Əsl adı Ələsgərmiş, amma Fərəc deyərmişlər. Tanımazsız, qoruq-qaytaqlar başına elə oyun açmayıb ki! Məşhur Nağıyevlər nəslindəndi. Lap dəqiqi, Ağa Musa Nağıyevin qardaşı oğludu…
Fərəc – kədərdən sonrakı sevinc
1902-ci ildə Ağa Musanın oğlu İsmayıl (Bu həmin İsmayıldı ki, atası onun xatirəsinə 1907-1908-ci illərdə xeyriyyə məqsədiylə böyük bir bina tikdirir. Həmin bina “İsmailiyyə” adlanır. İndiki Elmlər Akademiyasının Rəyasət Heyətinin binası) dünyasını dəyişir. Düz bir ildən sonra bu ocaqda bir oğlan uşağı doğulur. O vaxt Ağa Musa Nağıyev xaricdə səfərdəymiş, ona görə də uşağın doğulduğundan çox gec xəbər tutur. Qayıdıb gələndə görür ki, qardaşının evində bir körpə var. Adını da Ələsgər qoyublar. Sevinir, amma deyir ki, nahaq məni gözləməmisiz, adını Fərəc qoyardım. Fərəc – kədərdən sonra gələn sevinc deməkdi. Allah onu İsmayılın əvəzinə göndərib… Beləcə doğma övladlarını itirən Ağa Musa Nağıyev qardaşı oğlunu özünə varis edir…
Elə o vaxtdan da balaca Ələsgər dönüb olur Fərəc.
Dilarə Nağıyeva (qızı):
– Ağa Musa atamı çox istəyirdi. Biz balacaydıq, xarici bankdan atamın adına Ağa Musanın əmanətdəki pulunun vərəsəlik sənədi gəlmişdi. Səhəri gün atamı NKVD-yə çağırdılar. Özü danışırdı: deyirdi, bütün gecəni yatmadım, səhəri dirigözlü açdım. Üstümə üç yorğan atmışdılar, yenə də tir-tir əsirdim. Durub gedəndə evdəkilərlə vidalaşdım ki, bilmək olmaz, bəlkə, heç geri qayıtmadım. Deyirdi, NKVD-nin dəhlizindən keçəndə elə bil divarlar məni sıxırdı. İnanmırdım ki, bu divarlar məni evə qayıtmağa qoyacaq. Bilirdim ki, bu pulun axırda bir xatası olacaq.
Atam NKVD-də yaxın qohumumuza rast gəlir. Həmin adam sakitcə yaxınlaşıb deyir ki, pulu başından elə, yoxsa pis olacaq. Atam da gedib sənədə qol çəkir ki, ona bu pulun bir qəpiyi də lazım deyil, hamısını yetimxanalara verir. Amma o vaxt özümüzın pula ehtiyacı vardı. Nəyimiz vardısa, hamısını talayıb aparmışdılar.
“Soyadımız başımıza bəla olmuşdu”
Sənətə gələndə cavanmış: cəmi 17-18 yaşı varmış. “Tənqid-təbliğ” Teatrından başlayır. Hələ qismətinə epizodik rollar düşür…
Sonrasa Bakı Xalq Teatrında işləyir. Düz 1928-ci ilə kimi. Bir il sonrasa…
– Həmin ildən atamın səyyar həyatı başladı. Bakıda işləməyə imkan vermirdilər. Bir rayonda yerini rahatlayan kimi ordan çıxarıb başqa yerə göndərirdilər. Salyana, Sabirabada, Şəkiyə, Dərbəndə, Aşqabada… Hərəmiz bir tərəfdə doğulmuşuq. Soyadımız başımıza bəla olmuşdu. Bir yandan da qaçaqlar. Anam danışırdı ki, tez-tez üstümüzü qaçaqlar alırdı. Deyirdilər, Murovdağdan gəliblər. Bir dəfə qaçaqlar evimizi mühasirəyə alır. O vaxt anam qucağı uşaqlıymış. Uşağı da, anamı da balışların altında gizlədiblər ki, qaçaqların əlinə keçməsin.
Aktyor, rəssam, rejissor…
Fərəc 1932-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Üç sənətin sirlərini öyrənir: aktyorluq, rəssamlıq, rejissorluq.
– Atam harda işləyirdisə, teatrın yükü onun üstünə düşürdü. Rəssamlıq eskizlərindən tutmuş, aktyorların paltarlarına kimi hamısını özü hazırlayırdı. O vaxt Sabirabad, Salyan, Aşqabad, Dərbənd, Nuxa teatrlarını yaradanlardan biri də atam olub. Sabirabad teatrında işləyəndə Lütfiyar İmanov hələ tanınmırdı. Atam ona rollar verib, qabağa çəkib, sənətə gətirib. Deyirdi ki, Rübabə Muradovanın, Münəvvər Kələntərlinin tanınıb üzə çıxmasında da köməyi çox olub.
…Bir günsə Fərəc Nağıyevin Bakıdakı evini əlindən alırlar. Bu işdə Mir Cəfər Bağırovun xüsusi tapşırığı olur:
– Atam nə qədər çalışırsa, bir şey çıxmır. Deyirlər, sənin evə ehtiyacın yoxdu. Beş uşaq, atam, anam… belə böyük külfətə ev lazım deyildimi? Axır ki, 50-ci illərdə birdəfəlik Bakıya qayıdandan sonra evimizin bir otağını geri ala bildik. Həmin vaxtlar atam Bakı Xalq Yaradıcılıq Evində rejissor, baş metodist işləyib. Sənətinin dəlisiydi, vəzifə-filan istəyində deyildi. Amma heç vaxt qədir-qiyməti bilinmədi. Şeir də yazırdı, hərdən bizə də oxuyardı. Adil İsgəndərovun vaxtında “Xırs – quldurbasan” tamaşasının əvvəlinə və axırına şeir yazmışdı. 1961-63-cü illərdə dənizkənarı parkdakı Estrada Teatrında işlədi. Orda da öz şeirləri ilə çıxış eləyirdi, duzlu, məzəli… Elə həmin vaxtlar Bakı Xalq Yaradıcılıq Evində lal-karlarçün də teatr təşkil eləmişdi. Orda rejissor kimi də işləyirdi.
1973-cü il. Bu tarix ağır sınaqlardan çıxan ailəyə daha bir bəla gətirir. Ailənin başçısı – Fərəc xərçəng xəstəliyinə tutulmuşdu…
– Ruxsarə xanım bizə gəlmişdi. O, Azərbaycanda ilk qarmonçalan qadın olub. Pianoda da yaxşı çalırdı. Həm də böyük bir nəslin qızıydı, Mirzəbəyovlardanıydı. Ruxsarə xanımın atamla arası yaxşıydı, dostluqları tuturdu. Eşitmişdi ki, Fərəc xəstədi, durub gəlmişdi. Atamın kefini açmaqçün “Leyli və Məcnun”dan bir musiqi çaldı. Atam da oxudu. Səsi adamın ürəyini parçalayırdı. Biz onu oxuyan görməmişdik. Yəqin, bilirmiş ki, ömrünə az qalıb…
Fərəcin ölümü ömür-gün yoldaşı Zəhra xanımçün çəkilməz dərd oldu. Düz 20 il hər ay qəbrini ziyarət elədi. 1992-ci ildəsə həmişəlik yanına köçdü.
Xoş sonluq
…Yazını ölümlə qurtarmaq istəmirəm. Dilarə xanım ata-anasının nağılabənzər sevgisindən danışdı mənə. Mən də sizə danışım:
Fərəcin 9, Zəhranın da 4 yaşı varmış. Fərəcin anası Məşədi Balacaxanımın gözləri tutulur. Heç kəs dərdinə dərman eləyə bilmir. Bir gün Zəhranın nənəsi Məsməxanım Məşədi Balacaxanımgilə gəlir. Arvadı görür, deyir, mən səni sağaldaram. Başlayır türkəçarəyə. Bir müddət sonra Balacaxanımın gözləri açılır. Sevindiklərindən öz aralarında danışırlar ki, gəl qohum olaq. Məsməxanım deyir ki, mənim 8 qız nəvəm var, birini sənin oğluna verirəm. Məşədi Balacaxanım oğlunu götürüb gedir qızlardan birini bəyənməyə. Səkkiz qızı düzürlər sıraya. Fərəcə deyirlər, bu qızların hansı sənin olsun? Fərəc də hamısına baxır, axırda əliylə Zəhranı göstərir. Zəhra, doğrudan da, qızların ən gözəliymiş. O gündən 4 yaşlı Zəhrayla 9 yaşlı Fərəci nişanlayırlar. Uşaqlar yavaş-yavaş böyüyür. Ağılları kəsəndə bir-birilərini sevirlər. Fərəc evdəkilərdən xəlvət nişanlısını teatra apararmış. Zəhranın balaca bacısına da şirnidən-konfetdən alıb tapşırarmış ki, birlikdə teatra getdiklərini atasına deməsin. Fərəc Zəhranı hər kəsə qısqanırmış. Onun paltarlarını da özü tikirmiş ki, qadının bədəninə özgə əli dəyməsin.
P.S. Ötən əsrin əvvəllərində Bakının neft milyonçularından olmuş Ağa Musa Nağıyevin iki övladı dünyaya gəlib – Ümbülbanu və İsmayıl. Hər ikisi dünyadan vaxtsız köçüb. Deyilənə görə, hər iki övladını itirəndən sonra Ağa Musa çox pis hala düşür. Nə milyonlar, nə sərvət, nə tikdirdiyi dəbdəbəli binalar onun gözünə görünür. Onun bu halını görən qardaşı Ağa Əli məsləhət görür ki, 4 oğlundan birini özünə övladlığa götürsün. Həmin vaxt Ağa Əlinin həyat yoldaşı 5-ci uşağa hamilə imiş. Ağa Musa isə deyir, bu doğulacaq uşağı verərsən mənə. Qardaşı qayıdır ki, birdən qız oldu? Ağa Musa deyir, eybi yox, qismət Allahdandır! Elə olur ki, oğlan doğulur – 1903-cü il dekabrın 5-də (Ağa Musanın İsmayıl oğlu 1902-ci ildə dünyasını dəyişmişdi). Ağa Musa yeni doğulan uşağa Fərəc adını verir. Mənası – kədərdən sonra gələn sevinc deməkdir. Bundan sonra İsmayılın kədərini, azacıq da olsa, unudur və sevincini balaca Fərəcdə tapır.
modern.az