AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"SPACE-dəki həmin verilişə görə materiallar Ağır Cinayətlər Məhkəməsinə göndərildi, iş aldım" — VÜSAL ƏLİYEV İLLƏR SONRA SİRLƏRİ AÇDI

  • + A
  • - A
  • 15-01-2018, 12:51

    "SPACE-dəki həmin verilişə görə materiallar Ağır Cinayətlər Məhkəməsinə göndərildi, iş aldım" — VÜSAL ƏLİYEV İLLƏR SONRA SİRLƏRİ AÇDI














    2000-ci illərdə Azərbaycanda onu tanımayan yox idi. Elə indinin özündə də xüsusən orta yaş nəslinin yadındadır. Bu illər ərzində niyə sənətdən uzaq düşüb? Nə baş verdi ki, birdən-birə şöhrətin zirvəsindən endi?
    "Ölkə.Az"-ın bu və digər suallarını tanınmış müğənni Vüsal Əliyev cavablandırır.

    - Vüsal bəy, 2000-ci illərin ən populyar 2-3 sənətçisindən biri olmusunuz. Birdən-birə nə baş verdi ki, yoxa çıxdınız, gündəmdən uzaqlaşdınız?

    - Mənim ilk albomum 1998-ci ildə çıxıb, yayda iyirmi ili tamam olacaq. İlk albomun bir az səs elədi, bilindi ki, belə bir müğənni var. 1999-cu ildə çıxan "Bəxtsiz gəlin" albomum əməlli-başlı səs-küy yaratdı. 2000-ci ildə "Gülüm" albomu çıxanda mən satışa görə birinci yeri tutdum, 2001-ci ildə Elladayla duetlərimiz çox gözəl qarşılandı. 2004-cü ilə qədər həmin altı il ərzində albom satışında ya birinci olurdum, ya ikinci. Ondan sonra Azərbaycanda "Yeni ulduz", "Azəristar" kimi müsabiqələr başladı. Həmin illərə qədər demək olar ki, efirə çıxmırdım. Üç albomum çıxmışdı, səsimi hamı tanıyırdı, üzümü görməmişdilər. Ondan sonra efirdə görünmək məcburiyyəti yarandı.

    - Bəs ilk dəfə efirə nə vaxt çıxdınız?

    - 2000-ci ildə AZTV-də Yeni il verilişinin çəkilişlərinə çağırılmışdım. Ondan sonra "Səbuhi" studiyasının ATV-də bir verilişi vardı, ora tez-tez çıxırdım. Studiyanın rəhbəriylə o qədər yaxın olmuşdum ki, məni aparıb sexlərini də gəzdirdi. Hətta vaxt olub ki, gedib sexdə mənim albomumu yığan işçilərə kömək də etmişəm. Başqa müğənnilərin kasetlərindən beş yüzünü hazırlayanda, mənim albomumdan ən azı iyirmi min hazırlanırdı ki, bazara çıxaranda ardını çatdıra bilsinlər. Rayonlardan gələn sifarişlərə baxırdım. Birinci yerdə ya mənim, ya da rəhmətlik Şəfanın adı olurdu. Bir gün studiyanın rəhbəri olan Hacı dayıdan soruşdum ki, nə qədər albomum satılır. Dedi ki, yüz min. Sonra maraq üçün bir reyd keçirdik. Bütün studiyalardan mənim fotolarım çıxdı. Yəni, onlar da pirat formada kasetimi buraxırdılar.

    - Bəs eniş necə başladı?

    - Həmin illərdə studiya mənə istənilən qonorarı verirdi. Son iyirmi ildə 17 albom buraxmışam. 2005-ci ildə üç albomum çıxıb. Albomlardan o qədər qonorar qazanırdım ki, başqa işlə məşğul olmağa, toya getməyə, efirə çıxmağa vaxtım olmurdu. O qədər zənglər gəlirdi ki, bir dəfə dostlarıma dedim, telefonumun işığının söndüyünü kim mənə desə, telefonu ona hədiyyə edəcəyəm. Məktubların ard-arası kəsilmirdi. Bütün bunlardan sonra görünməyə ehtiyac yarandı. Allah hamının ölənlərinə rəhmət eləsin. 2003-cü ildə həyat yoldaşımı itirdim. 1998-ci ildə isə dostumun toyunda "Ana" mahnısı oxumuşam. Anam rəqs etdiyi yerdə ürəyi partladı. Yoldaşım qızımın dörd yaşının tamam olduğu gün vəfat edib. Ondan sonra Tümenə, İstanbula getdim, yaşadım.

    - İstanbulda karyeranızı davam etdirdinizmi?

    - Məqsədim o idi ki, fikrim bir az dağılsın.

    - Toylara heç getmirdiniz?

    - Yox, ara-sıra gedirdim. Astaranın Şah ağacı kəndinə toya elə qiymət demişdim ki, Bakıya qayıdıb pulu böləndə musiqiçilərlə mənim payıma eyni məbləğ düşdü. Sadəcə, arzu etmişdilər deyə, həmin məbləğə razılaşmışdım. Piratlar artdı, sosial şəbəkələr yarandı, fləş kartlar, mp3-lər yarandı, hər şey efirə bağlandı. Azərbaycanda belə pis xüsusiyyət var ki, kimin albomu daha çox satılırdısa, kimə çox qulaq asırdılarsa, ona "bozbaş" deyirdilər. Deyirlər ki, filankəsə avtobusda, bazarda qulaq asırlar. Bəs çoxluq hardadır ki? Təbii ki, bu sadalanan məkanlardadır da.

    - 2000-ci illərdə çox populyar olsanız da, ən çox tənqid olunan sənətçilərdən də biri siz idiniz. Sizcə bu nədən irəli gəlirdi?

    - Tam səmimi deyəcəyəm. Verilişlər olurdu ki, ora bəstəkarları dəvət edirdilər. Onlar başlayırdılar sevilən mahnıları tənqid etməyə. Mən yeddi il Bakıda incəsənət gimnaziyasında oxumuşam. Öz yazdığım mahnıyla xalqa xitab edirəm, sevilirəm. Amma o on minə mahnı satır. Həmin bəstəkarlar bizim adımızı "bozbaş" qoyurdu ki, camaat bizə qulaq asmasın, onların on minlik mahnıları satılsın.

    - Söhbət kimlərdən gedir?

    - Bu gün üzdə olan 5-6 bəstəkar var, adlarını çəkməyə gərək yoxdur. Bir adamın albomu çox satılırsa, bu, onun günahıdırmı? Elit təbəqənin sayı o qədər də çox deyil axı. Çox satılmaq üçün maşında da satılmalıdır, bazarda da, avtobusda da. Çoxluq necə ola bilər ki? Türkiyənin səksən milyon əhalisi varsa, onun bir milyonu ziyalı ola bilər də.

    - Sizcə yenə əvvəlki qədər sevilirsiniz?

    - Sosial şəbəkələrdən aldığım mesajlara əsaslanıb deyə bilərəm ki, yenə də sevilirəm. "Instagram"da 100 min izləyicisi olan sənətçilərdən daha çox bəyənmə və xoş sözlər alıram. Halbuki mənim izləyici sayım 24 mindir. "Youtube"a gir, əksər sənətçilər yazılan şərhləri silmək məcburiyyətində qalırlar. Amma mənim heç nəyi silmək məcburiyyətim yoxdur. Çünki kimsə pis söz yazmır, tənqid etmir. O qədər maddi-mənəvi çarəsiz hallarım olub ki, gecənin bir yarısı girib həmin şərhləri oxumuşam, yenidən toparlanmışam.

    - Eşitdiyimə görə bir dəfə xəstəni sizin səsinizlə müalicə ediblər. Doğrudur?

    - Bir jurnalist zəng vurub dedi ki, xəstəxanaya gələ bilərsən. Dedi, burada bir cavan gəlin yatır, stressdən komaya düşüb. Neçə gün ayılmayıb. Anası gəlib həkimə deyib ki, otağa bir maqnitofon, bir də Vüsalın kasetini qoyun, bəlkə ayıldı. Bu haqda o vaxt qəzetdə də yazmışdılar, sübutum var. Məni o gəlinlə görüşdürdülər.
    - Zərərli vərdişlərinizin olmağı barədə də eşitmişəm. Bəlkə bu haqda siz də eşitmisiniz...

    - 2010-cu ildə studiyam vardı, bir layihə hazırladım. Nişanlı olub, evlənməyə maddi imkanları çatmayan on cütlük seçdik. Layihə beləydi ki, hər cütlük üçün bir müğənni pərəstişkarlarından SMS istəyir, gələn SMS-lərin hesabına birinci yeri tutana ev, ikinci yerə avtomobil hədiyyə edirik və hamısının toyu olur. Həmin pulu öz sənətimə xərcləsəydim, tamam başqa cür olardı.

    - Bu layihə hansı telekanalda efirə gedib?

    - Space-də "Sevənlərə hədiyyə" adlı veriliş idi, özüm də yarışırdım. O qədər pul xərclədim ki, axırda borca düşdüm, faizə girdim. İşimi polisə verdilər, materialları toplayıb Ağır Cinayətlər Məhkəməsinə göndərdilər.

    - Söhbət hansı məbləğdən gedirdi?

    - Əlli min manat faizə girmişdim. Həmin vaxt ailə tərkibim nəzərə alınaraq, bir il iş kəsdilər, həbs olunmadım. Amma mənim adımı dələduz qoymuşdular ki, guya qızıl oğurlamışam. "Range Rover Vogue" markalı maşınım, təmirinə əlli min pul qoyduğum studiyam əlimdən çıxdı, bir il iş aldım, adım ləkələndi. Bunun hamısı imkansız insanlara kömək etmək istəyimə görə baş verdi. Lazım olsa, həmin iştirakçıların hamısını yığaram, danışdırarsınız. Həyatda müğənni kimi yox, yaxşı insan kimi tanınmaq istəmişəm. Bu gün də məndən kömək istəyən insanlar var. Allah şahiddir ki, gücüm çatanda taksiylə onlara lazım olanları göndərirəm.

    - Dövlət konsertlərində də ön sıralarda olurdunuz. Hətta Tacir Şahmalıoğluyla bağlı bir maraqlı əhvalat olubmuş.

    - Bəli, Zaqatalada konsertdə idik, payız aylarıydı. Tacir müəllim də ordaydı, Allah qapısını açsın, Fədayə xanım da.

    - Deyəsən siz də girib öz maşınınızda oturubmuşsunuz...

    - (gülür) Onda hələ maşınım yox idi. Tacir müəllim ora "07" ilə gəlmişdisə, deməli, bizdə heç nə yox idi. 2001-ci ilin söhbətini danışıram. Şüşəni döydülər, düşdüm şəkil çəkdirdim. Amma həm də Tacir müəllimin yanında utandım. 2006-cı ildə olmuş bir hadisəni də danışım. Yenidən turne formasında konsertlərə başlamaq istəyirdim. Bu dəfə də Zaqataladan başladım. Getdim icra hakimiyyətiylə görüşdüm, xərcləri hesabladıq. Gəlib Bakıda maraqlandım ki, icra hakimiyyətinin verdiyi pulun üstünə də xeyli pul qoymalıyam. Amma radioda elanlar gedir, kəndlərdə afişalar vurulub ki, Vüsal Əliyev gələcək. İcra başçısının köməkçisinə zəng vurdum ki, konserti təşkil etmək üçün mənə dörd min verirsiniz, amma ümumi xərc on bir minə çıxır. Nəysə, elə alındı ki, konserti təxirə salası olduq. Ancaq radioda bununla bağlı heç nə getmədi, afişalar da yerində qaldı. Həmin gün Zaqataladan mənə zənglər gəlirdi ki, yollarda tıxac yaranıb, yol polisləri yolu aça bilmirlər. İnsanlar kəndlərdən mənim konsertimə gəlirmişlər. Bir dəfə də Saatlıda dövlət konsertindəyik. Təxminən iyirmiyə yaxın müğənninin fotosunun olduğu afişada birinci mənim şəklimi vurublar. Rəhmətlik Şəfa da orda idi. Təsəvvür edin ki, o qədər şəkil çəkdirdilər, müsahibə verdim ki, oxumağa vaxt qalmadı. Bakıya qayıdanda aşıq Əhliman mənə dedi ki, sən get bu xasiyyətlə ya həkim ol, ya da müəllim, bu iş sənlik deyil. İnsanlar mənim fotomu afişada görüb konsertə gəliblər amma dəxilsiz müğənnilər oxudu, mən qaldım qıraqda. Nə qədər uşağa Vüsal adı qoyular, nə qədər insan deyər ki, mən sənə görə Naxçıvanı sevirəm, nə qədər insan deyər ki, bizim sevgi-məhəbbətimiz səninlə başlayıb, sənin disklərinə qulaq asmışıq. Müğənni kimi özümü xoşbəxt sayıram.

    - İndi populyar olan müğənniləri görəndə nə hisslər keçirirsiniz?

    - Sevinirəm və düşünürəm ki, əsas odur, mənim də öz dövrüm olub.

    - Sizcə o populyarlığı yenidən qaytara biləcəksiz?

    - Bir arxa su gəlibsə, bu dəfə sel gələcək (gülür). Çünki mənə gələn on mesajdan səkkizində yazırlar ki, niyə oxumursan? 2001-ci ildə oxuduğum mahnının bir dəqiqəsini "Instagram"a qoyuram, minlərlə baxış olur. Deməli, hələ də yaddaşlardayam.

    - Toylara gedirsinizmi?

    - Bəli, gedirəm. İndi də məni atamın, qardaşımın vasitəsiylə tapırlar.

    (Ardı var...)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR