Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən və 2 nəfərin həyatına son qoyan qəza da sürücülərimizin elementar qaydalara biganə münasibətinin faciəli sonudur.
Hava tam işıqlaşmamış (6:50-də) yolun ən sol zolağında məcburi dayanma edən “Mercedes”ə arxadan gələn “Honda”nın çırpılması dayanan avtomobilin sürücü və sərnişini üçün faciə ilə bitib. Onlar avtomobilin sıradan çıxan təkərini təmir etməyə (yəqin ki, dəyişməyə) çalışırmışlar. Polisin məlumatına əsasən, zəruri təhlükəsizlik tədbirləri görülməyib.
Bunu nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynli deyib. Ekspert faciəli qəzadan çıxış edərək sürücülərə aşağıdakı tövsiyələri verib:
"Yolun ən sol zolağı ən təhlükəli zolaqdır. Orada ən ciddi nasazlıqlar yarandıqda belə, maksimum dərəcədə avtomobili yolun sağına çıxarmağa çalışmaq lazımdır. Məsələn, təkərinin havası boşalan, hətta tam diskə oturan avtomobili də çox ehtiyatla sağ zolağa, varsa, yol çiyninə çıxarıb dayandırmaq lazımdır.
Sol zolaqdan və ya orta zolaqdan avtomobili kənarlaşdırmaq heç cür mümkün deyilsə, qəza dayanma işıqlarını qoşmaq (işləyirsə), dərhal qəza dayanma nişanı da qoymaq lazımdır. “Mersedes”in bəzi modellərində baqajı açanda qəza dayanma nişanı görünür, amma bu azdır. Bakı-Sumqayıt yolu kimi sürətli olan yolda həmin nişanı götürüb, avtomobildən 30 metr arxada qırmızısı gələn sürücülərə yönəldilməklə qoymaq lazımdır.
Xırda və yerində qısa müddətə aradan qaldırılan nasazlıqdırsa, çox ehtiyatla onu aradan qaldırmağa çalışmaq lazımdır. Bu zaman arxayınlığa yol verilə bilməz. İşi görərkən çox diqqətli olmaq, sözün həqiqi mənasında bir gözlə daim arxanı nəzarətdə saxlamaq lazımdır. Əgər sərnişinlər varsa, onlardan birinə nəzarət üçün maşının daha təhlükəsiz tərəfində dayanaraq ətrafa baxmaq, təhlükə yaranan kimi xəbərdarlıq etmək tapşırığı vermək lazımdır.
Nasazlıq ciddidirsə, yerində aradan qaldırılması mümkün deyilsə, yaxud uzun müddət çəkəndirsə, avtomobili yuxarıda qeyd etdiyim kimi işarələdikdən sonra sürücü və sərnişinlər dərhal yolun hərəkət hissəsindən kənara çıxararaq orada texniki yardım çağırmalı və gözləməlidirlər. Avtomobilin yanında və ya içərisində olmaq hər an ölüm riski deməkdir.
Əgər bu gün baş verən hadisədə olduğu kimi, qaranlıqdırsa, yaxud toranlıqdırsa, başqa məhdudiyyətli görünmə şəraiti (duman, yağış və s.) varsa, təhlükəsizlik tədbirləri 2-3 qat artıq olmalıdır, yerində təmirin mümkünlüyünə daha diqqətlə yanaşılmalıdır".
"Şəraitə uyğun digər təhlükəsizlik tədbirləri də lazım ola bilər. Hər bir halda təhlükəsizliyə və yol hərəkəti qaydalarına biganə münasibət ola bilməz. Hər kəs unutmamalıdır ki, heç bir qayda boş yerə yazılmayıb. Onların ən bəsitinin də pozulması son ola bilər.", - deyə Ə. Hüseynli əlavə edib.