Baş Prokurorluğun Mətbuat xidmətindən Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirilmişdir ki, fevralın 7-i Qaradağ rayonu ərazisində yaşadığı evdə 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilmişdir.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.