Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin ən böyük himayədarı” adlı müsabiqə-sərgi keçirilib. Tədbirdə 2 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi və AMK İncəsənət Gimnaziyasının şagirdləri, gənc rəssamlar, incəsənət xadimləri, muzey əməkdaşları və KİV nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli yolu, müstəqillik tariximizi gələcək nəsilə əyani aşılamaq və bu tarixi əks etdirən istedadlı uşaqların 30-a yaxın rəsm əsəri və əl işlərini təqdim etməkdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov açaraq, tədbirin əhəmiyyəti və Heydər Əliyevin mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edib. F.Cabbarov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar muzeydə, yaxud muzeydənkənar mütəmadi maarifləndirici tədbirlər keçirilir.
Sonra muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi, müsabiqə-sərginin kuratoru Aynur Babayeva fotoslaydın müşayiəti ilə çıxış edərək, Heydər Əliyevin Azərbaycan muzeylərinin inkişafındakı rolu və müsabiqə haqqında iştirakçılara ətraflı məlumat verib. Daha sonra iştirakçılar Heydər Əliyevin çıxışı və onun fəaliyyəti ilə bağlı videoçarxı izləyiblər.
Sonra İncəsənət Gimnaziyasının kiçikyaşlı ifaçısı Heydər Əliyevə həsr olunmuş musiqi nömrəsi ilə çıxış edib.
Onu da qeyd edək ki, tədbirdə dəyərli incəsənət xadimlərindən ibarət münsiflər heyəti: Əməkdar incəsənət xadimi, "Sənətşünaslığın təbliği" İctimai Birliyinin sədri, s.ü.f.d., professor Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Azərbaycan Respublikasının xalq rəssamı, professor Ağaəli İbrahimov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru Nigar Quluzadə, muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, sənətşünas Gülşən Hacıyeva. muzeyin Təsviri incəsənət fondunun müdiri, m.ü.f.d. Nardanə Yusifova iştirak ediblər.
Tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar. Təqdim olunmuş işlər haqqında müzakirələrdən sonra münsiflər heyəti 3 nəfər qalib seçib və 4 nəfərə həvəsləndirici yerlər veriblər.
I yerin qalibi AMK İncəsənət Gimnaziyasının şagirdi 12 yaşlı Sofiya Aslanova H.Əliyevin büstünü hazırlayıb təqdim etmişdir. II yerə AMK İncəsənət Gimnaziyasının şagirdi 8 yaşlı Fatimə Musayeva və III yerə gənc rəssam Nargilə Ələsgərova layiq görülmüşlər. Qaliblər Fəxri Fərmanla təltif olunub və onlara muzeyin xüsusi hədiyyələri təqdim edilib. Bütün işçtirakçılara isə fəal iştirakına görə sertifikatlar verilib