İbrahim Borçalı: "O vaxt məni bəyənməyənlər indi müəllim deyirlər" — MÜSAHİBƏ
Tanınmış müğənni İbrahim Borçalı "Ölkə.Az"-ın suallarını cavablandırıb.
- İbrahim bəy, çoxdandır görünmürsünüz.
- Mənim çox görünməklə aram yoxdur. Dinləyicilərimi də elə öyrətmişəm. Çox vaxt qastrolda oluram. Ayda iyirmi dəfə efirə çıxsam, dinləyicilərimi də elə öyrəşdirəcəyəm. Bir evə çox qonaq gedəndə əlindən bezərlər.
- Bəlkə düşünürsünüz ki, efirdə çox görüb bezərlər və toya dəvət etməzlər?
- Elə deməzdim. İndi pult insanların əlində, kanallar da çox.
- Albom buraxmaq dövrü geridə qalıb. İndi əsas güvəndiyiniz yer "Youtube"dur?
- Sənətçinin yaddaqalan mahnısı olanda onu axtarıb tapırlar. Rusiyaya gedib gəlirəm, konsertlər təşkil edirəm, toylarda çıxış edirəm. İstənilən tədbirdə "Azərbaycanlıyam"ı oxuyanda, bu, insanlarda ruh yaradır. On yeddi ildir sənətdəyəm. Bu müddət ərzində nə qabaqda getməmişəm, nə orxada-ortadayam.
- Amma yeni başlayanda çox tənqid edilirdiniz...
- Yeni başlayanda özü yazan sənətçiləri tənqid edirlər.
- Özünüzlə bağlı eşitdiyiniz ən sərt tənqid hansı olub?
- Deyirdilər ki, bu nə mahnılardır yazır. Ancaq mənim illər öncə yazdığım mahnılar yaşayır.
- Düşünmürsünüzmü ki, peşəkar musiqiçi yanaşmasında yazdıqlarınız elə də yaxşı bəstələr deyil?
- İbrahim Tatlısəs, Tarkan, Əmrah kimi sənətçilər də Allah vergisiylə yazanlardır. Heç biri konservatoriya oxumayıb.
- Özünüzü İbrahim Tatlısəslə, Əmrahla müqayisə etməyiniz çox böyük səslənmədi ki?
- Onlar da türkdür, biz də türkük. Adını çəkdiyim sənəçilər özləri yazıb tanınırlarsa, biz niyə özümüz yazıb tanınmayaq? Təzə çıxanların başından basaq, bəs sonra? O dövr arxada qaldı. Əvvəl səni bəyənməyən indi müəllim deyə müraciət edir (gülür).
- Hətta...
- Əlbəttə.
- Tələbəniz varmı?
- Tələbəm yoxdur. Sadəcə, müraciət edən gənclərə düzgün yol göstərirəm. Səsi varsa, istiqamət verirəm, səsi yoxdursa, yenə də ürəyini qırmıram. Deyirəm ki, mən məşğul olmuram. Bir də baxırsan ki, həmin səsi olmayan efirlərdədir.
- Sənət aləmində kimlərlə dostluq edirsiniz?
- Hamısıyla yol yoldaşlığımız olub.
- Yol yoldaşlığı məcburiyyətdən də ola bilər. Mən sırf dostluğu nəzərdə tuturam...
- Niyaməddin Musayev, Səyyad Əlizadə, Ağadadaş Ağayev, Elxan Şirinovla dostluq edirəm. Flora Kərimovayla, Aslanla ailəvi yaxınlığımız var. Xumar Qədimova, Elnarə Xəlilovayla da münasibətlərimiz yaxşıdır.
- Azərbaycanda konsert vermək fikriniz var?
- Heç vaxt konserti özüm təşkil etməmişəm.
- Toylara hansı məbləğə gedirsiniz?
- Əvvəl bir az yüksək qiymət deyirdik. İndi insanları nəzərə alırıq. Rayonlara 7-8, Bakı toylarına beş minə toya gedirdik. İndi rayona beş minə, Bakı toylarına dörd minə gedirik.
- Bu sualıma tam səmimi cavab istəyirəm. Bilirəm ki, müğənnilikdən əvvəl yaxşı biznesiniz olub. İndi hamı oxuyur ki, pul qazansın. Sizin isə biznesiniz olduğu halda, nə məcbur etdi ki, oxuyasınız?
- Bizneslə məşğul ola-ola mahnı bəstələyirdim.
- Pianinoda ifa edə bilirsiniz?
- Bəli. Özümü tanıtmaq istədim. Bu düşüncəylə "Borçalı", "Ana laylası", "Mənim həyatım", "Bir dənəmsən" kimi mahnılar yarandı və bu gün də sevilir.