Bizi üçüncü devalvasiya gözləyir? - nazir, deputat və ekspertlərin bahalaşma şərhi...
Azərbaycanı üçüncü devalvasiya gözlədiyi haqda həyəcanlı xəbərlər yayılmaqdadır. Maliyyə naziri Samir Şərifovun açıqlaması, deputat Vahid Əhmədovun reaksiyası, ekspertlərin proqnozları, un məmulatının bahalaşması cəmiyyətdə çaşqınlıq yaradıb.
Cahan.info-nun İqtisadiyyat şöbəsi bu məlumatların təfsilatını hazırlayıb və devalvasiya olub-olmayacağını dəqiqləşdirib.
Son zamanlar sosial şəbəkələrdə Yeni ildən sonra kommunal xidmətlərin, benzinin və dolların qiymətində bahalaşmanın olacağı ilə bağlı müzakirələr aparılır. Bir çoxlarını isə bu bahalaşmanın qida məhsullarının qiymətinə necə təsir edəcəyi maraqlandırır.
İqtisadçı-alim Qubad İbadoğlu feysbukda yazıb ki, dünya bazarında neftin qiyməti ucuzlaşmaya başlayanda Bakıda rəsmilərin könlündən manatın yenidən devalvasiya keçir:
"Əslində bu xüsusilə də büdcənin doldurulması baxımından asan və cəlbedicidir. Gəlin sadə bir hesablama aparaq.
Bu günlərdə təsdiq olunmuş 2019-cu ilin büdcəsinə Dövlət Neft Fondundan (DNF) 11 milyard 364 milyon manat vəsait transfer olunacaq. Bilirsiniz ki, DNF-yə vəsaitlər dollarla daxil olur.
Bu isə o deməkdir ki, manatın məzənnəsi gələn il sabit qalarsa onda DNF-dən transfer 6 milyard 685 milyon dolların (11.364 mln. manat/1.7 manat) ekvivalentində olacaq.
Əgər manatın məzənnəsi 1.7 AZN deyil, gələn il orta hesabla 1.8 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 6 milyard 313 milyon dollar, 1.9 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 5 milyard 981 milyon dollar, 2 AZN-ə qədər ucuzlaşarsa.
Onda NF-nin büdcəyə transferi 5 milyard 682 milyon dollara qədər azala bilər. Bu isə təxminən 1 milyard dollara qənaət deməkdir.
İkincisi, Azərbaycan həqiqətən də bahalı, lakin keyfiyyətsiz və təhlükəli idxal mallarının idxalı üçün cəlbedici ölkəyə çevrilir.
Nəhayət, manatın məzənnəsinin 1 il 7 aydır ki, durduğu yerdə qalması qeyri-neft ixracatının artım tempini aşağı düşməsində əhəmiyyətli rol oynayır.
Bir sözlə, Maliyyə naziri demək istəyir ki, manatın məzənnəsinin sabit saxlanılması siyasəti dəyişəcək. Onun nə qədər tez baş verməsi, həm də dünya bazarında neftin qiymət səviyyəsindən asılı olan məsələdir".
Cahan.info xatırladır ki, big.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, vergi məcəlləsinə olan son dəyişikliklərdən sonra aksiz maraqlı bütün məhsullar bahalaşacaq.
Yanvar ayından sonra bahalaşma sürətlə gedəcək. Ümumi ərzaq məhsulların bahalaşması gözlənilir. Digər daşınmaz əmlak, xidmət sahələrində də bahalaşma olacaq.
"Bəzi qüvvələr qan çıxmayan yerdə bəzi problemlər yaratmağa çalışırlar”. Bunu maliyyə naziri Samir Şərifov "Real TV”-yə müsahibəsində manatın məzənnəsi ilə əlaqədar ötən gün səsləndirdiyi fikrin manatın devalvasiyası kimi yozulmasına münasibət bildirərkən söyləyib.
S. Şərifov qeyd edib ki, dediyi hər bir sözün altına imza atmağa hazırdır: "Mən qeyd etmişdim ki, manatın kəskin möhkəmlənməsi iqtisadiyyatımız, ilk növbədə milli istehsal üçün faydalı deyil.
Eyni zamanda ixracatla məşğul olan sahibkarlarımız üçün də faydalı deyil. Kim bununla bağlı mübahisə etmək istəyir, mən hazıram. Əslində mən büdcə qaydası prizmasından bu məsələyə toxunmuşdum.
Çünki biz büdcə qaydası ilə hər il orta və uzunmüddətli dövrdə dövlət büdcəsinin, daha doğrusu, dövlət xərclərinin maliyyələşdirilməsi üçün neft daxilolmalarından istifadə səviyyəsin müəyyənləşdiririk.
Bu, bizə nəyə görə lazımdır? Çünki neft daxilolmaları yüksək olduğu zamanlar istər-istəməz təzyiqlər arta bilər ki, biz bu vəsaitdən daha çox xərcləyək".
Cahan.info-nun İqtisadiyyat şöbəsi xəbər verir ki, Bakıda un və un məhsulunun qiyməti qalxıb. Son üç ay ərzində unun qiymətində hissə-hissə artım baş verib.
Belə ki, 3 ay əvvəl 50 kiloqramlıq unun qiyməti 20 manat 60 qəpik idisə, hazırda 24 manat 60 qəpiyə təklif olunur.
Bu da un və un məmulatlarının satışına təsir edir. Unun bahalaşmasına səbəb kimi dünya bazarlarında baş verən qiymət artımı göstərilir.
Deputat Vahid Əhmədov isə Maliyyə Nazirliyinin rəsmisinin onu təxribatçı adlandırmasına münasibət bildirərkən deyib ki, biz 2015- ci ilin devalvasiyasını hələ yaddan çıxarmamışıq: "Bizim banklarımız hələ də özünə gələ bilməyib. Əhali çox əziyyət çəkir.
Bütün bunları və faktiki vəziyyəti nəzərə alaraq əhalini müəyyən qədər sakitləşdirməyə çalışmışam. Yəni, elə bir ciddi problem yoxdur. Devalvasiya hazırda gözlənilmir.
Onların məni təxribatçı adlandırımağını başa düşə bilmirəm. Nə varsa onu açıqlayıb deyirəm.
Mən mətbuatdan heç vaxt qaçmamışam və qaçmaq da fikrim yoxdur. İndi görünür ki, fikirlərim kiminsə xoşuna gəlmir. Ona görə bu vəziyyət ola bilər. Sadəcə analiz verib prosesə qiymət vermişəm".