AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərzaq bazarının nəhəngi Azərsun – monopoliya, media və istehlakçı üçbucağında

  • + A
  • - A
  • Bu gün, 14:29

    Ərzaq bazarının nəhəngi Azərsun – monopoliya, media və istehlakçı üçbucağında

    Azərbaycanda gündəlik tələbat mallarından danışarkən ilk ağıla gələn adlardan biri “Azərsun Holdinq”dir. Müxtəlif brendlərlə satışda olan çay, şəkər, yağ, konserv, makaron və digər məhsulların arxasında məhz bu şirkət dayanır. Amma bir çoxları üçün tanış bu brendin arxasında təkcə istehsal deyil, həm də böyük bir monopoliya strategiyası, qiymətlərin süni tənzimlənməsi, rəqabətin sıradan çıxarılması və mediada ciddi təsir gücü dayanır.
    İlk öncə monopoliyanın “şirin tələ”sinə diqqət ayıraq.
    Azərsun-un ərzaq sektorunda uzun illərdir formalaşmış dominant mövqeyi, rəqiblərin bazarda yer tutmasını çətinləşdirir. İstehlakçılar alternativlərə çıxışda çətinlik çəkirlər, çünki məhsul çeşidləri fərqli adlarla təqdim edilsə də, demək olar ki, hamısı eyni istehsalçıya məxsusdur. Bu, bazar iqtisadiyyatı baxımından ciddi təhdid sayılır: rəqabət olmadıqda, keyfiyyətin yüksəlməsi və qiymətin stabilləşməsi mümkün deyil.

    Məsələn, günəbaxan yağı bazarının təxminən 85%-i Azərsun Holdinqin məhsullarından ibarətdir. Rəqib kiçik şirkətlər isə ya Azərsun-un topdansatış şərtlərinə uyğunlaşmağa, ya da ümumiyyətlə bazarı tərk etməyə məcbur olurlar. Bu da real rəqabəti aradan qaldıran süni baryerlər yaradır.

    2022-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edilən bir hesabatda bəzi regional tədarükçülər açıq şəkildə bildirmişdilər ki, supermarketlərdə Azərsun-un məhsulları üçün xüsusi və daha sərfəli şelf yerləri ayrılır. Digər istehsalçılar isə ya arxa rəflərdə yerləşdirilir, ya da ümumiyyətlə rədd cavabı alır.
    Süni qiymət artımı və “istehlakçı soyğunçuluğu” təəssüf ki, davam edir.
    Müşahidələr göstərir ki, dünyada ərzaq qiymətləri enməyə doğru getdiyi dövrlərdə belə, Azərbaycanda çox az məhsulların qiyməti ya dəyişməz qalır, əksəri artır. Halbuki dünya bazarlarında günəbaxan yağı, şəkər və çayın topdansatış qiymətləri 2023-cü ilin sonundan bəri 15-20% azalmasına baxmayaraq, daxili bazarda bu azalma hiss olunmayıb. Əksinə, bəzi məhsulların qiyməti artmaqda davam edib.

    Məsələn, 2024-cü ilin əvvəllərində “Final” günəbaxan yağının 1 litr qablaşdırmasının qiyməti 4.30 manatdan 4.80 manata qədər qalxdı. Halbuki, bu dövrdə Ukraynadan və Rusiyadan idxal edilən xammalın qiyməti düşmüşdü. Aydın məsələdir: azad bazarda bu, qeyri-normaldır. Qiymətlər ya sabit qalmalı, ya da enməli idi.

    Bu vəziyyət istehlakçıya qarşı susdurulmuş iqtisadi soyğun modelidir. Rəqabətə imkan verilmir. Monopoliya şəraitində şirkət istədiyi qiyməti diktə edə, artımı da istədiyi arqumentlə “əsaslandıra” bilir. Halbuki real iqtisadi analizlər göstərir ki, bu əsaslandırmaların bir çoxu manipulyativdir.
    Gələk yaralı yerimizə - susdurulmuş media və hədiyyəli səssizliyə...
    Ən diqqət çəkən məqamlardan biri də Azərsun haqqında Azərbaycan mediasında tənqidi materialların yox dərəcəsində olmasıdır. Bu da təsadüfi deyil. Holdinq ölkənin bir sıra aparıcı media qurumları ilə maliyyə dəstəyi, bahalı hədiyyələr və PR müqavilələri əsasında əməkdaşlıq edir.

    Məlumatlara görə, holdinq 2023-cü ildə müxtəlif media qurumlarına, bloqqerlərə və tanınmış jurnalistlərə “brend bağlamaları”, “bayram paketləri” və 3000-5000 manat arası pul mükafatları göndərib. Bu “dəstək”lərin qarşılığında isə Azərsun haqqında mənfi informasiyalar ya yayımlanmır, ya da redaktə edilərək yumşaldılır.
    Bu cür maliyyə yönümlü təsir mexanizmi, medianın əsas vəzifəsi olan ictimai nəzarət funksiyasını sıradan çıxarır. Hətta sosial şəbəkələrdə səsləndirilən tənqidlər belə təşkilatlanmış trollar və PR komandaları vasitəsilə neytrallaşdırılır.
    Yerli bazarda fəaliyyət göstərən bəzi kiçik ərzaq istehsalçıları qeyri-rəsmi şəkildə bildirirlər ki, Azərsun-un təsir dairəsində olan topdansatış şəbəkələri rəqib malları qəbul etmir. Bəziləri isə sadəcə susur, çünki qorxurlar.

    Bu vəziyyət “azad bazar” prinsipi ilə tam ziddiyyət təşkil edir. Nəticədə kiçik və orta sahibkarlar ya susur, ya da rəqabətdən çəkilir. Bu isə Azərsun-un “təbii deyil, süni yolla böyüdülmüş” hegemonluğunu daha da gücləndirir.
    Azərsun, bir holdinq olaraq biznes qurmaq hüququna və qazanc əldə etmək məqsədinə sahibdir. Amma bu məqsəd ictimai rifah və azad bazar prinsipləri ilə ziddiyyət təşkil edəndə artıq təkcə iqtisadi məsələ deyil, sosial məsuliyyət məsələsinə çevrilir.

    Media isə bu məsələdə ya maraqlı tərəf olmamalı, ya da məsuliyyətsiz susqunluq nümayiş etdirməməlidir. Hər nə qədər ekranlarda və qəzet səhifələrində Azərsun haqqında yalnız “müsbət” xəbərlər görünsə də, bu o demək deyil ki, şirkət hər şeyi düzgün edir.

    Əksinə, şəffaflıq, məsuliyyət və rəqabət olmadan inkişaf mümkünsüzdür. Monopoliya daimi olsa da, ictimai təzyiqin gücü hər zaman potensialdır. Bu gücü artırmaq üçün həm vətəndaş cəmiyyəti, həm media, həm də dövlət qurumları səssizliyi pozmalıdır.
    Elnurə Abuşova
    #azərsun #inhisar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR