Anar Məmmədov
Milli Məclisin deputatı30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən Ermənistan 44 günlük müharibədə məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirir. Belə ki, təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, o cümlədən mülki təyinatlı infrastrukturlara minalar yerləşdirib. Ötən gün ki jurnalistimiz və icra nümayəndəsinin müavini minaya düşərək həlak olmuşlar, bəzi insanlar da ağır yaralanıb. Bununla da Ermənistan Azərbaycan ərazilərində basdırdığı minaların xəritələrini təqdim etməkdən boyun qaçırmaqla növbəti hərbi cinayət törədir.
Son 5 ay ərzində 40-dan çox mülki şəxs azad edilmiş ərazilərdə minaya düşərək həlak olub və ya ağır yaralanıb. Minalar hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə basdırılıb. Onlar bunu məqsədli şəkildə ediblər, məqsəd də, təbii ki, daha çox insanın həlak olmasıdır. Azərbaycan 10 noyabr Bəyanatına əsasən, bütün işlərin həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik göstərsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir. Xəritələri verməkdən boyun qaçırmaq isə birbaşa beynəlxalq hərbi cinayətdir. Belə hal artıq bir neçə dəfə baş verib.
Bu gün hər kəs bu faciənin günahkarının mina xəritəsini israrla Azərbaycana təhvil verməyən Ermənistan hakimiyyətinin olduğunu bəyan edir. Lakin əfsuslar olsun ki, yenə də radikal müxalifət düşərgəsinin təmsilçiləri öz ənənəsinə uyğun olaraq antimilli mövqe nümayiş etdirir. Belə ki, “beşinci kolon” nümayəndələri indi də insanların faciəvi ölümü üzərindən oyun oynayıb, ictimai rəyi çaşdırmağa cəhd göstərir, ermənipərəst qüvvələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməkdə davam edirlər. Bu isə onların xaricdən yeni təlimat aldıqlarına işarədir. Təbii ki, radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır.
Özlərini xalqa “vətənpərvər” kimi təqdim edənlər artıq uzun müddətdir ki, müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz xarici himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər.
Lakin Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdi. 1992-ci il mayın 15-də AXC-”Müsavat” cütlüyünün qanunsuz yolla hakimiyyətə gəlməsindən iki gün sonra strateji əhəmiyyət kəsb edən Laçın rayonu Ermənistan tərəfindən işğal olundu.
Hansı ki, məhz Laçının işğalından sonra Ermənistanla Dağlıq Qarabağ separatçıları arasında birbaşa kommunikasiya açıldı. 1993-cü ilin aprelində isə Kəlbəcər kimi böyük rayon işğal olundu. Bu azmış kimi həmin ilin iyun ayında ölkədə başlanmış siyasi böhran, daxili qarşıdurmalar nəticəsində əsgərlərimizin qanı-canı hesabına azad olunmuş bəzi ərazilər də düşmən tərəfindən yenidən işğal olundu. Üstəlik, bir neçə rayon da ermənilər tərəfindən qəsb edildi. Bu torpaqları məhz indiki iqtidar düşməndən geri aldı.
Əvvəllər də radikal müxalifət təmsilçilərinin ümummilli və ümumdövlət əhəmiyyətli heç bir məsələdə heç bir zaman konkret və birmənalı yanaşması olmamışdır. Hazırki vəziyyətdə 30 ildən bəri Ermənistanın işğalı altında qalan ərazilərimizin işğaldan azad edilməsi, Azərbaycan Prezidentinin nüfuzunun artması, Dağlıq Qarabağ problemi kimi çətin və qəliz bir məsələnin məhz bu iqtidarın hakimiyyəti dövründə həll edilməsi, Qarabağda abadlıq və quruculuq işlərinə start verilməsi və s. digər məsələlər Arif Hacılı kimi müxalifət nümayəndələrini kəskin narahat edir. Onlar narahat olduğu qədər də öz məqsədlərinə çata bilməyəcəklərini anlayırlar. Bunun üçün də canfəşanlıq edib yenə də aranı qatırlar.