Ermənistan parlamentinin sədri TRIPP layihəsində Rusiyanın iştirakını real saymır

Ermənistan parlamentinin sədri TRIPP layihəsində Rusiyanın iştirakını real saymır
Ermənistan Milli Assambleyasının (sədri Alen Simonyan Rusiyanın “Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP – Trump Route for International Peace and Prosperity) layihəsində iştirakını real hesab etmədiyini bildirib.
Simonyan fevralın 10-da jurnalistlərə açıqlamasında qeyd edib ki, TRIPP Ermənistan–ABŞ təşəbbüsüdür: “Bunu necə təsəvvür edirsiniz? TRIPP Ermənistan–Amerika təşkilatıdır”, – deyə o vurğulayıb.
Parlament sədri xatırladıb ki, Ermənistan ərazisindən keçən nəqliyyat və yükdaşımalar yalnız TRIPP çərçivəsi ilə məhdudlaşmır. Onun sözlərinə görə, məsələn, Azərbaycan üzərindən Ermənistana un, buğda və ya neft məhsullarının gətirilməsi TRIPP layihəsi çərçivəsində baş vermir.
Simonyan əlavə edib ki, Rusiya tərəfi layihənin genişləndirilməsi və yeni istiqamətlərin əlavə olunması ilə bağlı təklif irəli sürə bilərdi. O bildirib ki, TRIPP-ə bənzər mexanizm uzun müddətdir gündəmdə olub və müzakirə edilib, lakin ABŞ-la əməkdaşlıq çərçivəsində bu təşəbbüs sülh prosesinin əsas sütunlarından birinə çevrilib.
Parlament sədri Rusiyanın mümkün iştirakının yalnız Amerika tərəfinin təşəbbüsü və Ermənistanın razılığı ilə nəzərdən keçirilə biləcəyini də istisna etməyib.
Sonda Alen Simonyan Rusiyanın TRIPP layihəsinə fokuslanmamalı olduğunu qeyd edib: “Bu, Ermənistan ərazisindən keçən yeganə yol deyil. Keçmişdə də olub, gələcəkdə də olacaq bir çox yollar var”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.