İqtisadçı: "Meyvə və tərəvəz məhsullarının qiymətində artım müşahidə olunur"

2026-cı ilin ilk rübündə Azərbaycanda istehlak bazarında qiymətlərdə artım qeydə alınıb. Rəsmi statistikaya əsasən, ümumi inflyasiya 5,7 faiz təşkil edib. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə qiymət artımı daha yüksək – 6,8 faiz olub.
Məlumata görə, 2026-cı ilin mart ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb.
Qiymət artımlarının strukturuna nəzər saldıqda, xüsusilə meyvə və tərəvəzlərin bahalaşdığı müşahidə olunur. Belə ki, mart ayında meyvələrin qiyməti 3,6 faiz, tərəvəzlərin qiyməti isə 3,2 faiz yüksəlib. Həmçinin uzun düyü, çörək, toyuq əti, təzə balıq, süd, pendir, marqarin, günəbaxan və qarğıdalı yağları ilə yanaşı, müxtəlif meyvə və tərəvəz növlərində də bahalaşma qeydə alınıb.
İqtisadçı Vüqar Bayramov bildirib ki, meyvə və tərəvəzlərdə qiymət artımının əsas səbəblərindən biri bu məhsullar üzrə idxalın yüksək paya malik olmasıdır. Onun sözlərinə görə, regionda baş verən geosiyasi proseslər, o cümlədən İran müharibəsi mart ayında idxal inflyasiyasını daha da gücləndirib.
Ekspert vurğulayıb ki, dünya bazarlarında qiymətlərin artdığı bir şəraitdə yerli kənd təsərrüfatı istehsalının genişləndirilməsi daha da aktualdır. Onun fikrincə, idxaldan asılılığın azaldılması qiymət sabitliyinin qorunması və inflyasiyanın təsirlərinin minimuma endirilməsi baxımından əsas çıxış yolu hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.