Tezalışan maddələrin, pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbir keçirilib.
Azadmedia.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində həyata keçirilən əməliyyat zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin gizli şəkildə satışını təşkil edən paytaxt sakinləri Rakif Mirzəyev, oğlu Aqil Mirzəyev və Sahib Salahlı saxlanılıblar.
Bu şəxslərin ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin anbar yeri kimi istifadə etdikləri saxlanc yerinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda pirotexniki vasitələr aşkar edilib.
Qeyd edilib ki, Rakif Mirzəyev, oğlu Aqil paytaxt ərazisinə bu maddələrin paylanılmasını və satışını təşkil edən əsas şəxslərdən biri olublar. Onlar ifadələrində partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı hər 3 şəxs barəsində araşdırmalar aparılır. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Əldə etdiyimiz məlumata görə, sözügedən əməliyyatı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") keçirib.