AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SARƏNG -110

  • + A
  • - A
  • 17-04-2022, 12:19

    SARƏNG -110

    Masallının mənəvi zirvəsi - şair, həkim, alim, bəstəkar, pedaqoq Mir Kazım bəy ASLANLININ (SARƏNGİN) anadan olmasının 110 illiyidir. Yazıçı-jurnalist Nurəddin Ədiloğlu 40 ildir ki, alimin həyat və yaradıcılığını tədqiqi məşğul olur. Sarəng haqqında məqalələri rus, ihgilis, türk, fars dillərində elmi dərgilərdə dərc olunub. Onun təşəbbüsü 1992 -ci ildə Sarəngin 80 illiyi yubileyi keçirilib, 1996 -cı ildə “Elə baxma, lalə” şeir və qəzəllər toplusu nəşr olunub. N. Ədiloğlu "Yarımçıq qalmış şikəstə"(2005), "Sarəng zirvəsi" (2012) monoqrafiyalarının müəllifidir. AzadMEDİA.az saytı yazıçının Sarəng haqqında qələmə aldığı məqalələlərdən birini izləyicilərinə təqdim edir.


    SARƏNG ÖMRÜNÜN RƏNGLƏRİ…

    Deyirlər, ölmək qorxulu deyil, sağ ikən yaşamamaq qorxuludur. Ölümündən sonra uzun müddət unudulan tibb alimi Mir Kazım Aslanlı bədii əsərlərini Sarəng ədəbi təxəllüsü ilə qələmə almışdır. Görünür, bu təxəllüs onun “Dəmbəlov şikəstəsi” bəstəsi kimi yarımçıq qalmış ömrünün qisməti imiş!
    Deyilənlərə görə, cənubda əfsanəvi Səməndər quşu kimi sarəng adlı balaca nəğməkar bir quş olub; son dəfə Dəmbəlov dağının döşündən pərvazlanıb, İstisuda yuyunub (qüsullanıb), Yanardağda pak vücudu ilə odlara tutuşub, yanaraq külə dönüb və nəsli kəsilib...

    Sarəng tək alış, yan, alovun ərşə ucalsın,
    Can atəşinə qoy isinən millətin olsun!


    Bu, Mir Kazım Aslanlının – Sarəngin ömrünün qayəsi idi. Bir mənası da “yüz rəng” olan bu təxəllüsün sahibinə tanrı bir neçə istedad bəxş eləmişdi. Belə nadir, vergili insanlara dünyada həmişə təsadüf olunmur. Bir neçə sənətin mahir bilicisi olan Sarəngi – Mir Kazım bəyi öz zəmanəsində müasirləri çox yaxşı tanıyırdılar. O, görkəmli alim, cəfakeş həkim, pedaqoq, şair, tərcüməçi, bəstəkar, musiqişünas, poliqlot olaraq geniş şöhrət qazanmışdı.
    Amma çox təəssüflər olsun ki, sağlığında olduğu kimi ölümündən sonra da bir çoxları elimizin-obamızın bu mənəvi ZİRVƏSİNİ görməməzliyə vurublar...
    Bəli, ötən əsrin sart döngələrini, keşməkeşlərini yaşamış Sarəng əhatəsində ömür sürən adamlardan- hətta həmkarlarından, yaxınlarından ağır məhrumiyyətlər görmüş, haqsız yerə sıxışdırılmış, incidilmişdir. Sanki on iki xalqın dilini bilən bu MİLLƏT AŞİQİNİ öz doğma dilində anlamaq, başa düşmək istəməmişdilər.
    Düzdür, şəxsiyyətə pərəstiş dövrünün evlər yıxıb, qapılar bağladığı vədələrdə bəy oğlu Mir Kazım Aslanlının başının üstünü almış qorxunc buludları dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli dağıtmış, onu müdafiə etmişdir. Ancaq həmişə fitri istedadına paxıllıq, qısqanclıq edənlər dünyasını dəyişən günəcən casus kimi onu izləmiş, ömrünü qayçılamışdır.
    Üzeyir bəylə ünsiyyəti Mir Kazım Aslanlının otuzuncu illərin tamamında konservatoriyada təhsil alması, bəstəçilik və ifaçılıq sənətinə yiyələnməsiylə sonuclanır. Buna qədər isə o, iki ali məktəb - Azərbaycan Kənd Təsərrüfatı və N.Nərimanov adına Dövlət Tibb İnstitutunu bitirmişdi. Tibb institutunda dərs deyir, Azərbaycan Dövlət Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda müalicə metodları ilə məşğul olurdu.
    Üzeyir bəy ona - Mir Kazım bəyə piano da bağışlamışdı. Mir Kazım bəyin evində tar, ud, setar, rübab, vialino, qopuz kimi musiqi alətləri var idi və o bu alətlərdə çox gözəl havalar ifa edərmiş. Onun “Aşiqin son nəğməsi”, “Sarı bülbül fantaziyası”, “Baş müxəmməs”, “Masallı masalları”, “Muğam bayatı” kimi əsərləri Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.

    Şer ilə musiqini sevməyə məhkum olalı,
    Ayrılıq atəşi Sarəngi də pərgar elədi.


    Mir Kazım bəy Azərbaycan muğamlarına da çox yaxşı bələd idi. Yazdığı melodiyaların əkrəsiyyəti məhz muğam üstədi. “Sözün yeri könül, ismarlandığı yer düşüncədir, meydana çıxaran dildir” - Həzrət Əli (ə) belə buyurmuşdu. Mir Kazım bəyin aləmində poeziya ruhun musiqisi, musiqi də qəlbin poeziyası anlamıyla səsləşir.

    Söz var musiqidir ruhun qidası,
    Qəlbin məlhəmidir, eşqin sədası.
    ... Ey həkim, olsaydım yerində sənin,
    Musiqi olardı adı nüsxəmin.
    Birinə yazardım mən “Şəbi-Hicran”,
    Birinə yazardım “Sevgili canan”...


    Həkim-şairin vəsfində musiqi xəstəni sağlamlaşdıran əvəzsiz bir nemətdir:

    ... Dərdi əridərdim, tez qocaldardım,
    Xəstəmi çalğıyla mən sağaldarım.


    Şerlərində, qəzəllərində, rübailərində Sarəng öz dərdini yazan el aşığına bənzəyir, elə ifa elədiyi melodiyaları da sanki EŞQİN və QƏMİN üstündə kökləyirdi...

    Bənövşə carçıdır sevda dəmindən,
    Üzündə möhrü var hicran qəmindən.
    Üstündə gördüyün şeh damcıları,
    Yəqin göz yaşıdır yar sitəmindən.

    “Dağlar, sizə gəldim deməyə dərdimi, dağlar!”- deyən şairin qəlbinin fərəhi də, dərdinin məlhəmi də özünə, sənətə, haqqa və Vətənə inamı idi:

    Sarəng, həqiqətə, haqqa sən yar ol,
    Nakəsdən, alçaqdan, çalış kənar ol.
    Ey sənət, ey Vətən, ey haqq sən var ol,
    Yalan zəlalətə düşməyə bilməz!..

    Ancaq həyatı başa düşmək, anlamaq, dərk etməklə insanları tanımaq anlayışı ayrı-ayrı şeylərdi. Nakəsdən, alçaqdan uzaqlaşmaq Sarəng üçün də çətin olub. Və əgər belələrinə ürcah olmasaydı, Dəmbəlov dağının döşündə həqiqətən də Gülüstan adlı dünyada şöhrət qazana biləcək bir kurort şəhəri olacaqdı!.. Çox işıqlı arzuları kimi bu niyyətinin üstündən qara xətt çəkənlərsə az deyildi:

    Sarəng rəqiblərin qüvvətli çıxdı,
    ...Tikdiyin sarayı dostların yıxdı.
    El sözü dedilər şerlərinə,
    Səni bu böhtanlar yamanca sıxdı.


    Bu şeir də üstünə saysız-hesabsız uydurmaların hücum çəkdiyi Mir Kazım bəyin avtoportretidi. Təbii ki, hər dövrün vəfasız “dostları” olur.
    Sarəngin süfrəsinin başında oturan, bir elmi müəssisədə çalışdığı üzdəniraq alimlər belə onu dədə-babasının bəy olduğuna, özünüsə kommunist olmadığına görə qınayır, əslində isə dediyimiz kimi, fitri istedadına paxıllıq edirdilər.

    Aşıb-daşacaqdır ellər qəlbində,
    Mənim gövhərlərim vaxtı gələndə...


    Bu da Mir Kazım bəyin uzaqgörənliyindən soran verən könül təranəsidir. Ona görə - ÖLÜM ömrün sonu deyil, mənzilbaşıdır:

    Ölüm yoxdur bu aləmdə,
    cismim cismə təbəddüldür.


    - deyəndə də Sarəng öz RUHUNUN əbədiyaşarlığına inanırdı.
    ...Bu gün onun əziz ruhunun şad və yad olunmağa böyük haqqı var.
    1992-ci ildə Masallıda Sarəngin 80 illik yubileyi adına layiq qeyd olundu. Lakin 2002-ci ildə 90 illik yubileyinin keçirmək təklifinə məhəl qoyan olmadı. Söz yox ki, Sarəngin zəngin ədəbi irsinin öyrənilməsi davam etdirildi. 1996-cı ildə 85 illik yubileyi ərəfəsində oxuculara onun “Elə baxma, lalə” şeir və qəzəllərdən ibarət kitabını təqdim olundu. 2005-ci ildə həyat və yaradıcılığına həsr olunmuş “Yarımçıq qalmış şikəstə” monoqrafiyası 95 illik yubileyi ərəfəsində Sarəngsevərlə hədiyyə edildi. Azərbaycan Radiosunda “Sarəng ömrünün hekayətələri” adlı bir saatlıq maraqlı veriliş radio-dinləyicilərinə təqdim olundu. Yeri gəlmişkən, bu veriliş radionun qızıl fonduna daxil edilib.
    100 illiyində -2012-ci ildə “Sarəng zirvəsi” adlı kitab işıq üzü gördü, tanınmış rejissor Aydın Dadaşovun “Tərk etmə məni…” tammetrajlı sənədli filmi respublikamızın cənub bölgəsinin tamaşaçılarına təqdim olundu.
    Sarəng barədə son illərdə qələmə alınan məqalələr rus, ingilis, türk dillərinə tərcümə edilib və dünya oxucusuna təqdim olunub.
    Sarəngin “Güllər” şeirində insanpərvər şair obrazını görmək olur.

    Bir güldən eşitdim: - Bahar var olsun!
    Bir güldənsə: -Bəşər bəxtiyar olsun!
    Bir güldən eşitdim: Davaya nifrət,
    Bir güldən də: Allah bizə YAR olsun!


    Sonda Sarəngin günümüzlə səsləşən bir şeirini oxuculara təqdim edirəm.

    Yalan doğruluğu əsir alanda,
    Fitnə həqiqəti dərdə salanda,
    Həya, abır, ismət yanda qalanda,
    Dovran zəlalətə duşməyə bilməz!

    Hiylələr sel olub cıxsa qurşağa,
    Aqil mohtac olsa əgər axmağa,
    Torpaq borc verərsə odu caxmağa,
    Zaman zəlalətə duşməyə bilməz!

    Qarğa nəğmə desə, bulbul ağlasa,
    Cəhalət tikandan dəstə bağlasa,
    Lalənin bağrını xəzan dağlasa,
    Reyhan zəlalətə duşməyə bilməz!

    Caqqallar dunyada mərama yetsə,
    Ceyranlar baş alıb meşədən getsə,
    Tulku-mulku gəlib koxalıq etsə,
    Aslan zəlalətə duşməyə bilməz!

    Sarəng, HƏQİQƏTƏ, haqqa sən yar ol!
    Hakəsdən, alcaqdan calış kənar ol!
    Ey sənət, ey vətən, ey HAQQ, sən var ol!
    Yalan zəlalətə duşməyə bilməz!

    Allah ruhunu daima şad eləsin!


    Nurəddin ƏDİLOĞLU, Sarəngin tədqiqatçısı, yazıçı-jurnalist



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR