təslim olub.
O, ilkin ifadəsində öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışaraq, görüşə dəvət etdiyi üçün bu hərəkəti etdiyini deyib.
***
Bakının Nəsimi rayonu ərazisində, metronun “Memar Əcəmi” stansiyasının qarşısında baş verən qətlin təfərrüatları məlum olub.
Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsindən verilən məlumata görə, bu gün saat 14:15-də metronun qarşısında 1995-ci il təvəllüdlü Ələkbər Vahid oğlu Muxtarov bıçaqlanıb. Onun bədənində çoxsaylı bıçaq xəsarətləri aşkar olunub.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, hadisə qısqanclıq zəmnində baş verib. Belə ki, mərhum Facebook-da bir qızla tanış olub. Onlar görüş yerini “Memar Əcəmi” metrosu yaxınlığında təyin ediblər. Görüş yerinə gələn Ə. Muxtarov orada naməlum şəxsin hücumuna məruz qalıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.