AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Üzeyir bəy və Mir Kazım Aslanlı

  • + A
  • - A
  • 18-09-2021, 00:00


    18 sentyabr dahi bəstəkar, böyük ictimai xadim, publisist, dramaturq, pedaqoq Üzeyir bəy Hacıbəylinin Azərbaycanın taleyinə günəş kimi doğulduğu gündür. Təsadüfi deyil ki, doğma Azərbaycanın hər səhəri onun yadigarı olan Dövlət Himnimizin sədaları ilə açılır. 18 sentyabr ölkəmizdə həm də Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün bizimlə yanaşı addımlayan 136 yaşlı ölməz sənətkarımızın fədakarlığı, cəfakeşliyi və vətənpərvərliyi haqqında nə qədər kitab və məqalələr yazılsa da az olar. Bu kiçik yazıda bütün əsərlərində insan azadlığını tərənnüm edən, istibdada, zülmə, hökmranlığa qarşı çıxan Üzeyir bəyin sürgündən xilas etdiyi bir tələbəsi – şair, alim, həkim bəstəkar, pedaqoq Mir Kazım Aslanlı – Sarəng haqqında söhbət açmaq istəyirəm.

    ...Ötən əsrin şəxsiyyətə pərəstiş dövrünün evlər yıxıb, qapılar bağladığı vədələrdə bəy oğlu 25 yaşlı Mir Kazım Aslanlının başının üstünü almış qorxunc buludları Üzeyir Hacıbəyli dağıtmış, haqsız yerə həbs olunmasının, sürgünə göndərilməsinin qarşısını almışdır. Dahi bəstəkar ixtisasca ali təhsilli aqronom və həkim olan Mir Kazımın musiqiyə sonsuz marağını görüb onu konservatoriyada həm işə qəbul edir, həm də orada musiqi təhsili almasına şərait yaradır...
    Üzeyir bəylə müəllim-tələbə münasibətlərindən söz düşəndə M. Aslanlı deyirdi: “Arşın mal alan”da Əsgərin “Halal olsun, Süleyman” kəlməsini xatırlayırsınız? Bax, mənə də Süleyman Ələsgərov məsləhət bildi ki, Üseyir bəylə tanış olum...” Otuzuncu illərin tamamında Uzeyir bəylə yaxın ünsiyyəti M.Aslanlının üçüncü ali təhsil almasına – bəstəçilik və ifaçılıq sənətinə yiyələnməsi ilə sonuclanır. Üzeyir bəy hətta sevimli tələbəsinə piano da hədiyyə edir. Eyni zamanda, ona şəhərin Əli Bayramov küçəsində birotaqlı mənzil verilməsinə birinci müavini vastəsi ilə köməklik göstərir. O zaman Azərbaycan Konservatoriyasının rektorunun birinci müavini Üzeyir bəyin qohumu Ramazan Xəlilov idi. Professor R. Xəlilov sonralar Ü. Hacıbəyovun Dövlət Xatirə-Ev Muzeyinin direktoru vəzifəsində çalışmış, Əməkdar mədəniyyət xadimi, "Şöhrət" ordeni ilə təltif edilmişdir.
    Tələbə yoldaşım, Üzeyirbəyşünas alim Səadət Qarabağlı 90-cı illərdə həmin muzeydə elmi katib (daha sonra muzeyin direktoru) vəzifəsində çalışarkən Üzeyir bəyin M.Aslanlıya bağışladığı pianonun muzey tərəfindən alınması təklifi ilə mənə məktub yazdı. Bildirdi ki, Üzeyir bəylə M. Aslanlının arxivində nə varsa, muzey onu almağa hazırdır.
    “Dahi bəstəkarın o yadigar pianosundan başqa evimizdə qopuz, tambur, setar, kamança, tar, vialino, skripka və başqa musiqi alətləri də var idi.” Bu söbəti mənə Fəridə Aslanlı ədəbi təxəllüsü “Sarəng” olan ömür-gün yoldaşı Mir Kazım bəylə xatirələrini danışarkən etmişdi. Fəridə xanımın dediyinə görə, qonşu olduqları İbrahim bəy Topçubaşov Flora xanımla tez-tez onlara gəlib, Üzeyir bəyin Mir Kazıma bağışladığı pianoda yeni bəstələdiyi mahnıları çalıb- oxuyarlarmış...
    “Üzeyir bəyin ölüm xəbərini eşidəndə Mir Kazım çox mütəəssir oldu. O günlərdə qələmə aldığı “Bu sabah” rədifli bir qəzəlini özü mənə oxumuşdu:

    Yenə hicran bağını dərdü-qəm almış bu sabah,
    Gülşəni tərk edərək qönçə saralmış bu sabah.
    Gül köçüb, baxça solub, bülbül uçub, bağban ölüb,
    Dünya bilsən gözlərimdə nə daralmış bu sabah.
    Ah, dünən göy görünən alçalı dağlar da yanıb,
    Gün vuran zirvələri şaxta, qar almış bu sabah.
    Yenə heybətli buludlar doluxub ağlamağa,
    Bürümüş hər yanı çən, göy də qaralmış bu sabah.
    Üzeyir – xalqımızın dahi, böyük bəstəkarı,
    Saralan çöhrəsini çən-qubar almış bu sabah.
    İndi bilməm oyadan ahu-fəğan ilə məni,
    Yaralı ceyran imiş, ya ki, maralmış bu sabah?!
    Olma diltəng belə, Sarəng, yenə yaz güllər açar,
    Çox da qəmlər çəməni, bağı sar almış bu sabah.”

    Ancaq Mir Kazım bununla da təsəlli tapmamış, ertəsi gün skripkasını götürüb Fəxri Xiyabana gedib, gənc yaşlarında onu fitnə-fəsadlardan qorumuş ustadının məzarı üstündə ağlaya-ağlaya onun “Sənsiz” romansını çalmışdı.
    Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
    Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

    Deyilənlərə görə Mir Kazım Aslanlı o gündən başlayaraq ilin bütün fəsillərində hər həftənin cümə günü Fəxri Xiyabana gəlir, sevimli skripkasında Üzeyir bəyin romanslarını, opera və operettalarından sevdiyi ariyaları çalıb Allahdan ustadına rəhmət diləyib Fəxri Xiyabanı tərk eləyərdi.
    1975 -ci ildə Bakıda 63 yaşındaykən əcəl gəlib onun da qapısının ağzını kəsdirmişdi... Övladı yox idi. Vəsiyyətinə görə Fəridə xanım və qohumları onu Masallıda - İstisuya gedən yolun yaxınlığında, əfsanəvi Göz Öküzün məzarı adlanan yerdən aralı dəfn etdilər.
    ...Üzeyir bəyin bağışladığı piano isə M. Aslanlının evini “tərk edəndən” sonra əldən-ələ ötürüldüyü üçün onun yeni sahibini tapmaq müşkülə dönmüşdü. “Yoxa çıxan” təkcə dahi bəstəkarın hədiyyəsi deyildi, həm də Sarəngin öz əlyazmaları, ərəb və fars dillərindən etdiyi tərcümələr, şeirlər, özünün bəstələdiyi mahnıların notları, elmi məqalələri idi. Fəridə xanım çox sonralar deyirdi ki, Mir Kazımın ölümündən sonra evimizə gələn bəstəkar dostları not yazılarını, şair dostları şeirlərini çap etdirmək adı ilə məndən alıb apardılar... “Alıb apardılar.” Ehtiyac içində yaşayan Fəridə xanım “satdım” kəlməsini dilinə gətirmirdi. Gələnlər evində olan qədim musiqi alətlərini də, kitabları da dəyər-dəyməzinə alıb apardılar.
    2 sentyabr 1988-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetində şair-alim Dəmir Gədəbəyli “Sazdan sözə, sözdən işə” məqaləsində təəssüf hissi ilə yazırdı:“Həyatdan vaxtsız köçmüş tibb elmləri namizədi, dosent Kazım Aslanlının həm də musiqi ixtisası vardı. O, böyük bəstəkarımız Ü.Hacıbəyovun tələbəsi olmuşdu. Gözəl skripka, piano çalır, musiqi bəstələyirdi. O, skripkada “Baş müxəmməsi” çalanda könülləri titrədirdi. Sözüm bunda deyil. Kazım Aslanlı 1968-ci ildə bizim musiqidə – Şərq musiqisində nota almaq işini asanlaşdıran (dörddə bir) səslər barədə elmi iş yazmışdı. Həmin əsəri o, respublika Bəstəkarlar İttifaqına, Mədəniyyət Nazirliyinə təqdim etmişdi. Ancaq bəzi bəstəkarlarımız ona “bu məsələni açıb-ağartmamağı” tövsiyə etmişdi. Çünki Avropa musiqisində ¼ səslərin yazılışı yoxdu. O vaxtlar K.Aslanlı fizika institutunda laboratoriya şəraitində həmin səsləri ölçdürmüş və mövcud olmasını təsdiq edən sənəd də gətirib əsərlərinə əlavə etmişdi. O, həmin səslərə uyğun yeni pianonun sxemini də vermişdi. Ancaq təəssüf ki, alimin işinə əhəmiyyət verən olmadı.”
    Ən maraqlısı o idi ki, Üzeyir Hacıbəylinin 80 illiyinə həsr etdiyi bu elmi əsəri M. Aslanlı 1965-ci ildə kril əlifbası ilə Azərbaycan, əski əlifba, ərəb-fars və rus dillərində qələmə almışdır.
    Onu da qeyd edək ki, Azərbaycan Radiosunun məşhur “Bulaq” verilişi ilk dəfə Mir Kazım bəyin bəstələdiyi musiqi özünün ifası ilə efirdə yayımlanmılşdı. Çox şükür ki, bu həkim-bəstəkarın Azərbaycan Radiosunun qızıl fondunda onun öz ifasında “Aşiqin son nəğməsi”, “Muğam-bayatı”, ''Uca dağlar'', “Sarı bülbül fantaziyası” və başqa əsərləri yadigar saxlanılır.
    ...2012- ci ildə tanınmış kinoşünas, Dövlət Mükafatı laureatı, Əməkdar incəsənət xadimi, professor Aydın Dadaşov Mir Kazım Aslanlı -Sarəngin 100 illiyinə həsr olunmuş "Tərk etmə məni" adlı film çəkdi. Həmin filmdə Sarəngin bacısı oğlu evində köhnə bir pianonu göstərib bildirdi ki, bu, Uzeyir bəyin dayısına bağışladığı pianodur. “Tərk etmə məni” filmi dahi bəstəkarın tələbəsi olan Sarəngin bitib-tükənməyən qəmli nağlına bənzəyirdi...

    Nurəddin ƏDİLOĞLU
    17.09.21.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR