Min ildən artıqdır ki, ənənəvi Çin təbabətində istifadə olunan çoxçiçəkli qırxbuğumun (Polygonum multiflorum) kökü androgenetik alopesiyanın – ən geniş yayılmış keçəllik formasının müalicəsində perspektivli vasitə ola bilər. Bu nəticəyə beynəlxalq tədqiqatçılar qrupu gəlib. Araşdırmanın nəticələri Journal of Holistic Integrative Pharmacy (JHIP) jurnalında dərc olunub.
Kişi və ya qadın tipli keçəllik kimi tanınan androgenetik alopesiya tədricən inkişaf edir. Zaman keçdikcə saç follikulları kiçilir və daha nazik, qısa saçlar əmələ gətirməyə başlayır. Nəticədə saçların böyüməsi zəifləyir və ya tamamilə dayanır.
Hazırda xəstəliyin müalicəsində əsasən finasterid və minoksidil preparatlarından istifadə olunur. Lakin bəzi pasiyentlər mümkün yan təsirlərə görə bu dərmanlardan imtina edirlər. Belə təsirlər arasında finasteridin yaratdığı cinsi funksional pozuntular və minoksidilin səbəb ola biləcəyi baş dərisi qıcıqlanmaları göstərilir.
Yeni icmalın müəllifləri laboratoriya tədqiqatlarının, klinik müşahidələrin və tarixi tibbi mənbələrin nəticələrini təhlil ediblər. Onların məlumatına görə, Polygonum multiflorum keçəlliyin yaranmasına səbəb olan bir neçə mexanizmə eyni vaxtda təsir göstərə bilər.
Androgenetik alopesiyanın əsas səbəblərindən biri saç follikullarının kiçilməsinə səbəb olan dihidrotestosteron (DHT) hormonudur. Mövcud məlumatlara əsasən, bu bitki həmin hormonun təsirini azaltmaq və beləliklə follikulları qorumaq qabiliyyətinə malikdir.
Bundan əlavə, kökün tərkibindəki birləşmələr saç follikulları hüceyrələrinin vaxtından əvvəl məhv olmasının qarşısını ala və toxumaların böyüməsi və bərpasını tənzimləyən Wnt və Shh siqnal yollarını aktivləşdirə bilər.
Tədqiqatçılar bitkinin baş dərisinin qan dövranına da müsbət təsir göstərə biləcəyini qeyd edirlər. Mikrosirkulyasiyanın yaxşılaşması saç follikullarına oksigen və qida maddələrinin çatdırılmasını artıraraq saçların böyüməsi üçün daha əlverişli şərait yaradır.
Bununla yanaşı, alimlər vurğulayırlar ki, bitkinin hazırlanma üsulu böyük əhəmiyyət daşıyır. Ənənəvi Çin təbabətində bu kök adətən xüsusi emaldan keçirilir ki, bu da onun həm effektivliyinə, həm də təhlükəsizliyinə təsir göstərə bilər.
Müəlliflər xatırladırlar ki, təbii mənşə məhsulun yan təsirlərdən tamamilə azad olması demək deyil. Bitkilərin aktiv maddələri insan orqanizminə güclü təsir göstərə bilər və onların xüsusiyyətləri dozadan, xammalın keyfiyyətindən və emal üsulundan asılıdır.