"Həmin mahnını 18 minə satmışdım" — Nailə Mirməmmədli 15 ilin sirrini açdı - MÜSAHİBƏ
Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Nailə Mirməmmədli "Ölkə.Az"ın suallarını cavablandırıb.
- Nailə xanım, istərdim öncə yaradıcılıq planlarınızdan danışaq...
- 2006-cı ildə Hikmətlə mənim mahnılarımızdan ibarət solo konsertimiz oldu. Nazpəri Dostəliyeva, Röya Ayxan, Mələkxanım Əyyubova, İradə İbrahimova kimi ifaçıların repertuarında mahnılarımız o qədər çox idi ki, hər mahnıdan bir bənd olmaqla popurri hazırlamışdıq. Bizə həm də dinləyicinin reaksiyası maraqlıydı. Mahnıdan mahnıya keçəndə tamaşaçıların əl çalmağından bilirdi ki, mahnıları nə dərəcədə sevirlər, tanıyırlar. Amma Hikmətdən sonra konsert verməyə heç cür ürək etmirəm.
- Yəni, planınızda yaradıcılıq gecəsi keçirmək yoxdur?
- Əlbəttə, planım var.
- Nə vaxta nəzərdə tutulub?
- Hikmətin sağlığında mən musiqi redaktorluğunu edirdim, qalan işlər onun boynundaydı. İstəmirəm hər müğənni çıxıb desin ki, Nailə yaxşı qızdır, Hikmətə Allah rəhmət eləsin. Non-stop formatında konsert istəyirəm. Ola bilər kimsə bu ideyamı öz adına çıxacaq. Ancaq bu gün 2018-ci ilin iyul ayının 2-dir və bunu birinci mən dedim. İstəyirəm simfocaz orkestrin müşayiəti ilə hər bir oxuyan mahnını oxusun, arada başqa melodiyayla başqa muğam ladına keçid edilsin. Başqa bir müğənni gəlib həmin müşayiətlə öz mahnısını oxusun. Səhnədəki böyük ekranda ifaçının, söz və musiqi müəllifinin adı getsin. Çox istərdim ki, bu konsertdə Azərbaycan hüdudlarından kənardakı ifaçılarımızın da səsi eşidilsin.
- Hikmət Mirməmmədlinin vəfatından sonra yaradıcılığınızda durğunluq hökm sürdü. Və məhz bundan sonra belə fikirlər yarandı ki, bəzi bəstələri sizin adınızdan məhz Hikmət müəllim yazırmış. Doğrudanmı belə şey olurdu?
- Mahnı janrı kütləvidir və xalqa daha yaxındır. Bizi ciddi əsərlərə görə yox, mahnılarımıza görə tanıyıblar. Həm də ciddi əsərlərin səhnəyə qoyulması vəsait tələb edir. Bəzən jurnalist sual verir, elə mahnınız olubmu ki, o başlayıb, siz bitirmisiniz, yaxud əksinə? Tofiq Quliyev demiş, mahnı janrı dinləyicinin 3-4 dəqiqəsini alır. Axı bu necə ola bilər ki, mahnının iki dəqiqəsini mən yazım, iki dəqiqəsini Hikmət? Bu, mümkün deyil. Bəzən olur ki, dinləyicilər zəng vurub Hikmətin mahnısının radioda səsləndirildiyini deyirlər. Bizdə o üslubu Tofiq Quliyev yaradıb.
- Tofiq Quliyevin tələbəsi olmusunuz?
- Bəli, onun iki tələbəsi olub - Hikmət və mən. Bizim Hikmətlə üslublarımız müxtəlifdir. Tofiq Quliyevin həmin müsahibəsinə "Youtube"da baxa bilərsiniz. Heç vaxt bizi üzümüzə tərifləməyib. Deyirdi ki, mənə musiqilər gəlir, amma bilmək olmur kim yazıb. Ancaq Hikmətlə Nailə bir evdə yaşasalar da, üslublarından ayırd edə bilirəm və o üslubu onlarda mən yaratmışam. Milli musiqini Hikmət məndən daha dərin bilirdi. Mən klassikaya daha çox meylliyəm. Bülbül adına musiqi məktəbində 11 il fortepiano təhsili almışam. Təsəvvür edin ki, ailədə iki jurnalistsiniz və yazdığınız məqaləni həyat yoldaşınızın adından təqdim edirsiniz. Bu absurddur axı.
- Ancaq dediyiniz kimi edən jurnalistlər də var...
- Gülməli görünür. Elə bəstəkarlar olub ki, Hikmətin ilinə qədər susduğumu görüb deyilər ki, gördünüz, Hikmət yoxdur, Nailənin səsi çıxmır.
- İstərdim Tofiq Quliyevin tələbəsi olmağınızdan danışaq.
- Mən Pedaqoji Universitetin musiqi fakültəsini fərqlənmə diplomuyla bitirmişəm. Bülbül adına məktəbi bitirib konservatoriyaya sənədlərimi verdiyim il kor bağırsaqdan əməliyyat olundum. Qəbul imtahanında pedalsız ifa etdim və üç aldım. Həmin qiymətlə qəbul olunmağı özümə sığışdırmadım.
- Əslində qəbul edilə bilərdiniz?
- Bəli. Elmira Abbasovaya yaxınlaşdım. Dedi ki, səndə texnika var, hər şey var, amma pedalsız ifa etdin. Başa düşdüm ki, düz deyirlər. Ondan sonra Pedaqoji Universitetə sənədlərimi verdim. O vaxt qayda belə idi ki, iyirmi beş bakılı, iyirmi beş rayonlu qəbul olunmalıydı. Müsabiqəyə düşdüm, rektor Həşim müəllim məni çağırıb dedi ki, musiqidən başım çıxmasa da, səndən imtahan götürən müəllimlər deyiblər ki, biz bu qıza yaxşı qiymət verdik. Rəhmətlik dedi ki, klassikadan başqa nə ifa edə bilərsən. "Leyla" mahnısını ifa etdim, dedi ki, səni bura işə götürürəm, gələn il daxil olarsan. Mən ora laborant kimi işə girdim, sonra konsertmreyster, ardınca müəllim əvəzedicisi işlədim. Təsəvvür edin ki, mənimlə sənəd verib daxil olan tələbələrə dərs keçirdim. Çox gülməli vəziyyət yaranmışdı. Növbəti ilə qəbul olundum. Mən niyə ora bu qədər həvəs göstərirdim? Düşündüm ki, yəqin, bu talenin işidir. Konservatoriyaya daxil olsaydım, yalnız pianoçu kimi bitirəcəkdim. Amma burada xor aranjemanı, orekstr aranjemanı, dirijorluq, musiqişünaslıq, pianoçu kimi sahələri öyrəndim.
- Konservatoriyaya neçənci ildə daxil oldunuz?
- Ailə həyatı qurduq və uşaqlar körpə olduğuna görə bir az yubandı. 1994-cü ildə konservatoriyaya qəbul oldum. Hikmət də dirijorluğa qəbul olmaq istəyirdi, alınmadı. Məndən bir il sonra Hikmət konservatoriyaya-əməkdar incəsənət xadimi, Qara Qarayevin layiqli tələbəsi Elnarə Dadaşovanın sinfinə daxil oldu. Hər ikimiz Elnarə xanımın sinfində oxumuşuq. Elə dövrə düşdük ki, tarix, pedaqogika, psixologiyadan suallar, materiallar dəyişmişdi. Həmin il Tofiq Quliyevə professor adı verildi, konservatoriyaya dəvət olundu. Süleyman Ələsgərovla Xanlar Məlikov rəhmətliklər dedilər ki, Hikmətlə sənin musiqişünas kimi yazdıqlarınız bəstəkarın yazdığına oxşayır. Dedilər, sizi dəvət edək, Tofiq Quliyev ikinizə də qulaq assın. Sevindiyimdən, həyəcandan nə edəcəyimi bilmirdim. Ömür boyu pərəstiş etdiyim insanın qarşısında öz mahnını ifa etməliydim. Biz mahnıdan başqa xor əsərləri də ifa etdik, çox bəyəndi. "Kazbek" siqareti damağında, gözlərini qıyıb dinləyirdi. Adama elə gəlirdi ki, heç səni eşitmir. Amma həyəcandan bəzən barmağım ilişən kimi, gözünün biri açılırdı. Onda anlayırdım ki, çox diqqətlə qulaq asır. Musiqilərimizi bəyəndi və sinfinə götürdü.
- Son 2-3 ildə hansı hitləri yazmısınız?
- Hit sayılmaq xatirinə yazmıram deyə, yadımda deyil. Cavid Qurbanovun sözlərinə üç mahnı yazmışam. Hikmətin "Ürək" adlı mahnısını da arxivdən çıxartmışam. Röya özü dedi ki, papanın (Röya Hikmət Mirməmmədliyə belə müraciət edirmiş-red.) mahnılarından nə var? Biz musiqilərimizi eyni dəftərə yazırdıq.
- Peşəkar bəstəkarlar deyirlər ki, müğənnilər özləri yazıb, özləri aranjeman edib, özləri də oxuyurlar...
- (kinayə ilə gülümsəyərək) Supermarket-hər şey var içində. On doqquz il təhsil almış biri kimi heç vaxt reklamımı düşünməmişəm. Öz mahnılarımı pianinoda ifa edirəm, özüm də oxuyuram və bu, bəzi oxuyanlara gec çatır. Hətta eləsi var ki, deyir, mən Nailə Mirməmmədlidən oxumaq istəyirəm. Xalq artistidir, gəlib bizə, pianinoda mahnını ifa edirəm, soruşur ki, hanı bunun skripka yerləri? (gülür) Eşitmir də.
- Lap o qədər?
- Bəli, lap elə. Deyir ki, bunu aranjeman elətdir, sonra mənə göstər. Deyirəm, mən cibimdən pul verib aranjeman etdirəcəyəm ki, nə var sənə mahnı göstərim? Bunu özümə sığışdırmaram. əgər sən ifaçısansa, mahnı pianinoda ifa olunanda, aranjemanını eşitməlisən. Ona görə də çox vaxt lirik mahnılarımı oxuyurlar, ritmik mahnılarımı fortepianoda başa düşmürlər. Axırda məcbur olub bir sintezator aldım ki, nə yazdığımı başa sala bilim. İnanın ki, onu da başa düşmürlər.
- Ən uzunmüddətli iş birliyiniz hansı sənətçiylə olub?
- Brilyant Dadaşovayla otuz altı mahnı işləmişik. Onlardan iyirmisini səs yazısı var, qalanlarını hələ də saxlamışam. Ürəyim gəlmir ki, həmin mahnıları kiməsə verim. Hikmət məni və kiçik qızımı aparıb onlara qoyurdu. Bir də axşam gəlib götürürdü. Bütün günü mahnıları işləyirdik.
- Həmin iş birliyindən hansı mahnılar doğulub?
- "Arzu", "Mən sənətkaram", "Xəzər", "Gecələr", "Sənə bir sözüm var", "İstiqlal marşı" kimi əsərlər iş birliyimizin nəticəsidir. Ondan sonra Röyayla silsilə mahnılar işləmişik. Faiq Ağayev və Nazpəri Dostəliyevayla isə Hikmətlə birlikdə işləyirdik.
- Bəzən bəstəkarlar deyirlər ki, beş yüz, yaxud yeddi yüz mahnı yazmışam. Maraqlıdır, mahnılarınızın sayını bilirsinizmi?
- Bu yaxınlarda Nərgiz və Çingiz adlı iki nəfər mənə müraciət etdi. Dedilər ki, sizin mahnıları "Youtube" kanalına qoymaq istəyirik. Elə şeylərə səhlənkaram və yaradıcı insanların əksəriyyəti bu cür olur. Mən gətirib kasetləri, mini diskləri, köhnə videokasetləri onlara təhvil verdim. Altı yüz mahnı əvvəlcə, xeylisini də sonra götürdülər. Ümumilikdə 1500-dən çox mahnımız var. Hikmət rəhmətə gedənə qədər çox aktiv idik.
- Bəli, sonradan yaradıcılığınızda sanki durğunluq yarandı...
- Hikmətsizlik, uşaqların təhsil məsələləri, özümün adaptasiya prosesim başımı qatırdı.
- Hansınız daha məhsuldar idiniz?
- Məsələn, bizə şair gəlirdi və fərqli şeirləri seçirdik. Xasiyyətcə şən, məzəli adam idi deyə, şeirlərdə kuryozu tez tuturdu. Mən isə daha çox düşündürücü şeirləri seçirdim. Bir-birimizin həvəsinə yazırdıq. Tutaq ki, mən Brilyant xanımla otuz altı mahnı işləmişəm, amma o, yalnız "Azərbaycan" mahnısını yazıb. Hikmət deyirdi ki, sizdə Brilyant xanımla tandem alınır. Röyanın repertuarında isə Hikmətin də bəstələri var idi.
- Yazdığınız ən bahalı mahnı hansıdır?
- Ooo... Bir mahnıma görə on səkkiz min pul almışam. O qız üzə çıxmadı. "Əlvida" mahnısını ona on səkkiz minə satmışdım. Qızın adı ya Sevil, ya da Sevinc idi. Bərbad gündə oxuyurdu. Hikmət dedi ki, ona qətiyyən mahnı yazmayacağam. Ya vokal müəllimi kimi səsinin üzərində işlə, düzəlt, ya da mənlik deyil, özüm ondan yaxşı oxuyaram. Qıza dedim, ya mənə iyirmi min pul verirsən, mahnı yazım. Qız dedi ki, niyə iyirmi min? Dedim, o mənim dərman pulumdur. Çünki mən hər dəfə sənə qulaq asanda dərman atacağam, səndən yaxşı oxuyuram. Çıxartdı on səkkiz min verdi. Sonradan qız ailə qurdu, uşaqları da var.
Müsahibənin ikinci hissəsində N.Mirməmmədli həyat yoldaşı Hikmət Mirməmmədliylə bağlı xatirələrinə və digər maraqlı məqamlara toxunub.
(Ardı var)