Azərbaycanda 27 yaşlı kişi dəhşət saçdı: Bir qohumunu öldürdü, birini yaraladı
İyulun 26-da gecə saat 23 radələrində Şəmkir rayonu, Bayramlı kəndində 1994-cü il təvəllüdlü Ruslan Nağıyevin bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, 1986-cı il təvəllüdlü Xalid Nağıyevə isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla 1993-cü il təvəllüdlü İsmət Cəfərovun həmin gün saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı qohumları - Ruslan Nağıyevə bıçaqla zərbə vurub öldürməsinə, Xalid Nağıyevə isə həyat üçün təhlükəli olan ağır xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində İsmət Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.