Analitiklər bildirirlər ki, Yaxın Şərqdəki münaqişələr və El-Ninyo ilə əlaqəli quraqlıq fonunda dünya üzrə dəniz yükdaşımalarının qiyməti kəskin artıb. Bu barədə Financial Times yazır.
Panama kanalı, Reyn, Qırmızı dəniz və Qara dəniz də daxil olmaqla əsas marşrutlarda yükdaşıma tarifləri sürətlə yüksəlib. Qiymət agentliyi Argus-un məlumatına görə, Qırmızı və Qara dənizlərdən Aralıq dənizinə tanker daşımaları üzrə fraxt tarifləri bu həftə son 20 ilin rekord səviyyəsinə çatıb.
Yaxın Şərqdə də oxşar vəziyyət yaranıb. Fars körfəzindən Asiyaya neft daşınması üzrə fraxt tarifləri ötən həftə 2005-ci ildən bəri ən yüksək həddə — bir barel üçün 15,22 dollara yüksəlib.
Asiyadan ABŞ-ın Şərq sahili limanlarına konteyner daşımaları üzrə orta spot fraxt tarifləri isə 234 faiz artıb.
Qiymətlərin yüksəlməsinə yalnız münaqişələr deyil, iqlim dəyişiklikləri də təsir göstərir. El-Ninyonun yaratdığı quraqlıq Panama kanalında su səviyyəsinin aşağı düşməsinə səbəb olub. Nəticədə kanaldan keçid üçün gündəlik hərrac slotlarının orta qiyməti avqust ayında rekord həddə — 1,1-2,5 milyon dollara çatıb.
Beləliklə, geosiyasi gərginliklə yanaşı, iqlim faktorları da qlobal logistika zəncirində xərcləri artıraraq dəniz daşımalarını bahalaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.