AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan Mədəniyyəti – 2040”: konsepsiya ilə reallıq arasında məsuliyyət imtahanı

  • + A
  • - A
  • 15-01-2026, 11:15

    “Azərbaycan Mədəniyyəti – 2040”: konsepsiya ilə reallıq arasında məsuliyyət imtahanı

    Elnurə Abuşova,
    Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri


    Prezident İlham Əliyevin “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasını təsdiq etməsi dövlətin mədəniyyətə strateji yanaşmasının rəsmi ifadəsidir. Bu sənəd təkcə mədəni irsin qorunmasını deyil, həm də çağdaş dövrdə milli-mənəvi dəyərlərə söykənən müasir mədəniyyət modelinin formalaşdırılmasını hədəfləyir. Ancaq istənilən konsepsiya kimi, onun da taleyi kağız üzərində deyil, icra mexanizmlərində və resursların necə xərclənməsində müəyyən olunacaq.
    2026-cı ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti sahələrinə ayrılan 632,1 milyon manatlıq vəsait ilk baxışdan kifayət qədər ciddi rəqəmdir. Bu məbləğ 2025-ci illə müqayisədə 10,4 milyon manat və ya 1,7 faiz artım deməkdir. Prinsip etibarilə bu artım mədəni mühitin canlanmasına, regionlarda mədəni infrastrukturun güclənməsinə, yaradıcı insanların stimullaşdırılmasına xidmət etməlidir.
    Lakin cəmiyyətin əsas sualı başqadır: bu vəsaitlər doğrudanmı mədəniyyətə gedəcək, yoxsa mədəniyyət adı altında yeyintilərin yeni mərhələsi başlayacaq?
    Əksər sahələrin əsas problemi vəsaitin olması, nəticənin görünməməsidir.
    Azərbaycanın mədəniyyət sahəsində problemi heç vaxt yalnız maliyyə çatışmazlığı olmayıb. Əsas problem pulun kimlərə, necə və hansı meyarlarla verilməsidir. İllərdir eyni simalar, eyni qurumlar, eyni “layihələr” dövriyyədədir. Yeni ideyalar, gənc yaradıcılar, regionlarda fəaliyyət göstərən təşəbbüslər isə ya diqqətdən kənarda qalır, ya da formal şəkildə “statistika xatirinə” xatırlanır.
    Əgər maliyyə axınları yenə də şəxsi münasibətlər, qeyri-şəffaf seçimlər və formal hesabatlar üzərində qurulacaqsa, o zaman 632 milyon manatlıq büdcə mədəni inkişafın deyil, mədəni durğunluğun maliyyə göstəricisi olacaq. Bu halda büdcə artımı sadəcə olaraq ötən illə müqayisədə 10 milyon 400 min manat daha çox israfın rəqəmsal ifadəsinə çevriləcək.
    Gözləntilərimiz nədir?
    Fikrimcə, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasından əsas gözləntilər bunlardır:
    mədəniyyət sahəsində şəffaf və ölçülə bilən nəticələr, regionlarda mədəni həyatın real canlanması, kağız üzərində “tədbir sayı” yox, gənc sənətçilərin, müstəqil teatrların, alternativ mədəni platformaların sistemli dəstəklənməsi, mədəniyyətin yalnız bayram və yubiley ritorikasından çıxarılaraq ictimai həyatın canlı hissəsinə çevrilməsi, mədəniyyətin ideoloji yox, yaradıcı və intellektual sahə kimi inkişafı, qrant müsabiqəsi elan ediləndə dost-tanışa pul paylamağa son qoymaq.
    Konsepsiyanın icrasının Mədəniyyət Nazirliyinə həvalə edilməsi və monitorinqin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılması mexanizm baxımından müsbət addımdır. Amma burada əsas məsələ hesabatların formal yox, məzmunlu olmasıdır. İldə bir dəfə təqdim ediləcək məlumatlar real problemləri gizlədən parlaq təqdimatlar şəklində olarsa, bu mexanizmin də effekti olmayacaq.

    Mədəniyyət vitrin deyil, dəyərdir. Onu yalnız sərəncamlarla, büdcə rəqəmləri ilə inkişaf etdirmək mümkün deyil. Əgər “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası şəxsi maraqların, qapalı çevrələrin və formal yanaşmanın alətinə çevrilməyəcəksə, bu sənəd həqiqətən də tarixi əhəmiyyət daşıya bilər.
    Əks halda isə, cəmiyyət haqlı olaraq bu sualı verəcək: mədəniyyət üçün ayrılan milyonlar mədəniyyəti inkişaf etdirdi, yoxsa sadəcə olaraq bölüşdürüldü?


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR