Azadmedia.az-dan daxil olmuş sorğuya Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən cavab olaraq bildirilir ki, yanvar ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilmiş, saat 11 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxmış və özünü yerə ataraq intihar etmişdir.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilmiş, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.
Faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.