Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılmışdır.
**
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 5-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
**
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Yanvarın 5-də polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
**
Yanvarın 5-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 83 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 82 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 3 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
**
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini T.Həşimov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılarkən iki büküm narkotik maddə olan heroin aşkar edilib.
T.Həşimov ifadəsində narkotik maddəni rayon sakini olan bir qadından aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə heroin satan L.Ağayeva da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən də heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.