2023-CÜ IL AZƏRBAYCAN RESPUBLİKASINDA “HEYDƏR ƏLİYEV İLİ”DİR
MUĞAM DÜNYASI
Respublika VIII televiziya müsabiqəsinin Şuşa təntənəsi
“Şuşa Azərbaycanın döyünən ürəyidir”
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Bu gün muğam dünyamızdan danışırıqsa, Azərbaycan muğamını milli-mənəvi dəyərlərimizin nadir incisi kimi qeyd etmək olar. Artıq Azərbaycan muğamı dünyəvi muğama çevrilmişdir. Heç bir elmi problem elmi yaradıcılıqda tam əhatəli ola bilməz. Lakin qürurla demək olar ki, ulu keçmişimizdən bu günə zəmanəmizə qədər dialektik inkişafda olan xalqımızın mənəvi dəyəri hesab edilən Azərbaycan muğamı püxtələşmiş, yetkinləşmiş, dünyəvi zirvəyə qalxmış, bir çox xalqlar tərəfindən qəbul edilmişdir.
Müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu və rəhbəri ulu öndər Heydər Əliyev Azərbaycan muğamının inkişafına tarixi dəstək olaraq onu milli zəmində yüksəklərə qaldırmışdır.
Onun layiqli davamçısı, möhtərəm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqının sərvəti olan muğamı olduqca intensiv inkişaf etdirmişdir.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan xalqının mədəniyyət incisi, xalqımızın mənəvi sərvəti olan muğamın xarıcı ölkələrdə, xüsusən də Avropa dövlətlərində təbliği, YUNESKO kimi beynəlxalq qurum tərəfindən muğamın məhz Azərbaycan xalqının milli sərvəti olmasının qəbul edilməsi və təsdiqi, muğamla bağlı böyük layihələrin həyata keçirilməsi xalqın sərvətinə olan təmənnasız qayğı və hörmətidir.
Muğam dilə gətirilərkən öncə Qarabağ yada düşür. Qarabağ Şuşa dünyası görkəmli ədiblər, şairlər, musiqiçilər, xanəndələr yada düşür. Buz bulaqların, dərin dərələrin, sərin meşələrin insan ruhuna bəxş etdiyi gözəlliklər dünyası yada düşür, insan fəaliyyətilə, onun bütün estetik hislərini kökləyən, ovxarlayan möcüzələri dilə gətirən bir varlıq yada düşür. Musiqi, çalıb-çağırmaq, yaratmaq təkcə onun adamlarının qanına hopmuş zərif duyğu deyil, həm də torpağından, daşından, suyundan, təbiətindən göyərmiş əbədi həyat cövhəridir. Buna görə də el arasında deyildiyi kimi: “Qarabağda, Şuşada sanki quşlarda muğam üstündə oxuyur. Bəli, əbəs yerə söyləməmişlər ki, Şuşa Qafqazın sanatoriyasıdır”.
Bu sahədə akademik Teymur Bünyadovun gəldiyi elmi qənaətlər deyilənlərin sübutuna ehtiyac olmayan bir həqiqətdir desək yanılmaz olarıq, o yazır: “Azərbaycanda muğamlar qədim kökü üstündə ilk orta əsrlərdə öz inkişafını davam etdirmiş, daha da mükəmməlləşmişdir. Ərazimizdə VII əsrdə İslam dininin təşəkkül tapması və sonrakı inkişafı bu baxımdan böyük məna və məzmun kəsb edir... Quranın avazla oxunması da öz növbəsində muğam dünyasının inkişafına zəmin yaratmışdır (19, s. 64).
Musiqi tarixindən və ifaçılıq sənətindən yazan müəlliflər içərisində Səttar Hacı Hüsü, Sadıxcan, C. Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül kimi dahi səs ifaçıları olub. Ancaq tarixi musiqi məclisləri barədə vətənpərvər, vətəndaş qiymətini onlardan daha çox Böyük Vətən müharibəsində məhşur Kurski əməliyyatında tank döyüşündə şücaət və igidlik göstərdiyinə görə orden və medallarla təltif olunmuş F. B. Şuşinskinin əsərlərindən bəhrələndiyini etiraf ediblər. Firidun Şuşinski tarix elminin nəzəri problemlərini dərindən mənimsəyib musiqi dünyamızın elə bir sahəsinə müdaxilə etdi ki, həmin aləmi tədqiq və təhlil etməklə xalqın ruhu incəliyi, zərifliyi, estetik zövqü, mərdliyi, qəhrəmanlığı, bütünlüklə keçdiyi acı, çətin, şərəfli yol və iftixar doğuran gözəllikləri barədə, zəngin təsəvvürləri əldə etmək mümkün oldu. Çox çəkmədi ki, onun ayrı-ayrı xalq xanəndələri, musiqiçiləri barədə məqalələri çıxdı. Nəhayət ciddi axtarışlardan sonra Azərbaycan musiqisinin bütöv bir aləmini təhlil-tədqiq edən bir çox ilk mənbə və məxəzləri az qala unudulmaq üzrə olan hafizə və yaddaşları üzə çıxaran, sənədləşdirən, Azərbaycan xalq musiqiçiləri (1970, 1979, 1985) adlı qiymətli kitabı çap olunmuşdur.
Əziz oxucu bu publisistik yazıda məşhur xanəndə, xalq artisti, qəzəlxan, gözəl qalxanlı səs tembri ilə hamını heyran edən mərhum Hacıbaba Hüseyinovun 70-ci illərdə yazdığı gənc muğam oxuyanlara məsləhət şeirindən bir neçə misra söyləmək yerinə düşərdi:
Hər kəsin, hər nə gəlir, ağlına ifa eyləyir,
Musiqimizi zay edən, bizlər üçün ar olsun.
Şeirlər sadələşib, azdı Fizuli eşidən ,
Məncə, eşq əhli, gərək əsli xiridar olsun.
Ey cavanlar, sizi Tanrı, sizə canım qurban,
Qoymayın sizə, bu muğamatımızı xar olsun!
Artıq illər keçdikcə müstəqil Azərbaycanımızın gəncləri Azərbaycan muğamını əlində sükan kimi, bayraq kimi tutaraq onu ən yüksək zirvələrə qaldırdılar.
Bu il 26.08.2022-ci il Televiziya Muğam Müsabiqəsinin Şuşa təntənəsi unudulmaz tarixi bir gün kimi yadda qalacaq və əbədi yaşayacaqdır. Ona görə ki:
1. Muğam Televiziya müsabiqəsinin final mərhələsi çox yüksək səviyyədə keçirilmişdir. Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Teyyub Aslanov, Mənsum İbrahimov, Səkinə xanım İsmayılova, Mələk xanım Əyyubova, Nəzakət Teymurova, əməkdar artist Fərqanə Qasımova, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, icraçı direktor, ərüzşünas AYB-nin katibi İlqar Fəhminin böyük xidmətləri olmuşdur.Bu gün Azərbaycan muğamının qorunub saxlanılmasında əvvəlki muğam müsabiqələrinin iştirakçıları Qoçaq Babayev, Əlibaba Məmmədovun tələbəsi Babək Niftəliyevin, İlkin Əhmədovun, Arif Babayevin tələbəsi Ehtiram Hüseynovun, Mənsum İbrahimovun tələbəsi Təyyar Bayramovun, Güllü Muradovanın, Səbinə Ərəblinskinin və başqalarının adları muğam həvəskarlarının sevimlisinə çevrilmişlər.
2. Bir də ona görə ki, yaddaşlarında əbədi qalacaq elə həmin gün 26.08.2022-ci ildə Azərbaycan Respublikasının yenilməz, igid, qorxmaz, şücaətli, cəsur ordumuz Laçına yerləşdirildi və Laçında Azərbaycan Respublikasının üç rəngli bayrağını səmalarda dalğalandırdı.
3. Bir də ona görə yaddaşımızda əbədi qalacaq məhz elə bu gün Azərbaycan muğamının şöhrət tapmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın doğum gününə təsadüf edilir. 26.08.2022-ci ilin bu günü jurnalist-aparıcı Mehriban xanımla görüşüb, ad günü münasibətilə təbrik edib və soruşub: “Çox hörmətli Mehriban xanım, bu gözəl ad gününüzdə ən böyük arzunuzu eşitmək istərdik?” Mehriban xanım deyir: “Bizim ən böyük arzumuz, Qarabağ muğamını Qarabağda eşitməkdir və xidmətimizi görüb yaşamaq ən böyük xoşbəxtliyimizdir”.
Azərbaycan muğamının pərəstişkarları, respublikamızın Şimal-Qərb bölgəsi olan Zaqatalada milli-mənəvi dəyərlərimiz olan muğama qayğılı münasibətdən danışmasam bu publisistik yazımı özümə bağışlaya bilmərəm. Yaddaşımda qalan bir xatirəni də yazıya almaq istəyirəm.
Ali təhsil aldığım o illərdə tələbə dostlarım hərdən bir zarafatla mənə sataşaraq deyirdilər ki, Şimal-Qərb bölgəsində Zaqatalada ədəbi-bədii mühit, musiqi zəifdir, az inkişaf edir. Muğam eşidən azdır, o qədər də çox deyil. Tələbə dostlarımın iradlarını qəbul etməzdim, Azərbaycan xalq ədəbiyyatı-el çələngi 1982-1983-cü ilin Qara Namazovun müəllifi olduğu kitabda Zaqatala rayonunun Varxiyan kəndindən aşıq Məhəmməd, Aşağı Tala kənd sakini aşıq Dibronun, Qandax kənd sakini aşıq Arabın, Kəpənəkçi kənd sakini aşıq Murtuzəlinin, Əliabadlı aşıq Hüseynin, Çobankol kənd sakini aşıq Kazımın, Zümrüd İbrahim qızının, tanınmış yazıçı-jurnalist Xalidə xanım Hasilovanın (Qımır kənd), keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü Reyhan xanım Camalovanın, Azərbaycan Respublikası əməkdar jurnalisti 30-dan çox kitabın və elmi məqalələrin müəllifi, prezidentin fərdi təqaüdçüsü Əhməd İsayevin və qeyrilərinin adlarını iftixarla çəkərdim. Qeyd edim ki, bölgəmizdə muğam həvəskarları, muğam dinləyiciləri dünən olduğundan bu gün daha çoxdur. Onların sırasında qocaman, sayılıb seçilən onlarla senarilərin və sanballı elmi məqalələrin müəllifi, əməkdar müəllim və alim dərəcəsinə layiq Azərbaycan Müəllimlər Universitetində həmkarım olmuş Sabir Əhməd oğlu Qurbanovun adını şəxsən qeyd etməkdən böyük şərəf duyuram. Yüksək elmi zəkasıyla fərqlənən, Vətən təssübkeşi, dövlətçiliyi dəstəkləyən, hədsiz dərəcədə etik insanlıq normalarına əməl edən bir-birinin ardınca 3 (üç) hissəli “Dədə Qorqud İşığında Kəpənəkçi qədim yurdum mənim” adlı gözəl, nəfis cildli bir ensiklopedik 940 səhifəlik kitabları ərşə gətirərək yeni bir tarixə imza atmış oldu. Sabir müəllimin “Kəpənəkçi ulu kəndin oyaq xatirələri” 3 (üç) hissəli kitabında 280-ci səhifədən 300-cü səhifəyə qədər yazdığı “Doğma ana dilim” adlı senarisi böyük bir elmi əsəri xatırladır. 293 səhifədə göstərir: Həqiqətən, dil, ədəbiyyat, musiqi incə varlıq olmaqla xalqımızın mənəvi sərvətidir. Təsadüfü deyil ki, böyük bəstəkarımız Üzeyir Hacıbəyov, şairlərimizdən Səməd Vurğun, Əliağa Vahid, Bəxtiyar Vahabzadə, Mirzəbaba Mustafayev Azərbaycan musiqisinin, xüsusən qəlbləri vəcdə gətirən muğamımız haqqında neçə-neçə ürəklərə yatan söz söyləmişlər.
Bəli, əziz oxucum, deyirlər söz yerində qızıldır. Bir də belə bir deyim var – “Ovçu buraxarsa ovu bərədən, onu heç taparmı düzdən-dərədən”. Burada Mirzəbaba Mustafayevin müğamımız haqqında yazdığı şeiri oxusaq bu yazdıqlarımıza bir aydınlıq gətirmiş olarıq:
Musiqi, muğam dinləyirəm mən,
Muğamat nəğmələr xəzinəsidir.
Təmiz məhəbbətlə seçən, sevilən,
Odlu ürəklərin vurğun səsidir.
“Rast”ında məna var, göylərdən dərin,
“Şahnaz” sədasıdır düşüncələrin.
“Şur” xəstə Qasımın, böyük Mirzənin,
Aşıq Ələsgərin zənguləsidir.
“Zabul” yada salır, hicran qəmini,
“Qatar” xatırladır, vüsal dəmini.
“Mahur” arzularım, silsiləsini,
Məcnunlar, Kərəmlər nəşidəsidir.
“Bayatı İsfəhan”, “Bayatı Şiraz”,
“Hicaz” dəsgahından heç doymaq olmaz.
Diqqətlə, həvəslə, qulaq as bir az,
Ürək tellərinin dəfiləsidir.
“Seygah”ı nə zaman dinləyirəm mən,
Duyğular karvanı keçir qəlbimdən.
Gözəl həyatımın elə bil ki, sən,
Qoç Koroğlumuzun cəngi səsidir.
Çıxıb seyrangahə bir al səhərdə,
Qulağını bir ver “Bayatı-Kürdə”.
Dayan səmayi-şəms oxunan yerdə,
Gör necə kamanın inləməsidir?
Bu yurdun kamança, qaval səsi də,
Çoban tütəyinin gur nəfəsi də.
Şirin gəraylısı, şikəstəsi də,
Coşqun bir musiqi şəlaləsidir.
Baxın muğama olan insanın iç dünyasının istəyi, sevgisi budur!
Əziz oxucu, etiraf edim ki, mən musiqiçi deyiləm, heç bir musiqi təhsili almamışam. Ancaq uşaqlıq və gənclik illərində həqiqətən çox gözəl və zildən səsim olub. Yaxşı yadımdadır 1959-1960-cı illərdə təxminən 12-13 yaşım olardı. Kəndimizdə VII illik məktəbdə oxuyurdum. Bir gün məni məktəbin direktoru Nurullayev Sədi müəllim otağına çağırdı və eşitmişdir ki, mənim gözəl səs tembrim var. Mənim oxumağımı yoxladı və məsləhət verdi ki, valideynlərinə de ki, səni təcilli musiqi məktəbinə göndərsinlər. Mən kənddə yaşadığım üçün bilirdim ki, valideynlərim mənim təklifimi qəbul etməzlər. Ona görə ki, evin tək oğlu idim və kənddən çıxmağa razı olmayacaqlar. Yaşa dolduqca çox təəssüfləndim, amma hər şey gec idi. Çox təəssüf...
Ali təhsil aldığım zaman ikinci xoşbəxt bir qapı üzümə açıldı. Dedilər ki, dekan Ənvər Seyidov səni dekanatlığa çağırır. Getdim, dedi ki, səni bura çağırmaqda məqsəd hər il seçim edirik. Əlaçı tələbələrdən institutda qalib müəllim işləmək üçün kadr hazırlayırıq. İnstitutun müəllimləri səni məsləhət biliblər. Sevincimin həddi hüdudu yox idi. Mən tez razılıq verdim və dedi ki, sənin şəxsi işinə baxmışıq, evin tək oğlusan, kənddə yaşayırsan, adətən belə hal çox olub, tək oğlu evdən buraxmırlar, get evə icazə al gəl. Biz səndən elimli, məsuliyyətli, yüksək mədəniyyətli bir müəllim olacağına ümid edirik. Sevinə-sevinə evə gəldim, valideynlərimin uzaq görənliyinin olmaması mənə Bakıda 1969-cu illərdən orada qalıb, kadr hazırlığı kimi işləməyimə icazə vermədilər ki, sənə bu kənd evini, bizi qoyub getməyə qəti etiraz edirik. Ənvər Seyidov eşidib dedi, çox heyf vaxt gələcək sən peşman olacaqsan. Bu da ikincisi, çox təəssüf. Yazıq kəndçi.
Yenə qayıdaq musiqiyə. Leninqrad ətrafında hərbi xidmətdə olanda bir gün rotada elan etdilər ki, bu axşam biz bayram gecəsi keçirəcəyik. Kim çalmaq, oxumaq ümumiyyətlə nə ifa edirsə qabaqcadan starşinaya məlumat versin. Mənə yaxın olan Ərəblinski adına Sumqayıt Dram Teatrının aktyoru Əli Nurla məsləhət etdik ki, biz nə edək, Azərbaycanımızı necə təmsil edək. Əli Nur dedi ki, sən gitara çala bilirsənmi. Dedim, institutda tələbə olanda bir neçə havalar çalmağı öyrənmişəm. Bir az məşq edib bayram axşamına hazırlaşdıq. Bizə növbə çatanda mən gitarada çalmağa başladım. Əli Nur qalxanlı səslə əsil artist Koroğlu kimi oxumağa başladı. O elə oxuyurdu ki, hamının çox xoşuna gəldi və alqışladılar. Ondan sonra rotada bizə münasibət dəyişdi.
Burada bir haşiyəyə çıxmaq istəyirəm. Mənim əsgərlik dostum Əli Nurun 2 oğlu var. Onun birisi Vətən müharibəsində şəhadətə ucalıb. Fürsətdən istifadə edib valideynlərə Allahdan böyük səbr versin, şəhidlərimizin isə yeri cənnət məkanı olsun deyək.
Ümumiyyətlə ömürdən ötüb keçən illər (10 illiklər) ərzində Azərbaycan musiqisinə, muğamına olan dərin istək, məhəbbət, sevgi və sayğılarımın nəticəsi kimi bir məqalə çərçivəsində publisist yazı hazırlamağı, şeir, sənət və muğam həvəskarları ilə həmsöhbət olmağı özümə rəva bilmişəm. Əlbətdə bu istək, bu arzu heç şübhəsiz VIII Televiziya Muğam Müsabiqəsinin təsirindən, xoş təsüratından yaranmışdır.
Muğam! Ulu xalqımızın dərin zəkasından, onun fəlsəfi düşüncəsindən yaranıb bu günlərimizə qədər davam edən sənət möcüzəsidir, Azərbaycan muğamı!
Beləliklə bir daha Beynəlxalq Muğam Festivalını xatırlamaq yerinə düşərdi. Dünyanın on yeddi dövlətinin: Azərbaycan, Böyük Britaniya, Macarıstan, Almaniya, İran, İraq, İtaliya, Kanada, Çin, Niderland, Rusiya, Suriya, Tacıkistan, Qüds, Türkiyə, Özbəkistan, Fransanın nümayəndələri bu festivalın iştirakçıları olmuşlar. “Muğam dünyası” adlı elmi simpozium keçirilmiş və bu tədbirdə məruzələr dinlənilmişdir. Mən belə hesab edirəm ki, “Muğam dünyası” fəlsəfəsinin əsas ideyası kimi səslənməsi dahi Heydər Əliyev tərəfindən əsası qoyulan mədəniyyətlərin qarşılıqlı təsir dairəsinin nəticəsidir, məhsuludur.
Hal-hazırda möhtəşəm layihələrə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən mədəni siyasətin təzahürü bütün sahələrdə müasir Azərbaycan mədəniyyətinin inkişafının ümumi xarakterini əks etdirir. Bu prosesdə Azərbaycan xalqının mənəviyyatının genetik əsası kimi muğam başlıca rol oynayır.
Muğamat dalğalanır, dinlə könül nəğməsidir,
Rəqs edənlər də Vətən qızlarının dəstəsidir.
Əllərdə yaylıq tutub, qanad açırlar havada,
Bunu quşlar da görüb rəqsə gəlirlər yuvada.
Qurban olaram muğamın Şuşa təntənəsinə,
Zəfər Günü yaraşan Azərbaycan ölkəsinə.
Ədəbiyyat
1. Şuşinski F. M.
Ş 88. Seyid Şuşinski. Monoqrafiya. Təkmilləşdirilmiş təkrar nəşr.
Bakı, işıq, 1991, 180 səh.
2. Mina Hacıyeva. Azərbaycan Muğam Fəlsəfəsi. Şərq-Qərb Nəşriyyatı, Bakı, 2016, Aşıq Ələsgər küçəsi 17.
3. Azərbaycan Xalq ədəbiyyatı – el çələngi, 1982-1983 il. Qara Namazov
4. Sabir Qurbanov “Dədə Qorqud” işığında Kəpənəkçi qədim yurdum mənim, III hissə, 940 səh. 2017.
Şakir Məhəmməd oğlu İbrahimov (Şakir İbrahimli)
AYB-nin üzvü, Qızıl qələm mükafatı laureatı,
AR-nın fəxri müəllimi,
AR Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları İctimai Birliyinin üzvü
Zaqatala rayonu Çobankol kəndi