Azadmedia.az 2022-ci il yanvar ayının 8-də və 9-da daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı təqdim edir
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
- Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 98 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 56, qanunsuz saxlanılan silah-sursatla bağlı 15 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılmışdır.
**
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 8-də və 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi götürülüb.
Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
**
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Yanvarın 8-də və 9-da polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
**
8-9 yanvar tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 617 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 611 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 98 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
**
Qubada iki obyekt 4000 manat cərimələndi
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azadmedia.az-a verilən məlumata görə Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən şadlıq evi və restoran aşkarlanıb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, obyektlərin məsul şəxsləri olan Çingiz Talıbov və Bəxtiyar Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.